Xəbər verdiyimiz kimi, avqustun 27-də Şuşada işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma sahəsində görülən işlər və planlar, postmünaqişə dövründə minatəmizləmə əməliyyatları və şəhərsalma potensialının istifadə edilməsi, ümumi beynəlxalq əməkdaşlıq imkanlarına həsr olunmuş konfrans işə başlayıb.

Metbuat.az xəbər verir ki, Fransa və ABŞ səfirlikləri Şuşada keçirilən mötəbər tədbirə dəvət olunmalarına baxmayaraq, iştirakdan imtina ediblər. Prezidentin köməkçisi Hikmət Hacıyev konfransda çıxışı zamanı bunu ərazi bütövlüyümüzə hörmətsizlik kimi qəbul edildiyini bildirib:

“Fransa və ABŞ-ın Azərbaycandakı səfirləri bu gün Şuşada deyillər. Onlar Azərbaycan hökumətinin dəvətinə açıq şəkildə etinasızlıq göstərdilər. Biz bunu ərazi bütövlüyümüzə qarşı hörmətsizlik kimi qəbul edirik. Çünki bu ölkələrə görə münaqişə hələ bitməyib”.

O əlavə edib ki, Fransa və ABŞ ATƏT-in Minsk qrupunun həmsədri kimi münaqişəyə töhfə verməyib: "Onlar 30 il bizim, Azərbaycanın zamanını itirdilər. Bu səfərə qoşulmamaqla onlar bir daha etinasızlıq nümayiş etdirdilər".

Qeyd edək ki, beynəlxalq konfransda Azərbaycanda akkreditə olunmuş, eyni zamanda, Ankarada, Tehranda və Moskvada fəaliyyət göstərən qeyri-rezident səfirlər, beynəlxalq diplomatik korpusun digər nümayəndələri, hərbi attaşelər, beynəlxalq təşkilatların təmsilçiləri, Türkiyə Xarici İşlər Nazirliyinin və digər dövlət qurumlarının yüksəkvəzifəli şəxsləri də olmaqla ümumilikdə 160-dan çox nümayəndə iştirak edir. Konfransda Böyük Britaniya, Niderland, İsveç, Danimarka, Belçika, Almaniya, İtaliya, Müqəddəs Taxt-Tac, Macarıstan, Portuqaliya, Polşa, Çexiya, İran, Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn, Çin, Filippin, Avstraliya, Yeni Zelandiya, İndoneziya, Kanada, Dominikan, Qvineya, Salvador, Meksika, Panama, Argentina, Braziliya, Qvatemala, Uqanda, Ruanda, Sudan, Çad, Kamerun, Namibiya, Mərakeş, Liviya və digər ölkələrin səfirləri, səfirliklərinin əməkdaşları və hərbi attaşeləri yer alıblar.

Xatırladaq ki, Fransa və ABŞ səfirlərinin Şuşada təşkil olunan beynəlxalq tədbirlərdən imtina etməsi ilk dəfə deyil. Bundan əvvəl də Azərbaycan hökumətinin dəvəti ilə iyulun 9-10-u Füzuliyə, oradan isə Şuşaya səfər edən xarici ölkə səfirlərinin arasında Fransa və ABŞ səfirləri olmayıb. Həmin ölkələrin səfirləri Azərbaycan hökumətinin dəvətini qəbul etsələr də, Şuşaya getməkdən imtina ediblər.