Tanınmış ekspertlər MEDİA-nın 2 illik fəaliyyətini

Bu gün adında məqsəd və məramını ifadə edən Medianın İnkişafı Agentliyinin yaranmasından iki il ötür.

Agentlik 2021-ci ilin yanvarın 12-də Prezident İlham Əliyevin Fərmanı ilə yaradılıb. Müvafiq sahənin inkişafını təmin etmək, bu sahədə dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək, aidiyyəti dövlət orqanları ilə əməkdaşlıq etmək, təkliflərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək Medianın İnkişafı Agentliyinin əsas fəaliyyət istiqamətləridir.

Metbuat.az qurumun yarandığı iki il ərzindəki fəaliyyəti ilə bağlı tanınmış media ekspertlərinin fikirlərini öyrənib.

Jurnalistlərin Həmkarlar İttifaqının sədri, media eksperti Müşfiq Ələsgərli Metbuat.az-a açıqlamasında diqqəti Azərbaycanda media məkanının yenilənməsinə yönəldərək bildirdi ki, bu müstəvidə səliqə-səhman yaradılması üçün çox əhatəli bir proses gedir.

Azərbaycan jurnalistləri 2022-ci ildə:

Müşfiq Ələsgərli

“Yeniləmə prosesi media məkanında şəffaflığın yaradılması, peşəkarlığın artırılması, qanunvericiliyin təkmilləşdirilməsindən başlamış, KİV təsisçiliyində yeni standartların tətbiqinə, KİV-lərin iqtisadi dayaqlarının möhkəmləndirilməsinə qədər ən müxtəlif istiqamətləri əhatə edir. 2019-cu ildən etibarən başlayan son islahatlar dalğası 2021-ci ildə Prezident İlham Əliyevin imzaladığı “Media sahəsində islahatların daha da dərinləşdirilməsi” adlı sərəncamla intensivləşib. Hazırda ölkəmizdə medianı xaotik vəziyyətdən ayırıb inkişaf yoluna çıxarmaq üçün çoxşaxəli, böyük proqram həyata keçirilir. Proqram KİV məkanında kadr, struktur dəyişikliyindən başlamış təlim-tədris proqramlarının yenilənməsinə, hüquqi bazanın modernləşdirilməsinə qədər ən müxtəlif qütbləri əhatə edir. Məsələ ondadır ki, islahatlar proqramı kontekstində yaradılan Medianın İnkişaf Agentliyi, bu gün özü yenilənmə proseslərinin mərkəzində dayanır, prosesdə koordinator rolunda çıxış edir. “Media haqqında” yeni qanunun hazırlanmasından başlamış, peşəkarlıq kurslarının keçirilməsinə, Media reyestrinin tətbiqinə qədər ən müxtəlif vəzifələri yerinə yetirir. MEDİA-nın koordinatorluğu ilə islahatlar çərçivəsində təlim-tədris mexanizmləri də yenidən qurulur. Kurslar təkcə jurnalistlər üçün deyil, media sahibkarları, media idarəçiləri üçün də təşkil edilir. Müasir media menecmenti standartlarının Azərbaycan KİV-lərində yer tutmasına rəvac verir. Qısa bir müddətdə -2 il ərzində bu qədər işləri qurmaq, yeni mexanizmlər yaratmaq ciddi əzmkarlıq, iradə və peşəkarlıq tələb edir. Sevindirici haldır ki, MEDİA bütün bu işlərin öhdəsindən gəlir”.

ADA Universiteti İctimai və Beynəlxalq Münasibətlər Məktəbində Kommunikasiya və rəqəmsal media proqramının direktoru Şəfəq Mehrəliyeva Metbuat.az-a açıqlamasında bildirdi ki, Prezident İlham Əliyevin ölkədə media sahəsində islahatlara dəstək məqsədilə yaratdığı Medianın İnkişafı Agentliyi fəaliyyətini qurarkən ADA-nı ilk gündən akademik tərəfdaş kimi seçib. Universitetin media, ictimaiyyətlə əlaqələr mövzusunda çoxsaylı təlimlər və konfranslara ev sahibliyi etdiyini deyən Şəfəq Mehrəliyeva qeyd etdi ki, onların öncədən ümidi də bu idi ki, bu proses tədricən ölkədə media sahəsinə yeni sağlam meyillər gətirəcək.


Şəfəq Mehrəliyeva

“Bu gün artıq onun şahidi oluruq ki, gözləntilərimizdə yanılmamışıq - ADA Universitetinin sinif otaqlarında MEDİA ilə başladığımız birgə proses genişlənərək ölkədə medianı müasir elmi sahə kimi formalaşdırmaqda və praktiki tərəfdən keyfiyyətli media barədə fikir mübadiləsini artırmaqdadır. Bu təlim və tədbirlərdə biz təkcə sözün və fikrin keyfiyyətini artırmaq deyil, həm də medianın rəqəmsallaşması, idarəedilməsi, vizual tərtibatını diqqətdə saxlayır, yerli və xarici mütəxəssislərdən öyrənirik. Məlumdur ki, son illərin informasiya texnologiyaları inqilabı jurnalistlərə yeni imkanlar açmaqla yanaşı, onların peşəkar məqsədlərə çatmasını da mürəkkəbləşdirdi. İnternet araşdırma, məlumatlandırma, maarifləndirmədə auditoriyaya çıxışı genişləndirdi. Eyni zamanda, gündən-günə böyüyən sosial media platformalaları obyektiv ortamı qorumaq işini çətinləşdirdi. İnformasiya bolluğu dövründə doğru, dürüst, hərtərəfli, qərəzsiz məlumat məkanını necə təmin edə bilərik? Bu suala tək biz yox, hazırda dünyanın bütün ölkələri cavab axtarır. Azərbaycanda ictimaiyyətə faydalı olan medianı formalaşdırmaq üçün ADA Universiteti MEDİA Agentliyi ilə əməkdaşlığı davam etdirəcək”.

Agentliyin iki illik fəaliyyətini dəyərləndirən BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu Metbuat.az-a açıqlamasında maraqlı məqamlara diqqət çəkərək vurğuladı ki, öz kökünə istinadən, əsas meyarları, dəyərləri unutmamaqla bu gün Azərbaycan mediası yeni tendensiyaları özündə ehtiva etməklə fəaliyyətini davam etdirir.

Vüqar Zifəroğlu

“Azərbaycan mediası çox böyük tarixi inkişaf yolu keçib. Keçdiyi bu inkişaf yolu, sözün əsl mənasında, şərəfli bir tarixdir və böyük salnamədir. “Əkinçi”dən başlanan bu yol Azərbaycan mətbuatının, Azərbaycan jurnalistikasının şanlı tarixi kimi dəyərləndirilir. Bizim böyük publisistlərimiz, məktəb yaratmış mətbuat nümunələrimiz var. Müasir dövrdə də Azərbaycan mediası öz ənənələrindən çıxış edərək, sadiqlik nümayiş etdirərək bu gün də fəaliyyət göstərir. Təbii ki, söhbət professional jurnalistikadan gedir. Medianın İnkişafı Agentliyinin yaradılması isə yeni bir səhifədir və son dərəcə əhəmiyyətli bir addım oldu. Ümumiyyətlə KİVDF-nin ləğvi və Media İnkişaf Agentliyinin yaradılması media sahəsində islahatların başlanğıcı hesab edilə bilər”.

Agentliyin öz fəaliyyəti ilə mediamızın tərəqqisində əhəmiyyətli rol oynadığını bildirən Vüqar Zifəroğlu hesab edir ki, Media onun maddi-texniki bazasının yaxşılaşdırılmasına dəstək verir.

“Ümumiyyətlə, bu dəstək mediada müasir texnologiyaların və innovasiyaların tətbiqini stimullaşdırmaqla yanaşı, XXI əsrin çağırışlarına cavab verən peşəkar medianın formalaşmasına dəstək olur, mediamızın nüfuzunun artmasına təkan verir. Bu müasir, peşəkar, qərəzsiz medianın formalaşmasının zərurətindən irəli gələn addımdır. Media hər zaman dinamik və dəyişkən bir sahə olub. Çünki texnologiyalar inkişaf edir, jurnalistikanın özü simasını dəyişir. Dəyişikliklər təbii olaraq özünü göstərməlidir. Janrlar dəyişdikcə, jurnalistikanın prinsiplərinə, jurnalistikanın fəlsəfəsinə baxış dəyişir. Bu mənada Medianın İnkişafı Agentliyinin fəaliyyəti təqdirəlayiqdir. Vurğulamaq yerinə düşər ki, bu mənada yeni medianın hüquqi tənzimlənməsi mexanizmlərinin, elə Media Haqqında Qanunun hazırlanması baxımından da Agentliyin üzərinə böyük vəzifələr qoyuldu və bunun öhdəsindən gəlindi. Çox müsbət haldır ki, agentliyin nizamnaməsində media sahəsində mütəxəssislərin hazırlanması istiqamətində əlavə təhsilin təşkili məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur və bu istiqmətdə əməli addımlar atılır”.

Yarandığı vaxtdan bu günə qədər Agentliyin təşkil etdiyi çoxsaylı təlim və seminarlara diqqəti yönəldən müsahibimiz qeyd etdi ki, bu fəaliyyət istiqamətlərinin hər biri jurnalistlərimizin məhz müasir çağırışlara cavab verəcək peşə vərdişlərinə yiyələnməsinə böyük dəstək verməkdədir.

“Bu mənada vurğulamaq istərdim ki, Medianın İnkişaf Agentliyi ilə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin sıx əməkdaşlığı mövcuddur. Agentliklə birlikdə fakültə tələbələri üçün əcnəbi ekspertlərin iştirakı ilə müxtəlif təlim və treninqlər təşkil edilir, eyni zamanda Media Könüllüləri layihəsində tələbələrimiz aktiv iştirak edirlər, fakültə peşəkar professor-müəllim heyəti Agentliyin layihələrində ekspert, təlimçi qismində işə cəlb olunurlar. Medianın İnkişaf Agentliyinə bundan sonrakı fəaliyyətlərində də uğurlar arzu edir, ürəkdən təbrik edirəm”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR