Zəfər günü paradı “Dəmir Yumruğ”un gücünü dünyaya nümayiş etdirdi -

“Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbə heç də asan başa gəlməyib. Bunun üçün ölkə başçısı Prezident cənab İlham Əliyev davamlı və effektiv ordu quruculuğu həyata keçirmiş, ölkənin dayanıqlı iqtisadi inkişafın təmin olunması naminə isə düşünülmüş siyasət yürütmüşdür”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında millət vəkili Cavid Osmanov deyib. Vətən müharibəsində Azərbaycanın öz tarixinin ən parlaq qələbəsinə həsr olunmuş 2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında keçirilmiş Zəfər paradının xalqımızın tarixi yaddaşına qızıl hərflərlə yazılmış hadisə olduğunu vurğulayan millət vəkili bildirdi ki, müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin özünün də qeyd etdiyi kimi ordu quruculuğu hər zaman dövlət siyasətinin prioritet istiqaməti olub.

Cavid Osmanov

“Azərbaycan xalqı 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini və Qələbə gününü gözləyirdi. Müharibə dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirdi. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən Azərbaycan tarixi ədaləti bərpa etdi.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Ermənistanı döyüş meydanında məhv etdi. Rəsmi İrəvan uzun illər öz ordusunun yenilməzliyi haqqında mif yaratmışdı. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv etməyib, eyni zamanda Erməni mifini də məhv edib. Cəmi 44 gün ərzində Ermənistan ordusu, onun hərbi texnikası, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, qüdrətini göstərdi. Nəticədə noyabrın 10-da Ermənistan məcbur olub kapitulyasiya aktına imza atdı”.

Vətən müharibəsinin ilk saatlarından etibarən Azərbaycan xalqının qardaş Türkiyənin dəstəyini hiss etdiyini xüsusilə ifadə edən Cavid Osmanov xatırlatdı ki, qardaş Türkiyənin ilk saatlardan Azərbaycanın haqq işinə dəstəyi tək olmadığımızı göstərməklə bərabər qələbəyə inamımızı daha da artırdı.


“2020-ci il dekabrın 10-da Azadlıq Meydanında keçirilmiş Zəfər paradında 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı türk əsgər və zabitləri də iştirak etmişdir. Yerli və xarici rəsmi qonaqlar, diplomatik korpusun nümayəndələrinin də qatıldığı paradı Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etmişdir. İki ölkə rəhbərinin paradı birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesaj olmuşdur. Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqların tarixində əbədi qalacaq qürurverici hadisədir. Parkdakı eksponatlar arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox hərbi avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları var. Burada Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır”.

Zəfər yürüşündən sonra Ali Baş Komandan İlham Əliyev və Türkiyə Cumhuriyyətinin rəhbəri Rəcəb Təyyib Ərdoğanın geniş kütləyə olan nitqlərinin rezonans doğurduğunu ifadə edən Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı sabiq hərbi attaşesi, briqada generalı Yücel Karauz Metbuat.az-a müsahibəsində tarixi Paradın gələcək nəsillərə bir ərmağan olduğunu bildirdi.

"Anlamırlarsa, biz başa salarıq" -

Yücel Karauz

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Türkiyə cumhuriyyətinin rəhbəri Rəcəb Təyyib Ərdoğanın zəfər yürüşündə çıxışları zamanı dedikləri tarixi bir səs-sədaya səbəb oldu. Xüsusən də Ərdoğanın Ənvər Paşadan, Nuru Paşadan, Bəxtiyar Vahabzadədən Əhməd Cavada qədər tarixi Azərbaycan məfkurəsinə xidmət edən nitqi bu zəfər yürüşünün önəmli başlanğıclara addım olduğuna işarə idi. Ərdoğan bildirdi ki, Ermənistan rəhbərləri xalqın sərvətlərini Azərbaycanın torpaqlarını işğal atında saxlamaq üçün sərf etmişlər. Halbuki bu potensial mənasız müdafiə xətlərinə, silahlara, gözlərini kin və qan tutmuş rəhbərlərin ehtiraslarına sərf edilməsəydi, bu gün mənzərə çox fərqli olardı. Erməni siyasətçilərin bunu çox yaxşı təhlil edib, sülh və sabitlik əsasında gələcəyi qurmaq məsələsində cəsarətli addımlar atmalarını arzu edirik”.


83 milyon Türkiyənin ürəyi və nəzərlərinin Azadlıq meydanında olduğu həmin günləri həssaslıqla xatırlayan general qeyd etdi ki, Zəfər paradında Türkiyə- Azərbaycan dostluğunun gücü dünyaya bir daha nümayiş edildi.

“Ali Baş Komandan İlham Əliyev də çıxışı zamanı bildirdi ki, Vətən müharibəsinin ilk günlərindən, daha doğrusu, ilk saatlarından biz Türkiyənin dəstəyini hiss edirdik. Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır. İlham Əliyev bu mübarizədə “Dəmir yumruğun’’ gücünü düşmənə nümayiş etdirdi. Xüsusən də paradda çıxışı zamanı Zəngəzur, Göyçə, İrəvan mahalı bizim tarixi torpaqlarımızdır deməklə çox önəmli bir xüsusa toxundu. İlham Əliyev çıxışının sonunda ''Yaşasın Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı!'' sözləri ilə bitirərək iki dövlətin gücünü bir daha dünyaya nümayiş etdirmişdir”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR