Türkiyə və Ermənistan nümayəndələri 500 dəfə telefonla danışıb -

Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesi növbəti mərhələyə keçib.

Metbuat.az xəbər verir ki, bunu “Hürriyyət”ə Türkiyə Xarici İşlər Nazirliyinin adını açıqlamayan səlahiyyətli diplomatı bildirib.

O deyib ki, iyul ayında münasibətlərin normallaşması üzrə xüsusi nümayəndələr Serdar Kılıç və Ruben Rubenyan arasında baş tutmuş görüşdə sərhədlərin üçüncü ölkə vətəndaşlarına açılmasına dair razılıq əldə olunub. Bu konteksdə texniki nümayəndələrin müəyyən addımlar atması və yol xəritəsi hazırlaması gözlənilir.

XİN əməkdaşı xatırladıb ki, xüsusi nümayəndələr 1 dəfə Rusiyanın paytaxtı Moskvada, 3 dəfə Avstriyanın paytaxtı Vyanada görüşüblər. Həmçinin S.Kılıç və R.Rubenyan arasında 500 dəfə telefon danışığı olub.

Diplomat deyib ki, xüsusi nümayəndələr arasında səmimi dialoq mühiti yaranıb: “Erməni siyasətçi Serdar Kılıça telefonla danışan zaman türkcə salam verib. İlk mərhələdə böyük gözləntilər ortaya qoyub, böyük məyusluğa uğramaqdansa, Ermənistanla addım-addım irəliləmək barədə razılığa gəldik. Etimad mühitini artıran addımlar üzərində işlənilir. Bunların arasında humanitaryönümlü addımlar da var. Sərhəd keçidləri mövzusunda məsələlərin həllini tapması üçün daha uzun müddətə ehtiyac ola bilər. Buna meydandakı şərtlər də icazə verməlidir”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR