"ABŞ və Fransa dünya ictimaiyyətinə əsl üzünü göstərdi" -

Xəbər verdiyimiz kimi, Avqustun 27-də Şuşada Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, minalardan təmizlənməsi, münaqişədən sonrakı dövrdə şəhərsalma potensialından istifadə və beynəlxalq əməkdaşlıq imkanlarına həsr olunmuş konfrans keçirilib. Konfransda Azərbaycanda akkreditə olunmuş, eyni zamanda, Ankarada, Tehranda və Moskvada fəaliyyət göstərən qeyri-rezident səfirlər, beynəlxalq diplomatik korpusun digər nümayəndələri, hərbi attaşelər, beynəlxalq təşkilatların təmsilçiləri, Türkiyə Xarici İşlər Nazirliyinin və digər dövlət qurumlarının yüksək vəzifəli şəxsləri də olmaqla ümumilikdə 160-dan çox nümayəndə iştirak etsə də, ABŞ və Fransa diplomatları iştirakdan imtina edib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbəsinin müdiri Hikmət Hacıyev konfransda çıxışı zamanı ABŞ və Fransa səfirlərinin Şuşada keçirilən beynəlxalq konfransda iştirak etməməsinə münasibət bildirib. "Dəfələrlə dəvət olunmalarına baxmayaraq, ABŞ və Fransa səfirləri Şuşaya səfər etməkdən imtina edirlər. Bu, onların Azərbaycanın ərazi bütövlüyünü tanımaması kimi qiymətləndirilməlidir”, - deyə H.Hacıyev qeyd edib.

ABŞ-ın Azərbaycandakı səfirliyinin Hikmət Hacıyevin açıqlamasına cavabı isə “Amerika Birləşmiş Ştatları səfirliyinin əməkdaşları Ağdam, Zəngilan və Füzuli də daxil olmaqla, Azərbaycanın bütün bölgələrinə geniş şəkildə səfərlər ediblər və etməkdə davam edirlər. Səfirliyin əməkdaşları təhlükəsizlik, səhiyyə, enerji və iqtisadi inkişaf kimi mühüm məsələlərdə Azərbaycanla əlaqə qurmaq üçün ölkənin bütün bölgələrinə səfərlər edir”, - kimi olub. Bu fikirlərdə də Şuşada keçirilən konfransdan niyə imtina edildiyi açıqlanmır.

Mövzuya münasibət bildirən politoloq Turan Rzayev hesab edir ki, göründüyü kimi, söhbət Şuşa səfərindən imtinadan getdiyi halda səfirlik cavabında işğaldan azad olunmuş digər bölgələrdən bəhs edir. ABŞ səfirliyi “Ağdam, Zəngilan və Füzuli də daxil olmaqla Azərbaycanın bütün bölgələrinə səfərlər edib” deyərərək əslində növbəti dəfə və daha açıq formada Azərbaycanın ərazi bütövlüyünü sual altında qoyur.


“Səfirliyin verdiyi bu açıqlamadan üç nəticəyə gəlmək olar: Birincisi, ABŞ əslində Şuşa, Hadrud və digər ərazilərin Azərbaycanın “bütün ərazilərinə” aid olmadığını düşünür və bunu dolayı yolla bu cür ifadə edir. İkincisi, ABŞ səfirliyi Şuşaya getməkdən imtina edərək erməni separatizmini stimullaşdırmağa çalışır. Təsadüfi deyil ki, diplomatlarının Şuşaya getməkdən imtina etməsindən sonra erməni separatçılarının təmsilçiləri ard-arda ABŞ və Fransanın Azərbaycandakı səfirlərinin ünvanına təriflər yağdırırlar. Üçüncüsü, ABŞ və Fransa diplomatları işğaldan azad edilmiş ərazilərə səfər etməyərək vəziyyət stabilləşəndən sonra status barədə danışıqlar aparmaq niyyətində olduqları mesajını verirlər”.

Bu hadisələrin kökündə ABŞ və Fransada fəaliyyət göstərən erməni lobbisinin hər hansı bir müdaxiləsinin ola bilmə ehtimalı da düşündürən suallardandır.

