Deputat Vardanyana:

"Rusiyalı milyarder Ruben Vardanyan qısa müddətdə Qarabağda uğur qazanmalı, "dövlət naziri" kimi özünü göstərməli, hansısa müəyyən nəticələrə nail olmalı, daha sonra isə İrəvanda mühüm vəzifəyə keçməliydi. Konkret olaraq, o, "Qızılbulaq" və "Dəmirli" yataqlarında qanunsuz istismarı bərpa etmək, Xocalı aeroportunu uçuşlar üçün açmaq və qondarma "Artsax"ın nümayəndəsi kimi Bakı ilə rəsmi danışıqlara başlamaq niyyətində idi. Amma Vardanyan indiyədək ona həvalə olunmuş işlərin heç birində irəliləyə bilməyib, əksinə, müşahidə olunan böhrana start verib".

Metbuat.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Rasim Musabəyov deyib. Deputatın sözlərinə görə, azərbaycanlı ekofəalların davam edən etiraz aksiyası Qarabağdakı mədənlərin qeyri-qanuni istismarının və konsentratın xaricə çıxarılmasının qarşısını alıb:

"Vardanyanın yerli büdcəni və separatçı rejimin rəhbərlərinin ciblərini doldurmaq üçün başqa mənbəsi yoxdur və öz milyonlarını sovurmaq onun qaydalarına daxil deyil. Yerli kənd təsərrüfatını inkişaf etdirmək planları məhdud əkin sahələrinə görə maneə törədir. Qapalı şəraitdə tərəvəz yetişdirilməsinə gəlincə, bunun üçün çoxlu elektrik enerjisi və qaz tələb olunur ki, onun çatışmazlığını yalnız Azərbaycan şəbəkələrinə qoşulmaqla aradan qaldırmaq olar. Turizmin inkişaf perspektivləri ilə bağlı vəziyyət oxşardır. Onu kütləvi və gəlirli etmək üçün davamlı nəqliyyat əlaqələri və təhlükəsizlik lazımdır. Tezliklə Ağdama gedən dəmir yolu bərpa olunacaq. Bunu Xankəndinə qədər uzatmaq çətin deyil. Eləcə də Xocalı aeroportundan mülki uçuşlar üçün istifadəyə icazə verilsin. Lakin bütün bunlar yalnız Azərbaycan qanunvericiliyi çərçivəsində və müvafiq tənzimləyici orqanların nəzarəti altında mümkündür. Vardanyan Bakını dialoqa çağırır və vurğulayır ki, Qarabağ xuntasının digər liderlərindən fərqli olaraq, onun əlləri qana bulaşmayıb, çiyinlərində illərlə davam edən qarşıdurma yükü yoxdur. O, Bakıya təklif edir: "Mənə uğurlu dialoq illüziyası yaratmağa kömək edin və mən bu siyasi kapitaldan Ermənistanda prezident və ya baş nazir postunu ələ keçirmək üçün istifadə edim, sonra həm Azərbaycanla, həm də Türkiyə ilə münasibətlərin normallaşmasını təmin edəcəm". Ancaq rəsmi Bakı onunla hər hansı əlaqədən qəti şəkildə imtina edib", - deyə o qeyd edib.

Deputatın sözlərinə görə, Vardanyan üçün Qarabağ və hətta Ermənistan sadəcə siyasi kazino və ya birjadır, onun kök salmaq istədiyi yer deyil.

"Buna görə də sabah yəhudi arvadı vasitəsilə asanlıqla Avropada, ABŞ-da və ya İsraildə peyda olacaq. Vardanyan bir növ təxminən Böyük Britaniyadan Ermənistana gətirilən, pafoslu sözlərindən başqa heç nə ilə yadda qalmayan və 2020-ci ildə Londondan istefa məktubu göndərən narazı prezident Armen Sarkisyanı xatırladır. Vardanyanın siyasi iflası göz qabağındadır. Soyuq müharibə illərində mühasirəyə alınmış Leninqrad və ya Berlinin blokadası ilə "Artsax" arasında paralellər apardığı açıqlamaları sadəcə olaraq gülüncdür. İctimai bəyanatların əksinə olaraq, Qarabağ ermənilərinin taleyi ona yaddır. Vardanyan tapşırıqla hərəkət edir və ona verilən ideyanın iflasa uğradığını başa düşəndə bir biznesmen kimi "Qarabağ dəftəri"ni bağlayıb başqa layihələrə keçəcək. "Erməni millətinə xidmət" bəhanəsi ilə Rusiya vətəndaşlığından imtina və Qarabağ ermənilərinin yükünü öz çiyinlərinə götürmək barədə “qəhrəmanlıq” qərarı ətrafında təbliğat aparmaq Vardanyana sanksiyalar siyahısına düşməkdən yayınmağa və qanunsuz yollarla qazandığı çoxmilyonlu sərvətləri qorumağa imkan verdi. Güman edirəm ki, indiki vəziyyətdə Cənubi Qafqazda əlavə fəsadları özünə yük hesab edən Kreml asanlıqla Vardanyandan imtina edəcək və Moskvanın dəstəyi olmadan o, Qarabağda heç kimə lazım deyil. Bakı üçün Moskvanın "qaranlıq adamı" Vardanyandansa, Paşinyan kimi çətin tərəfdaşla məşğul olmaq daha yaxşıdır. Bu yerdə Azərbaycan meyxanaçılarının hitə çevrilmiş bir sözü yerinə düşür: "Vardanyan, tı kto takoy, davay do svidaniya!".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR