Noyabrın 23-də Azərbaycan Prezidenti İlham Əliyev Serbiyaya səfər edərək həmkarı Aleksandar Vuçiçlə təkbətək və geniş tərkibdə görüşlər keçirib. Dövlət başçısının Serbiyanın paytaxtı Belqrad şəhərinə səfəri ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünün qeyd olunduğu vaxtda təsadüf edib.
25 ilə nələr olub?
İki ölkə arasında diplomatik əlaqələr 1997-ci ilin avqust ayının 21-də qurulub. 2011-ci il iyunun 8-9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiyaya rəsmi səfər edib. Səfər çərçivəsində dövlətimizin başçısı Belqradın Taşmaydan parkında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsinin, həmçinin Novi Sad şəhərində dahi bəstəkar Üzeyir Hacıbəylinin büstünün açılışlarında iştirak edib.
Həmçinin 8 iyun 2011-ci il tarixində Azərbaycanın Serbiya Respublikasında səfirliyi açılıb. Azərbaycanın Serbiyadakı səfiri Kamil Xasiyevdir.
Həmçinin 2010-cu il mayın 11-13-də Prezident Boris Tadiç, 2013-cü il fevralın 7-9-da isə Prezident Tomislav Nikoliç ölkəmizdə rəsmi səfərlərdə olublar. Tomislav Nikoliçin səfəri zamanı Bakıda görkəmli serb alimi Nikola Teslanın abidəsinin açılışı olub. Bundan əlavə, 2015-ci ilin aprelində Baş nazir olan Aleksandar Vuçiç ( hazırkı prezident - red) həmin ilin iyununda isə Prezident Tomislav Nikoliç Bakıya səfər ediblər. Vuçiçin Serbiya Respublikasının Prezidenti kimi Azərbaycana səfəri isə 2018-ci ilə təsadüf edib.
İndiyədək iki ölkə arasında 44 sənəd imzalanıb. Bu sənədlər arasında 2013-cü ildə imzalanmış Dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə və 2018-ci ildə imzalanmış Strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planı xüsusi əhəmiyyət daşıyır. Bu sənədlərdə Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı əsasında tezliklə həll olunmasının dəstəkləndiyi qeyd olunub. Həmçinin Azərbaycan da öz növbəsində Serbiyanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir, Kosovonun müstəqilliyini tanımır və bütün beynəlxalq müstəvilərdə bu mövqedən çıxış edir. 
Parlamentlərarası əlaqələr
Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Serbiya parlamentlərarası əlaqələr üzrə işçi qrup faəliyyət göstərir. Qrupun rəhbəri Məlahət İbrahimqızıdır. Serbiya parlamentində Serbiya-Azərbaycan parlamentlərarası dostluq qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri Rakiç Katarinadır.
İqtisadi əlaqələr
İqtisadi əlaqələrə gəlincə, 2021-ci ildə Serbiya Azərbaycanın 71-ci xarici ticarət tərəfdaşı olub. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 9,23 milyon dollar, o cümlədən idxalın həcmi 8,04 milyon, ixracın həcmi isə 1,19 milyon ABŞ dolları təşkil edib. 2020-ci illə müqayisədə ötən il Serbiya ilə ticarət dövriyyəsi 1,9 faiz, o cümlədən idxal 2,27 faiz artıb, ixrac isə 0,53 faiz azalıb. 2022-ci ilin yanvar-oktyabr aylarında Serbiya Azərbaycanın 68-cı xarici ticarət tərəfdaşı olub. Ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 9,84 milyon dollar, o cümlədən idxalın həcmi 8,10 milyon dollar, ixracın həcmi 1,74 milyon dollar təşkil edib. Serbiya Azərbaycanla ikitərəfli iqtisadi əməkdaşlığın, o cümlədən energetika sahəsində daha da inkişaf etdirilməsinə maraq göstərir. Serbiyanın yüksək səviyyəli rəsmiləri Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclaslarında mütəmadi olaraq iştirak ediblər.
Azərbaycana Serbiyadan əsasən dərman preparatları, təsnif edilməyən mallar, sərnişin avtomobilləri üçün şinlər və s idxal edir, Serbiyaya isə qurğuşun ərintiləri, təsnif edilməyən mallar ixrac edir.
Mədəniyyət sahəsi
İki ölkə mədəniyyət sahəsində də sıx əlaqələrə malikdir. 2018-ci il aprelin 26-da Belqrad Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi, mayın 22-də isə Azərbaycan Dillər Universitetində “Serb dili və Mədəniyyəti Mərkəzi” açılıb.
2020-ci ilin mayında Prezident İlham Əliyevin göstərişinə əsasən, Azərbaycan Hökuməti adından COVID-19 pandemiyası ilə mübarizəyə dəstək məqsədilə Serbiya Respublikasına 400 min manat dəyərində humanitar yardım göndərilib.
Xatırladaq ki, İkinci Dünya müharibəsi zamanı Serbiyanın paytaxtı Belqrad şəhərinin azad olunmasında 223-cü Azərbaycan diviziyası da iştirak edib və "Belqrad" adını alıb.