“İlham Əliyev gələcək nəsillər üçün daha güclü Azərbaycan quracaqdır” - ŞƏRH

“1991-ci ildə Azərbaycan növbəti dəfə müstəqilliyini bərpa etdi. Müstəqilliyimizin yeni qurulduğu illərdə ölkəmiz, xalqımız üçün çox ağrılı başı bəlalı günlər yaşanıb. Bir tərəfdən hakimiyyəti ələ keçirmək üçün qanlı toqquşmalar, vətəndaş müharibəsi, ölkəmizin bir neçə istiqamətdə parçalanmaq təhlükəsi ilə üz üzə qalması, siyasi hakimiyyətə gəlmək üçün xəyanətkarlıq edən AXC və Müsavat cütlüyünün bəzi mənfur üzvlərinin xəyanəti və digər bir tərəfdən də ölkədə yaranmış bu xaosdan, anarxiyadan istifadə edərək Ermənistan silahlı qüvvələrinin terrorçularının Azərbaycan torpaqlarını işğala məruz qoydu”.

Bu fikirləri Metbuat.az-a özəl müsahibəsində millət vəkili Cavid Osmanov deyib. Müsahibimiz həmin illərin tarixini xatırladaraq vurğuladı ki, məhz ümumilli liderimiz Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə gəlməsəydi, Azərbaycanın müstəqilliyi əldən gedirdi.


Cavid Osmanov

“Baş verən siyasi qarışıqlıq səbəbindən ölkəmizdə vətəndaş qarşıdurması, vətəndaş tələfatına gətirib çıxardacaq və nəticədə Azərbaycan parçalanmaq təhlükəsi ilə üzləşəcəkdi. 1993-cü ildən sonra ölkəmiz inkişaf, tərəqqi və sabitlik yolunu tutdu. Çünki bunun kökündə ümummilli liderimiz Heydər Əliyevin müdrik siyasəti, azərbaycançılıq ideologiyası, müstəqil, güclü və qüdrətli Azərbaycan qurmaq niyyəti dayanırdı. 2003-cü ildən Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Heydər Əliyev siyasətini daha da inkişaf etdirməklə, zamanın tələbinə uyğunlaşdırmaqla güclü və qüdrətli Azərbaycan qura bildi. Prezident cənab İlham Əliyev ilk növbədə iqtisadiyyatımızın gücləndirilməsini həyata keçirərək müstəqil, heç bir yerdən asılı olmayan güclü iqtisadiyyatımızı formalaşdırdı. Digər bir tərəfdən Azərbaycanın enerji resurslarının Avropanın enerji təhlükəsizliyində mühüm rol oynaması üçün böyük layihələrə imza atıldı. Təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın uğurlu enerji siyasəti Prezident cənab İlham Əliyev tərəfindən daha da şaxələndirilərək inkişaf etdirildi”.

Cavid Osmanov bildirdi ki, uzun illər ərzində Azərbaycan güclü ordu formalaşdıraraq öz gücünü 44 günlük Vətən müharibəsində göstərmiş oldu. Azərbaycanın beynəlxalq aləmdə nüfuzlu bir ölkəyə çevrilməyi bacardığını xatırladan C. Osmanov qeyd etdi ki, hazırda ölkəmiz çox mötəbər beynəlxalq təşkilatlara rəhbərlik edir.

“44 günlük Vətən müharibəsində Azərbaycanın milli ideyası artıq həyatda öz reallığını tapdı. Azərbaycan torpaqlarını işğaldan cəmi 44 gün ərzində azad etdi və bir gün belə bir addım geri çəkilmədən, irəliyə gedərək təkcə Ermənistan üzərində deyil, həm də Ermənistanın havadarları üzərində də qələbə qazandı. Azərbaycan göstərdi ki, milli ideya ətrafında birləşən Azərbaycan xalqı Prezident cənab İlham Əliyevin, ordumuzun ətrafında birləşərək cəmi 44 gün ərzində torpaqlarını işğaldan azad etməyi bacardı. Azərbaycan sübut etdi ki, artıq Azərbaycan güclü və qüdrətli ölkədir. Vətən müharibəsindən sonra ölkəmiz bölgəyə, regiona və dünyaya yeni reallıqlar gətirdi. Artıq bütün dünya Azərbaycanın yaratdığı yeni reallıqla barışıb”.

C.Osmanov onu söylədi ki, əgər Azərbaycan Prezidenti cənab İlham Əliyev enerji resurslarından səmərəli istifadə etməsə idi, bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən ölkə olmağı bacarmazdı.

“Zaman və tarix göstərdi ki, güclü lider ətrafında birləşən xalqlar xoşbəxt olur və bu gün Azərbaycan xalqı ona görə xoşbəxtdir ki, xalqımızın güclü, dahi lideri, Prezident cənab İlham Əliyev var. Şübhəsiz, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qarşıda duran növbəti addım işğaldan azad olunmuş ərazilərimizdə yenidən infrastrukturu qurmaqdan ibarətdir. Əminəm ki, İlham Əliyev gələcək nəsillər üçün daha güclü qüdrətli Azərbaycan quracaqdır”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR