QHT-lər üçün beynəlxalq əməkdaşlıq platformaları

QHT-lər üçün beynəlxalq əməkdaşlıq platformaları

Dövlətlərarası təşkilatlarda QHT təmsilçiliyi

Qeyri-Hökumət Təşkilatlarının beynəlxalq platformalarda təmsilçiliyi ictimai və milli maraqlar baxımdan aktualdır. Milli QHT-lərin beynəlxalq platforma və şəbəkələrdə təmsilçiliyini stimullaşdırmaq üçün həmin beynəlxalq platforma və şəbəkələr barədə məlumatlılğın artırılmasına zərurət yaranır.

Beynəlxalq dövlətlərarası təşkilatlar barədə danışarkən ilk öncə Birləşmiş Millətlər Təşkilatı (BMT) yada düşür. BMT təkcə dövlətlərin birləşdiyi beynəlxalq qurum deyil, eyni zamanda Qeyri-hökumət təşkilatları ilə geniş əməkdaşlıq mexanizmlərinə malik olan bir təsisatdır.

1945-ci ildən - yarandığı gündən BMTQHT-lərlə fəal əməkdaşlıq edir. QHT-lər BMT Katibliyi, proqramları, fondları və agentlikləri ilə müxtəlif yollarla, o cümlədən Üzv Dövlətlərlə məsləhətləşmələr yolu ilə əməkdaşlıq edirlər. QHT-lər məlumatlılığın artırılması, inkişafın təşviqi, siyasətin təbliği, birgə əməliyyat layihələri, hökumətlərarası proseslərdə iştirak, xidmətlər və texniki təcrübənin töhfəsi daxil olmaqla bir sıra fəaliyyətlərə qoşulurlar.

Amma QHT-lər üçün beynəlxalq özünüifadə platformaları yaradan, beynəlxalq təmsilçilik şansı verən təşkilat təkcə BMT deyil. Avropa Şurası, ATƏT və digər bir sıra aparıcı dövlətlərarası təşkilatlar da QHT-lərə təmsilçilik üçün müəyyən platformalar formalaşdırır, onların öz potensillarını realizə etmələri üçün şərait yaradırlar.

QHT-lərin AHİM-də iştirakı

Bu baxımdan son illərdə QHT-lərin beynəlxalq təşkilatlar üzərində və daxilində artan təsiri vardır. Bu təsir xüsusilə insan hüquqlarının müdafiəsi sistemində böyük ölçüdədir. Avropa Şurasının nəzdində olan Avropa Hüquq və Ədalət Mərkəzi (AHƏM) 2019-cu ildə Avropa İnsan Haqları Məhkəməsinin fəaliyyətini araşdırıb. Strasburqda mənzillənən AHƏM-in araşdırması Avropa İnsan Haqları Məhkəməsinin (AHİM) hakimləri ilə QHT-lər arasında sistemli şəkildə maraq uzlaşmasının olduğunu müəyyən edib. Tədqiqat 2009-2019-cu illər arasında Avropa İnsan Haqları Məhkəməsində çalışmış 100 hakimdən dörddə birinin (22 hakimin) QHT-lərlə sıx əlaqələrini müəyyən edib. Tədqiqatmüəyyən edib ki, bu QHT-lərlə AİHM hakimləri arasında dərin münasibətlər mövcuddur. Hesabatda göstərilirdi ki, AİHM hakimlərinin bir qismi əvvəllər QHT-lərdə çalışmış, əməkdaşlıq etmişlər. 2018-ci ildə AİHM-nin müsbət qərar verdiyi işlər üzrə kommunikasiya rolunu 14 QHT oynayıb ( https://eclj.org/ngos-and-the-judges-of-the-echr?lng=en)

QHT-lərin AİHM-in işində iştirakı 2012-ci ildən sonra xüsusilə intensivləşib. Çünki məhz bu ildən etibarən tətbiq edilən yeni prosedurlara görə, AİHM-də hakimlərin seçilməsi prosedurunda QHT-lərin iştirakı təmin edilib. QHT-lərin namizədlər irəli sürmək, onların seçilməsi üçün lobbiçilik etmək statusları yaranıb. Yeni prosedurlara görə AİHM-ə hakim təyin edilmiş şəxslərin məhkəmə təcrübəsinin olması tələbi aradan qaldırılıb. Nəticədə AİHM-də oturan 100 hakimdən təxminən 51-i əvvəllər heç vaxt hakim işləməyən, yaxud, hakim köməkçi qismində çalışmış şəxslərdən ibarət oldu. Qeyd edilən 51 nəfərin əksəriyyəti QHT-lərdəhüquq müdafiəçiləri kimi fəaliyyət göstəriblər.

Avropa Şurasının platformalarında QHT təmsilçiliyi

Avropa Şurasının media sahəsində siyasətinin formalaşmasında mühüm rol oynayan “Platform to promote the protection of journalism and safety of journalists” ( https://www.coe.int/en/web/media-freedom) platformasının üzvləri və koordinatorları beynəlxalq statuslu QHT-lərdən ibarətdir. “Sərhədsiz Reportyorlar”, Jurnalistlərin Hüquqlarını Müdafiə Komitəsi (CPJ), “Senzura İndeksi”, Beynəlxalq Jurnalistlər Federasityası, Beynəlxalq Mətbuat İnstitutu (İPİ) və digərləri AŞ platformasının yaradıcıları və idarəediciləridirlər. Avropa Şurasının İnsan hüquqları üzrə Komissarı söz və ifadə azadlığının durumubarədə fikir bildirərkən, adı çəkilən platformada yayımlanmış informasiyalarada istinad edir.

QHT-lər BMT strukturlarında

BMT -nin İqtisadi və Sosial Şurası (ECOSOC) QHT-lərlə əməkdaşlıq üçün ən təkmil platformadır ( https://www.un.org/ecosoc/en/home). ECOSOCBMT Nizamnaməsi əsasında1945-ci ildə yaradılıb. Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış altı əsas orqanından biridir. Davamlı inkişafın üç ölçüsünü - iqtisadi, sosial və ətraf mühit - mövzularını əhatə edir. İstiqamət üzrə inkişafa nail olmaq üçünmonitorinqlər aparır, hesabatlar və təkliflər hazırlayır, BMT baş ofisinə təqdim edir. Mövzu üzrə innovativ düşüncəni irəli aparmaq, doğru yollar haqqında konsepsiya hazırlamaq, beynəlxalq səviyyədə razılaşdırılmış proqramlara nail olmaq məqsədilə yaradılmış ECOSOC bu sahədə istifadə edilən mərkəzi platformadır.

Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 71-ci maddəsi qeyri-hökumət təşkilatları ilə müvafiq əməkdaşlığa, məsləhətləşmələrə yol açır. ECOSOC da bu maddədən irəli gələn tələbləri gerçəkləşdirmək məqsədilə yaradılan platformadır. O, QHT-lər üçün BMT sistemində əsas giriş nöqtəsidir. Birləşmiş Millətlər Təşkilatının QHT-lərin iştirakı üçün rəsmi çərçivəyə malik yeganə əsas orqanıdır. 1946-cı ildə ECOSOC 41 QHT-yə məsləhətçi statusu verib. 1992-ci ilə qədər 700-dən çox QHT məsləhətçi statusunu alıb. Onların sayı durmadan artaraq 2018-ci ildə 4900 təşkilatı ötüb.

QHT-lər üçün ECOSOC-da 3 növ üzvlük mövcuddur

  • - Ümumi məşvərətçi statusu (General Consultative Status) iş sahəsi ECOSOC və onun yardımçı qurumlarının gündəliyindəki məsələlərin əksəriyyətini əhatə edən iri beynəlxalq QHT-lər üçün nəzərdə tutulub. Bu təşkilatlar adətən, kifayət qədər böyük, geniş coğrafi əhatəyə malik beynəlxalq QHT-lərdir.
  • - Xüsusi məşvərətçi statusu (Special Consultative Status ) ECOSOC-un əhatə etdiyi fəaliyyət sahələrindən yalnız bir neçəsi ilə bağlı xüsusi səlahiyyətə malik olan və xüsusi olaraq maraqlanan QHT-lərə verilir.
  • - Məşvərətçi statusu üçün müraciət edən, lakin yuxarıda qeyd olunankateqoriyalardan heç birinə uyğun gəlməyən təşkilatlar adətən Siyahıya (Roster Consultative Status) daxil edilir. Bu QHT-lər adətən kifayət qədər dar və yaxud texniki diqqət mərkəzinə malikdirlər.

Üzvlük prosedurları

Üzvlük üçün QHT ECOSOC-un QHT Komitəsinə onlayn qaydada müraciət etməlidir. Müraciətdə təşkilatın fəaliyyəti, həyata keçirdiyi layihələr, kadr heyəti, maliyyə məlumatları, büdcəsi, ECOSOC-a üzvlük məqsədləri və digər məsələləri əhatə edən xüsusi ərizə formaları doldurulmalıdır. Ərizə formasında təşkilatın bütün qeydiyyat və maliyyə sənədləri də əlavə olunmalıdır.

Katiblik təşkilatın sənədlərini məqbul hesab etdikdə təşkilatın üzvlük məsələsini QHT Komitəsinə çıxarır. Üzvlərin hər hansı sualı və iradı həmin QHT-nin üzvlük məsələsinin təxirə salınmasına səbəb ola bilir. Məsələn, 2022-ci il iclasında Gürcüstan və Ermənistanın kifayət qədər böyük büdcəli bir neçə QHT-sinə üzvlük statusu verilməsi təxirə salınaraq və bəzi çatışmazlıqlar bardə həmin təşkilatlara suallar ünvanlandı.

Həmin iclasda Azərbaycanın 2 QHT-si İnformasiya Təşəbbüslərinə Dəstək İctimai Birliyi və Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi həmin mərhələdən uğurla keçərək üzvlük statusu qazandı. Bundan daha öncə isə Azərbaycanın milli QHT-lərindən olan Beynəlxalq Avrasiya Mətbuat Fondu ECOSOC-da üzvlük əldə edib.

Məqalə Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi
tərəfindən, Müşfiq Ələsgərlinin müəllifliyi ilə hazırlanıb


Hazırladığımız məqalələr söz və ifadə azadlığının, insan haqlarının durumunu monitorinq edən, hesabatlar dərc edən beynəlxalq statuslu təşkilatlar haqqında məlumat bazası formalaşdırmaq məqsədi daşıyır. Fəaliyyət Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) tərəfindən icra olunan “Milli QHT-lərin beynəlxalq təşkilatlarla əməkdaşlıq imkanlarının artırılmasına dəstək” adlı layihə çərçivəsində icra edilir.

Layihənin müəllifi Müşfiq Ələsgərli, maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Hazırlanan məqalələr məlumatlandırıcı xarakterlidir. Söz və ifadə azadlığının, insan haqlarının durumunu monitorinq edən, hesabatlar yayan, ictimai rəyə təsir göstərən beynəlxalq statuslu təşkilatların fəaliyyət istiqamətləri, iş prinsipləri, hesabat hazırlamaq metodologiyaları, Azərbaycana münasibətləri, əməkdaşlıq formaları barədə informativ xarakterli bilgiləri əks etdirir. Məqsədi milli QHT və KİV-lərin beynəlxalq təşkilatlar barədə informasiyalılığını artırmaqdan, onların beynəlxalq təşkilatlarla əməkdaşlıq meyllərini stimullaşdırmaqdan, inteqrasiyasına nail olmaqdan, nəticə olaraq, bu təşkilatlarda Azərbaycan reallıqları barədə obyektiv rəy formalaşdırmaqdan ibarətdir.

Ümumi sayı 20 olacaq məqalələr beynəlxalq statuslu QHT-lərlə yanaşı, dövlətlərarası təşkilatların mövzu üzrə uyğun departamentlərini də əhatə edəcək.


AZƏRBAYCAN RESPUBLİKASININ
QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA
DÖVLƏT DƏSTƏYİ AGENTLİYİ

Məqalələrin məzmununa görə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi məsuliyyət daşımır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı