Jurnalistləri Müdafiə Komitəsi - CPJ

Jurnalistləri Müdafiə Komitəsi
The Committee to Protect Journalists
www.cpj.org

Təşkilatın missiyası, fəaliyyət istiqamətləri

Jurnalistləri Müdafiə Komitəsi (CPJ) 1981-ci ildə ABŞ-da bir qrup müxbir tərəfindən yaradılıb. Onlar özlərinin təhlükəsizliklərini təmin etmək və ölkədə ifadə azadlığını müdafiə etmək üçün bir araya gəlmişdilər. 1982-ci ildə isə CPJ ABŞ sərhədlərini aşıb beynəlxalq təşkilat statusu qazanır. O zaman üç britaniyalı jurnalist – Saymon Vinçester, Yan Mater və Toni Praym Folklend müharibəsini işıqlandırarkən Argentinada həbs edilmişdilər. CPJ onların həbsdən çıxmalarına yardım göstərmişdi.

CPJ yaradılış bəyannaməsində elan edib ki, amalı jurnalistləri avtoritar hökumətlərin təzyiqlərindən qorumaqdır. Beynəlxalq statuslu təşkilat olaraq, istənilən ölkədə jurnalistlərə qarşı basqılara reaksiya verir, təhdidlər əleyhinə ictimai etiraz kampaniyaları keçirir. Effektiv dəyişikliklər əldə etmək üçün diplomatik kanallardan istifadə edir. CPJ müxtəlif dövrlərdə hökumət başçıları, prezidentlərə qarşı tələbləri və sərt müraciətləri ilə tanınıb.

Mərkəzi ofisi Nyu-Yorkda yerləşən Komitə bütün dünyada media azadlığını təşviq edir. Jurnalistlərin təhlükəsiz, repressiya və senzura qorxusu olmadan öz xəbərlərini istehsal edib yaymaq hüququnu müdafiə edir. Xəbər istehsalçılarının təhdid altında olduğu hər yerdə tədbirlər görməyə çalışır. Jurnalistlərin qurduğu bir təşkilat olaraq jurnalist təhlükəsizliyini əsas prioritet kimi elan edir.

CPJ öz şüarlarında göstərir ki, söz və ifadə azadlığı bütün digər insan hüquqlarının təməlində dayanır. Söz və ifadə azdlığının, media azadlığının digər insan haqlarının durumuna da təsir göstərdiyinə inanır. Söz və ifadə azadlığının pozulmasını siyasi əqidə, irqi, dini, milli və cinsi kimlik baxımından ayrı-seçkiliyə yol açan amil kimi dəyərləndirir. Komitə Ümumdünya İnsan Hüquqları Bəyannaməsində təsbit edilmiş fundamental azadlığın - hər bir insanın milliyyətindən və kimliyindən asılı olmayaraq fikir və ifadə azadlığı hüququ vardır - tezisinin təmin edilməsi üçün çalışır.

Birləşmiş Ştatlarda yerləşən təşkilat söz və ifadə azadlığı hüququnun sərhədsiz bir hüquq olduğunu elan edərək, öz prinsiplərinin beynəlxalq səviyyədə tətbiq edilməsinə çalışır. CPJ söz və ifadə azadlığının, media azadlığının təmin edilməsinə yönəlik bir sıra beynəlxalq platformalarda təmsil olnur. O cümlədən, Avropa Şurasının “Platform to promote the protection of journalism and safety of journalists” (https://www.coe.int/en/web/media-freedom) platformasının yaradıcılarından və əsas koordinatorlarından biridir.

Strukturu və əməkdaşlıq meyarları

Jurnalistləri Müdafiə Komitəsi 8 nəfərdən ibarət direktorlar şurası tərəfindən idarə edilir. Prezidenti Jodie Ginsbergdir. Mərkəzi ofisi Nyu-Yorkda yerləşsə də, Afrika, Asiya, Latın Amerikası və Karib hövzəsi, Yaxın Şərq, Avropa və Mərkəzi Asiya, ABŞ və Kanada üzrə departamentləri, bu bölgü üzrə uyğun flialları və nümayəndələikləri vardır. Bütün qitələri və regionları əhatə edir. Mərkəzi qərargahda hər region üçün sahə mütəxəssisləri daxil olmaqla daimi 40 nəfərlik heyəti çalışır. Dünya dövlətləri üzrə məsləhətçiləri vardır. İnformasiyaları hər bir region üzrə ştata daxil olan koordinatorlar toplayırlar. Onlar informasiyanı fərdi tədqiqatlar, fakt araşdırıcı missiyalar, yerlərdəki ilkin əllər vasitəsilə və ya digər jurnalistlərin hesabatları vasitəsilə əldə edirlər.

Dünyanın hər hansı bir nöqtəsindəbaş verməsindən asılı olmayaraq, jurnalistika ilə bağlı bütün insidentləri qeydə alırlar. Baş vermiş hadisələr barədə məlumatı özlərinin saytında yerləşdirib ictimailəşdirirlər. Bu, əslində, CPJ-nin spesifikasıdır, onu digər təşkilatlardan fərqləndirir. Təşkilat media insidentlərini operativ şəkildə qeydə alması, ciddi şəkildə araşdırması, dəqiqləşdirməsi və çevik reaksiya verməsi ilə digər təşkilatlardan fərqlənir.

CPJ media insidentlərini özünün müşahidəçiləri tərəfindən qeydə alsa da, prosesləri nəzarətdə saxlamaq üçün digər təsisatlardan, o cümlədən, beynəlxalq statuslu digər təşkilatların imkanlarından da faydalanır. Bu baxımdan İFEX-lə sıx təmasda çalışır. CPJ 1992-ci ildə IFEX-in (Beynəlxalq Söz Azadlığı Mübadiləsi) təşkilatının yaranmasında iştirak edib, onun ideya müəlliflərindən biri olub. İFEX dünya ölkələrində media insidentləri barədə məlumatları toplayan ən çevik, modern mexanizmlərə malikdir. İFEX-in quruculuğunda iştirak etmiş CPJ İFEX-ə həm də informasiya qaynağı kimi yanaşır. Media insidentləri barədə informasiyaları toplamaq üçün İFEX-ə də istinad edir. İFEX-in özəl xüsusiyyəti budur ki, alıb yaydığı informasiyalara şərh vermir, rəy bildirmir, bəyanatlar səsləndirmir. CPJ isə aldığı informasiyalara, o cümlədən İFEX-dən götürdüyü informasiyalara münasibət bildirir, onları şərh edir, insidentin baş verməsinə səbəb olan tərəfi qınayan açıqlama yayır. Zərurət duyulanda, ayrı-ayrı ölkələrdə jurnalistlərin təhlükəsizliyi baxımından gərginlik yaşananda, həmin ölkələrə xüsusi missiyalar göndərir.

CPJ-nin tədqiqat heyəti hər il azad mediaya qarşı törədilmiş yüzlərlə hücumu sənədləşdirir. Azad mediaya qarşı basqıları pisləyir. Dövlət başçıları və yüksək rütbəli məmurlarla görüşür, diplomatik səylərə söykənərək, onları media insidentlərinin qarşısını almaq üçün yönləndirir. Jurnalistlər həbs edildikdə və ya öldürüldükdə ədalətin bərqərar olmasını təmin etmək üçün digər təşkilatlarla birgə işləyir.

CPJ həmçinin, ehtiyacı olan, müraciət edən jurnalistlərə müasir təhlükəsizlik tədbirləri barədə məlumatlar verir.

CPJ media insidentlərinə, jurnalist təhlükəsizliyinə həsr etdiyi “Gündəlik bülletenlər”lə yanaşı, illik hesabatlar da hazırlayıb yayır. Bu hesabatlarda, məxsusi olaraq, təqibə məruz qalan, öldürülən jurnalistlər, fəaliyyətinə əngəllər yaradılan KİV redaksiyaları ilə bağlı məlumatlar əks olunur.

Maliyyə qaynaqları

CPJ rəsmən elan edib ki, dövlət maliyyələşdirilməsini qəbul etmir, şirkətlərdən və fondlardan maliyyə alır.Bu şirkətlərin əksəriyyəti ABŞ şirkətləridir. Təşkilat söz və ifadə azadlığını dəyərləndirən, onun qorunması üçün töhvələr verməyə hazır olan şəxslərdən ianələr qəbul edir. Bu barədə özünün saytıda informasiyalar yerləşdirir.

Məqalə Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi
tərəfindən, Müşfiq Ələsgərlinin müəllifliyi ilə hazırlanıb


Hazırladığımız məqalələr söz və ifadə azadlığının, insan haqlarının durumunu monitorinq edən, hesabatlar dərc edən beynəlxalq statuslu təşkilatlar haqqında məlumat bazası formalaşdırmaq məqsədi daşıyır. Fəaliyyət Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) tərəfindən icra olunan “Milli QHT-lərin beynəlxalq təşkilatlarla əməkdaşlıq imkanlarının artırılmasına dəstək” adlı layihə çərçivəsində icra edilir.

Layihənin müəllifi Müşfiq Ələsgərli, maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Hazırlanan məqalələr məlumatlandırıcı xarakterlidir. Söz və ifadə azadlığının, insan haqlarının durumunu monitorinq edən, hesabatlar yayan, ictimai rəyə təsir göstərən beynəlxalq statuslu təşkilatların fəaliyyət istiqamətləri, iş prinsipləri, hesabat hazırlamaq metodologiyaları, Azərbaycana münasibətləri, əməkdaşlıq formaları barədə informativ xarakterli bilgiləri əks etdirir. Məqsədi milli QHT və KİV-lərin beynəlxalq təşkilatlar barədə informasiyalılığını artırmaqdan, onların beynəlxalq təşkilatlarla əməkdaşlıq meyllərini stimullaşdırmaqdan, inteqrasiyasına nail olmaqdan, nəticə olaraq, bu təşkilatlarda Azərbaycan reallıqları barədə obyektiv rəy formalaşdırmaqdan ibarətdir.

Ümumi sayı 20 olacaq məqalələr beynəlxalq statuslu QHT-lərlə yanaşı, dövlətlərarası təşkilatların mövzu üzrə uyğun departamentlərini də əhatə edəcək.


AZƏRBAYCAN RESPUBLİKASININ
QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA
DÖVLƏT DƏSTƏYİ AGENTLİYİ

Məqalələrin məzmununa görə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi məsuliyyət daşımır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı