Putinin Si Szinpinə göndərdiyi məktubda nələr yazılıb? -

“Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, Vahid Rusiya Partiyasının lideri Dmitri Medvedyev dekabrın 21-də Çinə səfər edərək bu ölkənin lideri Si Szinpinlə görüşüb. Medvedyev Rusiya Prezidenti Vladimir Putinin məktubunu Si Szinpinə çatdırıb”.

Metbuat.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Politoloq bildirib ki, Si Szinpin Dmitri Medvedyevlə görüşdə iki ölkənin hakim partiyaları arasında əməkdaşlığın dərinləşməsində maraqlı olduğunu bildirib:

“Onun sözlərinə görə, Çin Kommunist Partiyası Vahid Rusiya Partiyası ilə əməkdaşlığı genişləndirəcək. Ancaq yalnız bunu vurğulamaq üçün Pekinə səfər etməyin mənası yox idi.

Medvedyev Si Szinpinlə Pekində görüşərkən Ukrayna Prezidenti Volodimir Zelenski Ağ Evdə ABŞ Prezidenti Co Baydenlə görüşürdü. Kreml Medvedyevi Pekinə göndərməklə sanki Zelenskinin ABŞ-yə səfərinin beynəlxalq aləmdəki reaksiyasını zəiflətmək istəyib. Buna baxmayaraq, Zelenskinin ABŞ-yə səfəri və Konqresdəki çıxışı Medvedyevin Pekinə səfərini kölgədə qoydu. ABŞ Ukraynaya maliyyə və hərbi dəstəyini artıracaq”.

Ekspert qeyd edib ki, Qərb ölkələrinin Rusiyaya qarşı sanksiyaları sərtləşir:

“Kreml belə vəziyyətdə Çinə daha çox neft və qaz satmağa çalışır. Pekin Rusiya neftinin və qazının idxalını artırmağa hazırdır, sadəcə, qiyməti endirməyə çalışır.

Əsas sual budur: Putinin Si Szinpinə göndərdiyi məktubda nələr yazılıb?

Qərb ekspertləri məktubda Rusiya-Çin əməkdaşlığının bütün sahələrdə genişlədirilməsinin vacibliyinin yazıldığını bildirirlər. Rusiyanın tərəfdaşlarının sayı azalıb. Ukraynaya qarşı işğalçı müharibə çoxlarını Kremllə yaxınlıqdan çəkindirib, hətta Dehli belə Moskva ilə münasibətlərdə məsafə saxlamağa çalışır. Odur ki, Kremlin əsas ümidləri Çinədir. Kreml Ukraynaya qarşı işğalçı müharibədə Çini yanında görmək istəyir”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR