BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı
The UN High Commissioner for Human Rights
https://www.ohchr.org

Missiyası, fəaliyyət istiqamətləri

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı (İHAK / OHCHR) 1993-cü ilin dekabr ayında BMT Baş Assambleyasının 48/141 saylı qətnaməsi ilə yaradılıb. Baş qərargahı Cenevrə şəhərində yerləşir. İnsan Hüquqları üzrə Ali Komissarlığın yaradılması ideyası öz qaynağını Ümumdünya İnsan Hüquqları Konfransının Vyana Bəyannaməsindən götürüb. 171 dövlət tərəfindən qəbul edilmiş Vyana Bəyannaməsi 1948-ci ildə qəbul edilmiş Ümumdünya İnsan Hüquqları Bəyannaməsindən 55 il sonra qəbul edilib və dünyanın insan hüquqlarına sadiqliyini yenidən ifadə edib. Vyana Bəyannaməsi BMT sisteminin insan hüquqları ilə bağlı müşahidə potensialının gücləndirilməsinə və uyğunlaşdırılmasına çağıran kamil sənəddir.

Ali Komissarlıq BMT-nin insan hüquqları üzrə aparıcı qurumudur. O, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin təsbit etdiyi insan hüquq və azadlıqlarının BMT-yə üzv dövlətlərdə təşviqi və müdafiəsi üzrə ixtisaslaşıb. Politoloq Yeganə Hacıyevanın sözlərinə görə, “Ali Komissarlığın insan hüquqlarının müdafiəsi üzrə ixtisaslaşmış digər qurumlardan fərqi budur ki, o, təkcə insan hüquqları pozuntuları üzərində monitorinq aparmır. Həm də bütün dünyada insan hüquqlarının inkişafının qiymətləndirilməsi üçün istifadə olunan standartları, meyarları və mexanizmləri hazırlayır”. İnsanların səlahiyyətlərinin artırılmasına kömək edir. Vətəndaş və hüquq cəmiyyəti institutlarının BMT-nin insan hüquqları sistemi barədə biliklərinin artırılmasını təmin edir.

Ali Komissar və onun Ofisin müstəsna rolu aşağıdakılardan ibarətdir:

  • - Cinsindən, irqindən, dini, milli və sosial vəziyyətindən, vətəndaşlığından asılı olmayaraq yer kürəsində yaşayan bütün insanların hüquqlarını qoruyur;
  • - İnsanların səlahiyyətlərinin artırılmasına kömək edir, insan inkişafını stimullaşdırır;
  • - Hökumətlərin insan haqları üzrəindəsui-istifadə hallarının qarşısını almağa kömək edir;
  • - BMT-nin bütün proqramlarına insan hüquqları elementlərinin daxil edilməsinə çalışır. Sülh, təhlükəsizlik və insan inkişafı faktorlarının bir-biri ilə əlaqəli şəkildə gücləndirilməsini tələb edir;
  • - İnsan hüquqları üzrə öhdəliklərini yerinə yetirmək üçün dövlətlərlə əməkdaşlıq edir;
  • - Dünyada insan hüquqlarının pozulması hallarını ifşa edir;
  • - Günümüzdə yarananmüasir insan hüquqları problemlərinə dair fikir mübadiləsi apan, təhlil edən platforma kimi xidmət göstərir;
  • - İnsan hüquqları sahəsində elmi tədqiqatları, maarifləndirici tədbirləri stimullaşdırır.

İnsan Hüquqları üzrə Ali Komissarlıq sistemli şəkildə “İllik hesabat” (icmallar) hazırlayıb yayır. Bu hesabatlarda BMT-nin İnsan Hüquqları üzrə 12 ay ərzində əldə etdiyi nailiyyətlər, həmçinin, insan haqlarının qorunması sahəsində ortaya çıxan son tendensiyalar haqqında məlumatlar əks etdirilir.

Ali Komissarlığın strukturu və fəaliyyət mexanizmləri

İnsan Hüquqları üzrə Ali Komissarlıq (İHAK / OHCHR) BMT-nin aşağıdakı strukturlarına məsləhət və fəaliyyətlərinə dəstək verir:

İHAK BMT-nin İnsan Hüquqları Şurası (İHŞ) ilə koordinasiya edilmiş fəaliyyət göstərir. BMT Baş Assambleyasına tabe olan İnsan Hüquqları Şurası 2006-ci il martın 15 də BMT İnsan Hüquqları Komissiyasını əvəz etmək üçün təsis edilib. İnsan Hüquqları Şurası BMT-də insan hüquqlarına cavabdeh olan hökumətlərarası qurumdur. 47 üzv dövlətin nümayəndələrindən ibarət olaraq formalaşdırılıb. Baş Assambleyaya hesabat verir. İHŞ-nin əsas missiyası bütün dünyada insan hüquqlarının pozulması hallarını nəzərdən keçirərək müvafiq tövsiyələr vermək, insan hüquqları ilə bağlı fövqəladə hadisələrə reaksiya göstərməkdir.

Universal Dövri İcmal-ın (UDİ) hazırlanması

İnsan Hüquqları Şurasının öz missiyası üzrə töhvə vermək üçün quraşdırdığı ən innovativ mexanizm “Universal Dövri İcmal”ın hazırlanmasıdır. UDİ BMT-yə üzv olan 193 dövləti əhatə etməklə 4 ildən bir hazırlanan, həmin dövlətlərdə insan hüquqlarının vəziyyətini əks etdirən unikal mexanizmdir.

Universal Dövrü İcmal BMT-yə üzv olan dövlətlərdə insan haqlarının mövcud durumunu əks etdirməklə yanaşı, üzv dövlətlərə insan hüquqlarının vəziyyətini yaxşılaşdırmaq üçün görməli olduqları tədbirlər, həll etməli olduqları problemlər barədə də məlumat verir. Bu sahədə beynəlxalq öhdəlikləri xatırladır. Universal Dövri İcmal hər bir dövlətdə universallıq və bərabər rəftar prinsiplərinə hörmət edilməsinin zəruri olduğunu anlatmaq üçün nəzərdə tutulur.

Xüsusi prosedurlar

Yeganə Hacıyeva deyir ki, İnsan Hüquqları Şurasıinsan hüquqları üzrə spesifik hallarınortaya çıxdığı ölkələrdə iş aparmaq üçün mexanizmlərə malikdir. Bunun üçün İnsan Hüquqları üzrə Ali Komissarlığın dəstəyi ilə gerçəkləşdirilən və “Xüsusi prosedurlar” adlandırılan mexanizmdən istifadə edilir. Şura belə ölkələr üzrə xüsusi hallarla bağlı hesabat hazırlayır, problemləri həll etmək üçün məsləhət vermək səlahiyyəti olan ekspertlərini yönləndirir.

Könüllülük əsasında fəaliyyət göstərən və 3 il müddətinə seçilən ekspertlər İnsan Hüquqları Şurasının icazəsi ilə araşdırmalar apara, onların nəticələrini İHŞ adından dərc edə bilərlər.

2020-ci ilin sentyabr ayına olan məlumata görə, 44 tematik və 11 ölkə üzrə mandatlı ekspert mövcuddur.

İnsan Hüquqları üzrə Ali Komissarlığın (OHCHR) dəstəyi ilə həyata keçirilən “Xüsusi prosedurlar”a bunlar daxildir:

  • İnsan haqları ilə bağlı xüsusi hallar baş verdikdə həmin ölkəyə səfərlər etmək;
  • Fərdi hallarda dövlətlərə mesajlar göndərməklə, insan hüquqlarının pozulması hallarını aradan qaldırmaq yönündə dəstək vermək.
  • Beynəlxalq insan hüquqları standartlarının inkişafına töhfə vermək;
  • Maarifləndirmə tədbirlərində iştirak etmək, ictimaiyyəti məlumatlandırmaq və texniki əməkdaşlıq məsələləri üzrə məsləhətlər vermək və s.

Təsir mexanizmləri

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı bütün BMT sistemində insan hüquqları üzrə fəaliyyətlərin həyata keçirilməsi üçün əsas məsuliyyət daşıyan təsisatdır. O, BMT-nin vacib təsir mexanizmlərindən biridir.

Yeganə Hacıyeva deyir ki, Ali Komissar öz mandatına uyğun olaraq, insan hüquqlarının pozulması hallarına reaksiya verə, tədbirlər görə, qabaqlayıcı addımlar ata bilər.

İnsan Hüquqları üzrə Ali Komissarlığın Aparatı – OHCHR BMT-yə üzv ölkələrin hökumətlərinə insan hüquqlarının qorunması, insan haqlarının təşviqi və müdafiəsinin təşkil məsələsində texniki yardım göstərir.

OHCHR-in texniki yardımı ədalət mühakiməsinin həyata keçirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi, seçki prosesinin təşkili kimi sahələrdə təlimləri əhatə edir.

OHCHR - BMT-nin qərar qəbuletmə proseslərində iştirakını təşviq etmək üçün vətəndaş cəmiyyəti subyektləri ilə sıx əməkdaşlıq edir,həmçinin digər insan hüquqları qurumlarına kömək edir və fərdlərə öz hüquqlarını həyata keçirməkdə köməklik göstərir.

OHCHR - Milli İnsan Hüquqları İnstitutlarının - NHRI- yaradılmasını və gücləndirilməsini dəstəkləyir. Yeganə Hacıyeva deyir ki, Milli insan hüquqları institutları (NHRI) milli səviyyədə beynəlxalq insan hüquqları standartlarının effektiv tətbiqinin təşviqində və monitorinqində mühüm rol oynayırlar.

Effektiv olması və beynəlxalq səviyyədə tanınması üçün NHRİ-Milli insan hüquqları institutları1993-cü ildə BMT Baş Assambleyası tərəfindən təsdiq edilmiş Paris Prinsiplərində müəyyən edilmiş standartlara riayət etməlidirlər.

Üzv ölkələrin milli institutlarından ibarət olan Milli İnsan Hüquqları Təşkilatlarının Qlobal Alyansı ( GANHRI ) BMT İnsan Hüquqları ilə əməkdaşlıq edərək, Paris Prinsiplərində müəyyən edilmiş statusa malikdir.

Azərbaycanla əlaqələri

Azərbaycan istər hökümət səviyyəsində, istərsə də milli insan hüquqları institutları səviyyəsində BMT strukturları ilə sıx təmas qurub. Müstəqil institut kimi Ombudsman İnstitutu BMT İnsan Hüquqları Şurası ilə aktiv şəkildə əməkdaşlıq edir. İnsan hüquqlarının qorunması və təbliği sahəsində bilik və təcrübə mübadiləsi aparır.

Məqalə Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi
tərəfindən, Müşfiq Ələsgərlinin müəllifliyi ilə hazırlanıb


Hazırladığımız məqalələr söz və ifadə azadlığının, insan haqlarının durumunu monitorinq edən, hesabatlar dərc edən beynəlxalq statuslu təşkilatlar haqqında məlumat bazası formalaşdırmaq məqsədi daşıyır. Fəaliyyət Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) tərəfindən icra olunan “Milli QHT-lərin beynəlxalq təşkilatlarla əməkdaşlıq imkanlarının artırılmasına dəstək” adlı layihə çərçivəsində icra edilir.

Layihənin müəllifi Müşfiq Ələsgərli, maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Hazırlanan məqalələr məlumatlandırıcı xarakterlidir. Söz və ifadə azadlığının, insan haqlarının durumunu monitorinq edən, hesabatlar yayan, ictimai rəyə təsir göstərən beynəlxalq statuslu təşkilatların fəaliyyət istiqamətləri, iş prinsipləri, hesabat hazırlamaq metodologiyaları, Azərbaycana münasibətləri, əməkdaşlıq formaları barədə informativ xarakterli bilgiləri əks etdirir. Məqsədi milli QHT və KİV-lərin beynəlxalq təşkilatlar barədə informasiyalılığını artırmaqdan, onların beynəlxalq təşkilatlarla əməkdaşlıq meyllərini stimullaşdırmaqdan, inteqrasiyasına nail olmaqdan, nəticə olaraq, bu təşkilatlarda Azərbaycan reallıqları barədə obyektiv rəy formalaşdırmaqdan ibarətdir.

Ümumi sayı 20 olacaq məqalələr beynəlxalq statuslu QHT-lərlə yanaşı, dövlətlərarası təşkilatların mövzu üzrə uyğun departamentlərini də əhatə edəcək.


AZƏRBAYCAN RESPUBLİKASININ
QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA
DÖVLƏT DƏSTƏYİ AGENTLİYİ

Məqalələrin məzmununa görə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi məsuliyyət daşımır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı