Ermənilərin “​Surmalu” dedikləri tarixi torpağımız SÜRMƏLİ - Ekspertdən TARİXİ DETALLAR

Ötən gün Ermənistanın paytaxtı Yerevanda “Surmalu” topdansatış mərkəzində partlayış baş verib. Hadisədən sonra “Surmalu” adlanan yerin tarixən Azərbaycanın bir parçası olan Sürməli bölgəsi olduğu məlum olub. Görünür ermənilər zamanla tarixi torpaqlarımızın adlarını belə məkanlarına verməklə özünküləşdirmə siyasətlərinə davam ediblər.

Bu barədə daha ətraflı məlumat almaq üçün tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadə ilə söhbət etdik. Alim Metbuat.az-a bildirdi ki, Sürməli indiki Iğdır və ətraf bölgələrin tarixi adıdır. Müsahibimiz deyir ki, ermənilər hətta ticarət mərkəzlərinə ad verərkən belə tarixi torpaqlarımıza iddia edirlər.

Elnur Kəlbizadə

“Sürməli tarixin müxtəlif dövrlərində inzibati baxımdan Azərbaycanın Naxçıvan bölgəsinə aid olub. İndi əsasən Türkiyə Cümhuriyyətinin ərazisini əhatə edən ərazilərdir. Bu barədə 2016-cı ildə nəşr olunmuş "Naxçıvanın tarixi coğrafiyası (XII-XVIII əsrin I yarısı)" kitabında daha ətraflı yazılıb. Bildirmək istəyirəm ki, bu dövrdə müdafiə qabiliyyətinə görə seçilən qalalardan biri də Sürməli qalası olmuşdur. Sürməli qalası və ətraf ərazilər hələ Alp Arslanın Anadoluya yürüşləri ərəfəsində (1064) oğlu Məlikşahın rəhbərlik etdiyi türk ordusu tərəfindən fəth edilərək Naxçıvan əmirinin idarəsinə verilmişdi. Orta əsr mənbələrinin bir çoxunda bu qaladan "müsəlmanların sərhədyanı dayağı" kimi bəhs olunur. Akademik Nailə Vəlixanlı yazır ki, Səlcuq Sultanı Alp Arslan 1063-cü il yürüşü zamanı Naxçıvana gəldikdən sonra səlcuqlar "müsəlmanların sərhədyanı dayağı" olan iki qalanı (Sürmərini və Qarabağı) tutur və "əsgərlərlə, sursatla, pulla və silahla təmin edib, Naxçıvan əmirinin sərəncamına verirlər". Sürməri qalasının monqollar dövründə dağıntılara məruz qalmasına baxmayaraq qala haqqında XIV əsr müəllifi Nizaməddin Şami Əmir Teymurun yürüşlərindən bəhs edən “Zəfər-namə” əsərində məlumat vermişdir. 1386-cı il hadisələri haqqında müəllif yazır: “Əmir Teymur o yazı Təbriz və ətrafında keçirdikdən sonra Naxçıvan yolundan yola düşüb Qərbi qalasına gəldi. Buranı müharibəyə girişərək zəbt etdi. Buranın başçısı olan Şeyx Həsəni tutub Əmirin yanına gətirdilər. Bundan sonra Sürməri qalasına gələrək, onu müharibə ilə zəbt edib yıxdıqdan sonra bu qövmün böyüyü olan Tutan adındakı türkməni tutdular. Bundan sonra oradan köçüb Qars qala və içqalasına gəlib bunun da ətrafını ələ keçirdilər”.

Elnur Kəlbizadə qeyd etdi ki, Nəsəvi Sürməlini Azərbaycanın mahallarından biri kimi göstərmiş, Sürməli hakimlərinin Naxçıvanla bağlılıqları haqqında məlumat vermişdir. E.Kəlbizadə onu da bildirdi ki, “Əcaib əd-dünya” əsərində isə Sürməli əhalisinin məşğuliyyəti haqqında məlumat verilir. Məlumatlardan aydın olur ki, Sürməlidə bu zaman sənətkarlıq xüsusilə yüksək səviyyədə inkişaf edib.

“Burada silahqayırma sənətkarlığı seçilirdi. Maraqlıdır ki, əsərdə bu şəhərin qala kimi təsviri verilmiş və yerli müsəlman əhalinin bir sıra maraqlı xüsusiyyətlərindən də bəhs edilmişdir: “Bu şəhər Araz çayının sahilində yerləşir. Buradan yaxşı müdafiə olunan yer həmin tərəflərdə yoxdur. Şəhərdən kənarda tikililər, bazar və evlər var. O, türklərin yaşayış məskənidir, orada hər zaman bolluqdur. Əhalisi müsəlmandır, igid və cəsurdurlar, din uğrunda savaşarlar, qazidirlər. Oranın əhalisi şərab içir, əl və saçlarına xına qoyurlar, lakin eyni zamanda namaz da qılırlar””.

Qeyd edək ki, Rusiya İmperiyasının 1897-ci il siyahıyaalınmasına əsasən, Sürməlu qəzasında 47min 269-u kişi və 41min 786-sı qadın olmaqla 89 min 055 nəfər əhali yaşayırmış. Əhalinin çoxu Azərbaycan dilində danışıb. Həmin illərdə burada erməni və kürd dilli azlıqlar da yaşayıblar. İranın İrəvan xanlığının bir hissəsi olan Sürməlu 1826-28-ci illər Rus-Fars müharibəsindən sonra Türkmənçay müqaviləsinə əsasən Rusiya imperiyası tərəfindən ilhaq edilib.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR