"Rusiya-Ukrayna müharibəsi ölkəyə pul axınını artırıb" -

" 2022-ci il fevralın 24-dən Ukraynada total işğalçı müharibə aparan Rusiya hazırda 13 mindən çox sanksiya altındadır, sanksiyalar bank sektorunu da əhatə edir".

Metbuat.az xəbər verir ki, bu barədə iqtisadçı Samir Əliyev Rusiya-Ukrayna müharibəsinin Azərbaycanın bank sektoruna təsirindən yazan zaman qeyd edib.

Rusiya iqtisadiyyatına, o cümlədən banklarına tətbiq edilən sanksiyaların Azərbaycanın bank sisteminə təsirini qiymətləndirən iqtisadçı qeyd edir ki, əsas yenilik əmanət bazarında qeydə alınıb:

“Əmanət bazarında əhəmiyyətli artım, əmanətlərin strukturunda diqqəti çəkən dəyişikliklər baş verib. Depozit sahibləri daha çox uzunmüddətli olmayan yatırımlara üstünlük veriblər. Rəsmi hesabata görə, 2022-ci ilin 11 ayında fiziki şəxslərin əmanət yatırımı 25,5 faiz artaraq 11,6 milyard manata çatıb. Bu, tarixi rekorddur.

Diqqəti cəlb edən digər dəyişiklik ölkə üzrə qeyri-rezidentlərin əmanət qoyuluşunun artmasıdır. 2022-ci ilin 11 ayında xarici ölkə vətəndaşlarının yatırdıqları əmanətlər 3,5 dəfə ataraq 301,3 milyon manatdan 1,1 milyard manata yüksəlib. Bu, 2016-cı ilin fevralından sonra ən yüksək göstəricidir. Bununla da qeyri-rezidentlərin ümumi əmanətlərdə payı 3,3 faizdən 9,2 faizə yüksəlib. Qeyri-rezidentlərin əmanətlərində artım əsasən xarici valyutalar hesabına baş verib. Onların manatla əmanəti 139,2 milyon manatdan 303,3 milyon manata, xarici valyutada əmanəti 162,1 milyon manatdan 762 milyon manata yüksəlib. Fiziki şəxslərin yatırdığı vəsaitlər əsasən qısamüddətli olub. Uzunmüddətli əmanətlərin artımı 9,1 faiz olduğu halda qısamüddətli əmanətlərdə artım 31 faizə çatıb. Depozitlərin strukturunda müşahidə edilən digər məqam tələb olunanadək depozitlərin artım tempinin müddətli depozitlərin artım tempini üstələməsidir. Ev təsərrüfatlarının tələb olunanadək depozitləri ötən ilin 11 ayı ərzində 42,2 faiz artıb”.

Ekspert bildirib ki, Rusiya-Ukrayna müharibəsinin digər təsiri ölkəyə pul axınının əhəmiyyətli dərəcədə artmasıdır.

"Mərkəzi Bankın məlumatına görə, 2022-ci ilin yanvar-sentyabr aylarında fiziki şəxslərin Azərbaycana göndərdiyi pul baratlarının həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,6 dəfə artaraq 409,4 milyon dollardan 2,8 milyard dollara yüksəlib. Artımın əsas lokomotivi Rusiyadan daxil olan vəsaitlərdir. Rusiyadan Azərbaycana fiziki şəxslərin göndərdikləri pulun həcmi 5,5 dəfə artaraq 409,4 milyon dollardan 2,3 milyard dollara qalxıb. Bununla Rusiyadan gələn pul vəsaitlərinin ümumi mədaxildə payı 53 faizdən 81,6 faizə yüksəlib. 2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycandan xaricə pul köçürmələrində 30 faizlik artım qeydə alınıb. Ümumi köçürmənin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 402,3 milyon dollardan 521,5 milyon dollara yüksəlib. Rusiyaya pul köçürmələrində 20 faizlik azalma baş verib".

S.Əliyev qeyd edib ki, ötən ilin yanvar-sentyabr aylarında Azərbaycan iqtisadiyyatına yönəldilmiş birbaşa xarici investisiyalarda Rusiyanın payı 10,5 dəfə artıraraq 35,9 milyon dollardan 377,7 milyon dollara yüksəlib. Azərbaycandan Rusiyaya yatırımlar isə 11,6 milyon dollardan 9,6 milyon dollara enib.

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR