"Türkmənistan və Azərbaycan əlaqələrini yeni səviyyəyə qaldırır" -

"Biz sizinlə uzun illər Türkmənistan-Azərbaycan əlaqələrinin inkişafı istiqamətində önəmli addımlar atmışıq və bu gün iki qardaş ölkə öz əlaqələrini yeni səviyyəyə qaldırır. Mən çox şadam ki, bütün sahələrdə qardaşlıq, dostluq əlaqələri özünü göstərir".

Metbuat.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyevin dekabrın 14-də Türkmənbaşı şəhərində Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə görüşündə deyib.

"Biz həm siyasi sahədə strateji tərəfdaşıq, həm iqtisadi sahədə son vaxtlar böyük uğurlara imza atmışıq, ticarət dövriyyəsi bir neçə dəfə artıb. Siz də qeyd etdiyiniz kimi, nəqliyyat, tranzit sahəsində də böyük irəliləyiş var. Əsas odur ki, xalqlarımız qardaş xalqlardır və bu gün müstəqil Türkmənistan və müstəqil Azərbaycan öz münasibətlərini bu qardaşlıq əsasında qurur. Bu, həm ölkələrimiz, eyni zamanda, bölgə üçün çox önəmlidir və bu gün üç qardaş ölkə Türkmənistanda, bu gözəl Avazada görüşür. Hesab edirəm ki, bu da əcdadlarımızın ruhunu şad edən bir hadisədir. Çünki bu, təbiidir, belə də olmalıdır, qardaş xalqlar bir yerdə olmalıdırlar.

Fürsətdən istifadə edərək burada gördüklərimlə bağlı fikrimi bölüşmək istərdim. Burada qurduğunuz çox gözəl şərait bizi sevindirir. Avaza doğrudan da beynəlxalq turizm mərkəzinə çevrilir, həm səliqə-sahman, həm gözəllik, həm də yaşıllıq. Xəzər dənizinin sahillərində belə möhtəşəm mərkəzin yaradılması şəxsən Sizin böyük nailiyyətinizdir. Bu münasibətlə Sizi və qardaş türkmən xalqını təbrik edirəm. Dəvətə görə bir daha təşəkkür edirəm", - dövlət başçısı bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR