"Heydər Əliyev bir çox xalqların taleyində imzası olan liderdir" -

"Heydər Əliyev nəinki Azərbaycan xalqının, həm də Qafqaz və Mərkəzi Asiya xalqlarının taleyində imzası olan liderdir".

Bu fikirləri Mətbuat.az-a açıqlamasında AMEA Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadə deyib. Müsahibimiz xatırlatdı ki, Heydər Əliyev Qafqazda yerləşən ölkələrin, o cümlədən Azərbaycan Respublikasının milli təhlükəsizliyinin regional təhlükəsizlikdən kənarda mövcud ola bilməyəcəyi gerçəkliyini əsas götürərək onların tənzimlənməsinin üsul və vasitələrinin müəyyənləşdirilməsinə çalışmışdır.

"Ulu öndər təkcə Ermənistanın Azərbaycan ərazilərini işğalı nəticəsində yaranmış münaqişə ilə bağlı deyil, regiondakı digər münaqişələrlə bağlı fikirlərini, mövqeyini də açıq şəkildə ifadə etmişdir. Məhz bu cəhəti Heydər Əliyevin dünyada təkcə Azərbaycanın lideri kimi deyil, ümumilikdə bütün Qafqaz və Mərkəzi Asiya regionunda siyasi proseslərə təsir göstərən lider kimi xarakterizə olunmasına imkan vermişdir. Heydər Əliyev Qafqazı regionda yaşayan xalqaların ümumi evi adlandırır, burada mövcud olan problemlərin və münaqişələrin həlli üçün əməli addımlar atırdı. O, hesab edirdi ki, Qafqazın parçalanması, burada millətlər və xalqlar arasında təfriqələrin, iğtişaşların mövcudluğu zərərlidir və bundan heç bir qüvvənin yararlanmasına imkan verilməməlidir".

E.Kəlbizadə xüsusilə vurğuladı ki, Ümummilli lider Heydər Əliyev milli təhlükəsizliyin regional təhlükəsizliklə bağlılığı ilə yanaşı, qlobal təhlükəsizliyin təmin olunmasının da regional təhlükəsizlikdən keçdiyini ən müxtəlif çıxışlarında əsaslandırmışdı. Bu mənada Ulu öndər Qafqazdakı münaqişələri həm də qlobal təhlükəsizlik üçün başlıca təhdidlərdən biri hesab edirdi.

"Heydər Əliyev məhz bu məqama toxunaraq demişdi: "Qafqazda heç də hər şey sakit deyildir. Təbiidir ki, Qafqazda vəziyyətin qeyri-sabitliyi Avropada sülh, əmin-amanlıq və təhlükəsizlik üçün mənfi amildir".

Heydər Əliyev təkcə Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində yaranmış Qarabağ münaqişəsinin deyil, Qafqaz regionundakı digər münaqişələrin də ədalətli şəkildə tənzimlənməsini zəruri hesab edirdi. Bu münaqişələrin Azərbaycana labüd təsirlərinin olduğunu qeyd edirdi. Heydər Əliyev deyirdi ki, münaqişələrə son qoyulduqdan, Qafqazda tam sülh bərqərar edildikdən sonra həm regiona qonşu ölkələr, həm Avropa dövlətləri, həm də bütün dünya ölkələri ilə iqtisadi əlaqələrin daha sürətlə inkişafına şərait yaranacaqdır".

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR