Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib -

Oktyabrın 31-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib.

Metbuat.az xəbər verir ki, Komitənin sədri Musa Quliyev iclası açaraq, gündəliyə 7 məsələnin daxil edildiyini deyib.

Sonra parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev Azərbaycan Respublikasının Əmək Məcəlləsində və Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat verib. Bildirib ki, layihə “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” və “Təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 13 may tarixli Qanununun tətbiqi və “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Qanunun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Prezidentinin 2022-ci il 8 iyun tarixli Fərmanının icrası məqsədilə hazırlanıb.

Belə ki, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” və “Təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” Qanunun 2-ci maddəsinə əsasən, ümumi təhsil müəssisələrinin növlərində dəyişiklik edilərək yeni redaksiyada verilib. Bununla bağlı, Əmək Məcəlləsinin 118-ci maddəsinin 1-ci hissəsinin “ç” bəndinin və 2-ci hissəsinin “c” bəndinin, həmçinin Vergi Məcəlləsinin 102.6.2-ci və 102.6.3-cü maddələrinin ümumi təhsil müəssisələrinin hazırda mövcud olan növlərinə uyğunlaşdırılması aparılıb.

Daha sonra Adil Vəliyev Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Ailə Məcəlləsində, Cinayət Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, “Uşaq hüquqları haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Təhsil haqqında”, "Sosial xidmət haqqında”, “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” və “Ümumi təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda təqdim edib. Bildirib ki, qanun layihəsi “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 22 oktyabr tarixli Qanununun icrası ilə əlaqədar hazırlanıb. Konvensiyaya uyğun olaraq, layihədə təklif edilən dəyişikliklər milli qanunvericilikdə qabaqlayıcı tədbirlərin, qurbanlara yardım və maddi cinayət hüquqi normalarından irəli gələn öhdəliklərin yerinə yetirilməsini nəzərdə tutur.

Diqqətə çatdırılıb ki, qeyd olunan qanunlara təklif edilən dəyişikliklər uşaqların cinsi istismarının və onlara qarşı cinsi zorakılığın bütün formalarının qarşısını almaq və uşaqları qorumaq üçün, eyni zamanda, belə zorakılığın qurbanı olmuş şəxslərə yardımın göstərilməsi üçün zəruri qanunvericilik bazasının yaradılması məqsədilə hazırlanıb. Bununla yanaşı, Cinayət Məcəlləsinin şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlər fəslində nəzərdə tutulan bəzi cinayət tərkibləri təkmilləşdirilir. Eyni zamanda, qeyd edilən cinayət əməlləri yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə həmin maddələrin sanksiyalarının sərtləşdirilməsi təklif edilir.

Sonra iclasda növbəti üç məsələ - “Əmək pensiyaları haqqında”, “Sosial müavinətlər haqqında”, “Sosial xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri ikinci oxunuşda diqqətə çatdırılıb. Bildirilib ki, təklif olunan dəyişikliklər sosial xidmətlərə əlçatanlığın artırılması baxımından vacibdir. Təqdim olunan layihələr əhalinin həssas qruplarının sosial təminatının gücləndirilməsi məqsədi daşıyır. Bu baxımdan həmin istiqamətlərdə elektron xidmətlərdən daha çox istifadə edilməsi vətəndaşlarımızın sosial xidmətlərə əlçatanlığını artırmaqla yanaşı, həm də onların sosial təminatının daha qısa zamanda gücləndirilməsinə və bu istiqamətdə islahatların davam etdirilməsinə imkan yaradacaq.

Daha sonra komitə sədri Musa Quliyev Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Tibbi sığorta haqqında” və “Daşınar əmlakın yüklülüyü haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib. Bildirib ki, sənəd Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında 3 dekabr 2021-ci il tarixli qanuna uyğun olaraq hazırlanıb.

Komitə sədri, həmçinin “Büdcə sistemi haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Hesablama Palatası haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini üçüncü oxunuşda təqdim edib. Diqqətə çatdırıb ki, sənəd “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2021-ci il 24 dekabr tarixli qanunun icrası məqsədilə hazırlanıb. Layihəyə əsasən, “Büdcə sistemi haqqında” Qanunun 12-ci maddəsindən “Azərbaycan Respublikasının ərazisi üzrə toplu maliyyə balansı” (12.1.9) çıxarıldığından 1.1.22-ci maddənin (toplu maliyyə balansı anlayışının) ləğv edilməsi, habelə qanunun 7-ci maddəsinə uyğun olaraq, 15.4-cü maddənin dəqiqləşdirilməsi təklif olunur.

Müzakirələrdə komitənin sədr müavini Məlahət İbrahimqızı, üzvləri Jalə Əliyeva, İlham Məmmədov, Vüqar Bayramov, Sevinc Hüseynova, Aqil Məmmədov, Ziyad Səmədzadə, Arzu Nağıyev çıxış edərək qanun layihələri ilə bağlı fikirlərini bildiriblər, bəzi qeydlərini səsləndiriblər.

İclasın sonunda gündəlikdəki bütün qanun layihələri Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR