Fransada yenidən alovlanan iğtişaşlar ölkədə dərinləşən sosial-iqtisadi problemləri, hakimiyyət komandasından narazılığı yenidən gündəmə gətirib. Bu mənzərə Emmanuel Makronun sosial-iqtisadi siyasətinin nəticələrini yenidən müzakirə mövzusuna çevirir.
Metbuat.az xəbər verir ki, bu fikirləri Azərtac-a açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli söyləyib.
O bildirib ki, E.Makron komandasının öz ölkəsində demokratik azadlıqları boğması, Fransa hakimiyyətinin və hüquq-mühafizə orqanlarının aksiya iştirakçılarına qarşı zorakı davranışları, aşırı güc tətbiqi ölkədə demokratik azadlıqlarla bağlı vəziyyətin araşdırılmasını zəruri edir.
“Fransada bu gün baş verənlər Emmanuel Makronun hakimiyyəti dövründə dəfələrlə təkrarlanan sosial narazılıqların davamıdır. 2017-ci ildə prezident seçilən E.Makronun hakimiyyət illəri Fransanın müasir tarixində ciddi daxili siyasi qarşıdurmaların və ziddiyyətli xarici siyasət kursunun reallaşdırıldığı dövr kimi xarakterizə olunur. İqtisadi və sosial siyasətə qarşı narazılıqlar dəfələrlə küçə qarşıdurmalarına çevrilib, hakimiyyətlə cəmiyyət arasındakı münasibətlər gərginləşib. Bu baxımdan, 2018-ci ilin noyabrında başlayan “Sarı jiletlilər” hərəkatı xüsusi diqqət çəkir. Hərəkat sosial bərabərsizlik və E.Makron komandasının iqtisadi siyasətinə qarşı geniş narazılığı ehtiva edirdi. Həmin hadisələrin insan itkiləri və ağır xəsarətlərlə müşayiət olunması böhranın miqyasını daha aydın göstərirdi.
“Sarı jiletlilər”in davamı olaraq 2023-cü ildə də ciddi insidentlərin yaşanması, 2026-cı ilin oktyabrında isə daha böyük aksiyaların başlanması Fransada eyni problemlərin davam etdiyini və getdikcə dərinləşdiyini təsdiqləyir. Bu etirazlar və iğtişaşlar E.Makronun idarəçilik modelini ciddi tənqid hədəfinə çevirir. O, həm daxili siyasətdə, həm də xarici siyasətdə ciddi çətinliklərlə üzləşir. Cəmiyyətin müxtəlif təbəqələri ilə dialoq qurmaq əvəzinə sərt inzibati qərarlara üstünlük verir. Aksiya iştirakçılarına qarşı zorakılıqlar və dinc etiraz hüququnun qorunmaması məsələsi isə hakimiyyətin demokratik prinsiplərə münasibəti barədə əlavə suallar yaradır. Bütün bunlar Emmanuel Makronun siyasətinin sosial nəticələrini və hakimiyyətin böhranları idarə etmək qabiliyyətini yenidən qiymətləndirməyi zəruri edir”, - deyə M.Ələsgərli vurğulayıb.
Ekspert əlavə edib ki, Fransadakı hadisələr Avropa institutlarının mövqeyini də gündəmə gətirir. Avropa Parlamenti, Avropa Komissiyası və digər qurumlar dünyanın müxtəlif bölgələrində insan hüquqlarının pozulmasına münasibət bildirərkən, Fransa daxilində dinc etiraz hüququnun qorunmasına və polis zorakılığı iddialarının araşdırılmasına da eyni prinsipiallıqla yanaşmalıdırlar. İnsan hüquqları universal dəyərlərdir və onların müdafiəsi siyasi maraqlardan asılı olmamalıdır. Əks halda, Avropanın demokratiya və hüququn aliliyi barədə beynəlxalq çağırışlarının inandırıcılığı sual altına düşür.