Metbuat.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov bildirdi ki, Amerika Birləşmiş Ştatları və Fransa Azərbaycan torpaqlarının 30 il işğal altında olmağı faktoruna qarşı təəssüf ki, heç bir praktik addımlar atmamaqla bərabər, Ermənistana qarşı da hansısa ciddi iqtisadi, siyasi sanksiyalarla təzyiq etməmişdi. Politoloq deyir ki, 44 günlük Vətən müharibəsi dövründə də ABŞ Fransa və Qərb dairələri Azərbaycanın haqlı işini dəstəkləmək əvəzinə erməni lobbisinin yedəyində özünü aparmağa çalışırdı. Ona görə də ABŞ və Fransa səfirlərinin Şuşadakı tədbirdən imtinasının həm də birbaşa erməni lobbisi ilə bağlı olan bir məsələ olması variantı istisna deyildir.

Ictimai sabitlik deyerdir! - Tural İsmayılov yazır

Tural İsmayılov

“Çünki həm Fransada, həm Amerika Birləşmiş Ştatlarında bir çox yüksək rütbəli siyasətçilər erməni lobbisi qruplarının maliyyə təsirləri altındadır. Eyni zamanda həm ABŞ, həm də Fransa erməni diasporasının Qərbdə ən çox mənzilləndiyi və ciddi şəkildə kompaktlaşdığı ölkələrin ilk başında yer alır.

Hesab edirəm ki, həm Fransanın, həm ABŞ-nin Azərbaycan- Ermənistan münaqişəsi ilə bağlı ortaya qoyduğu mövqe həmişə erməni lobbisinin maraqlarının nəzərə alınması ilə müşahidə edilibdir”.

Müsahibimiz qeyd etdi ki, Şuşada keçirilən konfransda iştirak etməmək ilə bütövlükdə demokratiyadan, insan haqlarından, dövlətlərin suveren hüquqlarının müdafiəsindən danışan hər iki ölkə növbəti dəfə dəyərlərin əslində necə riyakarcasına istismar edildiyini ortaya qoymuş oldu. T. İsmayılov bildirdi ki, sözdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən hər iki ölkə Azərbaycan ərazisində keçirilən hansısa bir tədbirdən imtina edir və bu tədbirlərdə iştirak etməməyə çalışır.

"Ona görə hesab edirəm ki, ABŞ və Fransa bu addımları ilə növbəti dəfə təkcə Azərbaycan xalqına deyil, dünya ictimaiyyətinə əsl simalarını nümayiş etdirmiş oldular", - deyə politoloq fikrini yekunlaşdırıb.

Məlumat üçün bildirək ki, Şuşada Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, minalardan təmizlənməsi, münaqişədən sonrakı dövrdə şəhərsalma potensialından istifadə və beynəlxalq əməkdaşlıq imkanlarına həsr olunmuş konfrans çərçivəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyev, Türkiyədə və Azərbaycanda fəaliyyət göstərən və ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, o cümlədən xarici ölkələrin səfirləri və beynəlxalq təşkilatların təmsilçiləri iştirak edirlər. Konfransda Azərbaycanda akkreditə olunmuş, eyni zamanda, Ankarada, Tehranda və Moskvada fəaliyyət göstərən qeyri-rezident səfirlər, beynəlxalq diplomatik korpusun digər nümayəndələri, hərbi attaşelər, beynəlxalq təşkilatların təmsilçiləri, Türkiyə Xarici İşlər Nazirliyinin və digər dövlət qurumlarının yüksək vəzifəli şəxsləri də olmaqla ümumilikdə 160-dan çox nümayəndə iştirak edir. Nümayəndələr arasında Avropa İttifaqının, BMT-nin və bu təşkilatın Qaçqınlar üzrə Ali Komissarlığının, BMT-nin Uşaq Fondunun, İnkişaf Proqramının, Əhali Fondunun, Dünya Bankının, Türk Dövlətləri Təşkilatının, Türk Mədəniyyət və İrsi Fondunun, TÜRKSOY-un, Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın, Avropa Yenidənqurma və İnkişaf Bankının, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun, Beynəlxalq Miqrasiya Təşkilatının, Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin nümayəndəliklərinin rəhbərləri, bütün qitələri əhatə edən, o cümlədən Böyük Britaniya, Niderland, İsveç, Danimarka, Belçika, Almaniya, İtaliya, Müqəddəs Taxt-Tac, Macarıstan, Portuqaliya, Polşa, Çexiya, İran, Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn, Çin, Filippin, Avstraliya, Yeni Zelandiya, İndoneziya, Kanada, Dominikan, Qvineya, Salvador, Meksika, Panama, Argentina, Braziliya, Qvatemala, Uqanda, Ruanda, Sudan, Çad, Kamerun, Namibiya, Mərakeş, Liviya və digər ölkələrin səfirləri, səfirliklərinin əməkdaşları və hərbi ataşeləri yer alıblar.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR