Jurnalistika prinsiplərinə uyğun gəlməyən “feyk nyus”lar:

Prezident İlham Əliyev hər zaman Azərbaycanda hüquqi dövlətin qurulmasını, söz və mətbuat azadlığına tam nail olunmasını, demokratikləşməni yüksək dəyərləndirərək jurnalistikamızı obyektiv, qərəzsiz, vətənpərvər ruhlu bir rupor kimi görmək istədiyini vurğulamışdır. Ölkəmizdə və dünyada baş verən hadisələrlə bağlı cəmiyyətin məlumatlandırılması, beynəlxalq ictimaiyyətə çatdırılması yönündə gedən informasiya müharibəsində Azərbaycanın qətiyyətli mövqe qazanması məhz bu səylərin nəticəsində mümkün olub.

Təəssüf ki, bəzi hallarda sosial mediada özünə yer tapan manipulyasiya tipli xəbərlərdə jurnalistika prinsiplərinə uyğun gəlməyən “feyk nyus”lar informasiya cəbhəsində də qarşıdurma yaradır. Əksər hallarda ayrı-ayrı şəxslərin şərəf və ləyaqətinə istiqamətlənmiş bu tip saxta xəbərlər sosial media üzərindən tirajlanır.

Bu barədə Metbuat.az-a açıqlama verən Gənc Demokratlar İnstitutunun rəhbəri, Mətbuat Şurasının İdarə Heyətinin üzvü, politoloq Yeganə Hacıyeva bildirdi ki, sosial media üzərindən söylənmiş, yazılmış fikirlər fərdin fikri olmaqdan çıxaraq fərdin fikrinin ictimai ifadəsi halını alır.

Yeganə Hacıyeva

“İnsanlar sosial media üzərindən başqaları haqqında qeyri-etik ifadələri istifadə etdikləri zaman bu fikirlərə görə məsuliyyət barədə danışılanda onlar deyirlər ki, bu, bizim fərdi fikrimiz idi. Amma məsələ ondadır ki, bu həm də həmin şəxsin birinci işgüzar, ikinci mədəni və şəxsiyyət kimi nüfuzuna birmənalı olaraq təsir edir, zədələyir. Ən qeyri-ciddi insandan eşitdiyimiz sözün də təqribən 30 faizi təsəvvür və şüurlarda iz buraxır. Başqaları haqqında uydurma arqumentlər əsasında qarayaxma kampaniyası aparan şəxslərin məqsədi də məsuliyyət və öhdəlik hissi duymadan insanların nüfuzuna hücum edərək onun ictimai nüfuzunu zədələmək, imicinin parçalanması üçün cəhdlər etməkdir və bu üsuldan da hazırda aktiv istifadə olunur”.

Son günlər İran-Azərbaycan münasibətlərində yaranmış gərginlik nəticəsində qarşı tərəfin Azərbaycan media məkanında tez-tez ölkəmiz, cəmiyyətin nüfuzlu simaları əleyhinə düzgün olmayan xəbərlər tirajlanır. Yeganə Hacıyeva deyir ki, bizim mediadakı İran təbliğat şəbəkəsi, uzun illər cəmiyyətə yeritdiyi simaları vasitəsi ilə məhz dezinformasiya və təhrif olunmuş məlumatlarla onların ürəyincə olmayan şəxslərə qarşı kampaniyalar aparırlar.

“İranla bağlı faktlara əsaslanan yazılara o səviyyədə cavab vermək iqtidarında və intelektində olmayan şəbəkə və görkəmli simalar daha ucuz yollara əl ataraq ləkələmə məqsədi ilə sosial şəbəkələr üzərindən kampaniya aparırlar. Şəxsən son aylarda İranla bağlı yazdığım yazılardan sonra İranın Azərbaycan cəmiyyətində fikir formalaşmasında iştirak edən aktiv agentlərinin açıq və gizli, həm üzdə, həm də gizli aparılan kampaniyalarına məruz qalan şəxslərdən biri kimi bunu hiss edirəm. Məlumdur ki, İran agentura şəbəkəsi Azərbaycan cəmiyyətinin bütün təbəqələrində geniş fəaliyət göstərir. Fərd özünü bu hücumlardan bu və ya başqa formada qoruya bilsə də, cəmiyyət kollektiv olaraq özünü bu hücumdan qoruya bilmir. Amma bu, fərdin yanaşmasıdır, kollektiv şəkildə cəmiyyət olaraq özümüzü belə halda qoruya bilmirik”.

Prezident İlham Əliyevin ötən il aprelin 17-də imzaladığı “Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində bəzi tədbirlər haqqında” fərman məhz ölkəmizdə həmin infrastrukturun tərkibinə daxil olan sistemlərin, informasiya-kommunikasiya şəbəkələrinin və avtomatlaşdırılmış idarəetmənin təhlükəsizliyinin gücləndirilməsi məqsədinə xidmət edir. Fərmanda təhlükəsizliyin təmin edilməsi, o cümlədən kibertəhdidlərə qarşı mübarizə sahəsində səlahiyyətli orqan funksiyalarının verildiyi DTX ilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin qarşısına konkret vəzifələr qoyulub.

Müsahibimiz qeyd etdi ki, Mətbuat Şurası olaraq da daha çox yaranan mədəni konfliktlərinin həllində təşəbbüskar qismində iştirak edərək cəmiyyətdə bu halın aradan qaldırılması üçün müəyyən aktivlər edə bilərik.

“Məsələn, nümunə üçün deyim, bu günlərdə Mətbuat Şurası olaraq, media rəhbəri ilə hüquqşünasın üç ildən çox davam edən məhkəmə çəkişməsinin yekunlaşması və barışıq üçün təşəbbüs irəli sürərək bu konflikti aradan qaldırmışıq. Cəmiyyətlə media arasındakı belə konfliktlərin həllində tənzimləyici və nizamlayıcı mexanizmlərin işlənməsinə ehtiyac var. Sosial media, yeni vətəndaş jurnalistikası adlanan medianın bir hissəsidir. Burada haqqında müxtəlif əks kampaniyalar aparılan, ləkələnmiş, şərlənmiş, qaralanmış, dairələr, qruplar, fərdlər öz cavab haqqından istifadə edə bilmirlər. Çünki səviyyəsiz hücumalara cavab vermək üçün insan abır və həyasından utanır. Bu halda dövlət hüquq və təhlükəsizlik orqanlarına müraciət etməklə özünü müdafiə etmək yolu qalır ki, bu da vaxt itkisi, enerji və diqqət itkisi deməkdir. Bu da doğru seçim deyil. Hesab edirəm ki, belə hesablardan, dairələrdən aparılan qara kampaniyaların formalaşdırdığı yanlış fikirlərə qarşı imunitetlər formalaşdıracaq müəyyən bir işlək mexanizmlər olmalıdır”.

Hazırladı: Gülbəniz Hüseynli / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” mövzusu üzrə dərc olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR