Mİ-6-nın rəhbəri Riçard Mur İrəvana niyə gedib? -

"Mİ-6-nın rəhbəri Riçard Murun İrəvana baş tutan səfərini daha çox Rusiyanın Ermənistana edəcəyi təzyiqlər fonunda onlara dəstək kimi başa düşməliyik".

Bu fikirləri Metbuat.az-a açıqlamasında siyasi şərhçi Azər Qasımov deyib. Analitik bildirdi ki, Ermənistanın Rusiyadan qoparılması prosesi region üçün həlledici məsələdir və bunun nəticəsi kimi digər region ölkələrində də köklü dəyişikliklərin baş verəcəyi şübhəsizdir.

Azər Qasımov

"Ümumiyyətlə, Ermənistan dəyişikliklər üçün regionda açar ölkədir. Qərbin Ermənistana daha çox maraq göstərməsinin səbəbi də budur. Rusiya istər Qarabağ kartı ilə, istərsə də Ermənistandakı daxili imkanları ilə Paşinyan hakimiyyətinin sonunu hazırlamaq istəyir. Bu, Qərb üçün arzuolunmaz məsələ olduğu üçün Paşinyan hakimiyyətinə dəstək mütləqdir. İran və Rusiya faktorunu Ermənistanda zəiflətmək üçün Paşinyan hakimiyyətinin Qərbin dəstəyinə ehtiyacı var. Bu dəstək daha çox siyasidir və kəşfiyyat məlumatları ilə Ermənistan hakimiyyətini təmin etmək məqsədi daşıyır deyə düşünürəm".

A. Qasımov hesab edir ki, Ermənistanın Qərbə inteqrasiyası üçün Qarabağ kartının İran və Rusiyanın əlindən alınması vacib şərtdir. Bu da Qarabağ probleminin həll edilməsidir.

"Görünən odur ki, Qarabağdakı mövcud vəziyyət Mİ6 şefində hadisələrin davamında nəticə etibarilə müəyyən fikirlər yaradıb ki, bu məqamda İrəvana səfər edib. Amma şəxsi fikrim bu səfərin daha çox Ermənistanla əlaqəli olduğu qənaətidir, çünki bir neçə ay öncə ABŞ MKİ-nin rəhbəri U.Börns də İrəvana qəfil gələndə regionda hansısa ciddi dəyişikliklərin olacağını qeyd edirdilər, lakin bu olmadı. Hesab etmək olar ki, eyni ilə, məsələ Ermənistan hakimiyyətinin ayaqda durması məsələsidir".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR