"Qorbaçov fotolara baxıb nələr etdiyini öz gözləri ilə gördü" -

Bu gün o qanlı 20 Yanvar faciəsindən 33 il ötür. Dəyişən təqvimdə rəqəmlərdir. Hər ilin bu günü Azərbaycan xalqı o gecəninin ağrısını yenidən yaşayır. Bir gecədə xalq 150 şəhid verdi.

Qanlı günün şahidi, gördüklərini lentə alan fotoqraf Tahir Cəfərov gördüklərini Metbuat.az-a danışıb.

Tahir Cəfərov 1948-ci ildə Bakıda anadan olub. Ömrünün 60 ilini foto sahəsinə ayırıb. 1962-ci ildən fotoqrafiya ilə məşğul olur. Fotomüxbir kimi ilk dəfə olaraq fotolarını "Azərbaycan pioneri"ində nəşr etdirib, daha sonra "Parıltı" və "Sağlamlıq" jurnallarında və "Bakinski raboçi" qəzetində öz foto işlərini nəşr etdirib. Bundan sonra Azərbaycanfilm kinostudiyasında bir müddət çalışıb. O, həm də Maestro Niyazinin xüsusi fotoqrafı kimi çalışıb.

20 Yanvar hadisələrinə gəlincə, Tahir Cəfərov həmin gündən etibarən 3 gün müddətinə 7 mindən çox fotodan ibarət 12 albom düzəldib.

Tahir bəy, həmin günü necə xatırlayırsınız?

- Səhər tezdən alaqaranlıq idi, gördüm təlatüm var. Çıxdım gördüm ki, belə bir hadisə baş verib. Səhər tezdən məscidə getdim və orada fotolar çəkdim. Ondan sonra isə meydana getdim. Mən həmin günlər tam 3 gün 20 Yanvar hadisələrini lentə aldım. 3-cü gün Elmira Qafarovaya çəkdiyim fotoları - bir albomda 200-ə yaxın foto vermişdim. O da həmin fotoları Qorbaçova verib. Qorbaçov da fotoları kənara tullayıb və deyib ki, bunlar saxtadır. Elmira Qafarova da deyib ki, bunlar saxta deyil. Qorbaçov fotolara baxıb və nələr etdiyini öz gözləri ilə görüb.

Dediniz ki, ilk məscidə getdim.

- Məsciddə fotolar çəkmişdim. Məscidə gətirilənlər vəhşicəsinə öldürülmüşdü. Qolu, qıçları yox idi. Çoxunun adlarını öyrəndim, fotolarını çəkdim. Sonra aidiyyatı orqanlara göndərdim və onların sahiblərini tapdıq. Bəzilərinin ailələri özləri gəlmişdi. Bilirsiniz, orada mənim 1-ci sinifdə fotolarını çəkdiyim uşaqlar var idi. Bu dəfə mən onların meyitlərini çəkdim. Xatırlayıram, 20 nömrəli məktəbin şagirdləri var idi, 1-ci sinifdə onların fotolarını çəkmişdim. Həmin qanlı gecənin qurbanı olmuşdular. Məktəbdə çəkdiyim uşaqlar idi ki, böyüyəndən sonra mən onların meyitlərini çəkdim.

Bəs meydanda nə baş verirdi?

- Mən getdim meydana, meydan axıra qədər adamla dolu idi. Səhər tezdən insanlar yığışmışdılar meydana. Gəldilər orada da insanları qırdılar. Lakin millətimizin əzmini sındıra bilmədilər. İnsanlar çox səliqəli şəkildə sıraya düzülmüşlər, mədəni xalq kimi biz meydanda qalıb əzmimizi göstərdik. Hətta mən orada iki erməni gördüm. Həmin erməniləri tanıyırdım. Onlar Bakıda yaşamayıblar, yalnız 20 Yanvar hadisələri ilə bağlı Bakıya gəlmişdilər. Həmin şəxslərdən biri Qorbaçovun, biri də Raisanın qohumu idi. Rejissor və operator olan həmin ermənilər baş verən hadisələri izləmək üçün meydanda idilər. Elə ikisini də Raisa göndərmişdi. Onlar çəkdiklərini Qorbaçova da göstərmişdilər, amma bu Qorbaçovun vecinə deyildi. Çünki özü bunu təşkil etmişdi.

Tahir bəy, 20 Yanvar hadisə ilə bağlı insanların yumruqları göydə olan bir foto çəkmisiniz.

- Meydandan çıxıb Prezident Aparatının önünə gəldim və orada çoxlu insan var idi. Həmin an qışqırdım ki, yumruqlarınızı qaldırın, göstərin ki, yumruğumuz var bizim. Bundan sonra hamı yumruğunu qaldırdı və mən həmin fotonu çəkdim.

1990-cı ilin 20 yanvar tarixinin səhəri günü

- Şəhəri gəzdim fotoaparatımla. Hər yeri dağıtmışdılar. Bu şəhəri dağıdanlar bilirsiniz kim idi? Uşaqlıqda valideynləri tərəfindən atılan, zibil yeşiyinə tulladılan uşaqlar idi. Bunların arasında erməni mənşəlilərini seçiblər və onları vəhşi kimi böyüdüblər. Elə bir vəhşi formasında ki, Bakıya gələndə heç nədən qoxmadan kim gəldi öldürürdülər, hər yeri dağıdırdılar. Mən onlardan birinə dedim ki, sizin ananız, bacınız var? Biri qayıdıb dedi ki, bizim ata-anamız əlimizə düşsə, onları didib dağıdarıq, çünki biz atılmış uşaqlarıq. Açıq-aşkar dedi bunu. Onlar çox vəhşi adamlar idi. Qardaşım vağzalda işləyirdi həmin zaman. Oraya gedib hər yeri dağıtmışdılar. Sırf araq üçün. Onlar araq içmək üçün ölürdülər. Sonra gedib telestudiyanı dağıtmışdılar. Bu vəhşiliklər çox baha başa gəldi bizə. Hələ bizə də fotoları çəkməkdə maneçilik törədirdilər.

Ermənilərin vəhşiliyi hələ də davam edir. Bizim sərvətlərimizi talayıblar.

- Bəli. Bir faktı qeyd edim. Qarabağda işğalçılıq edənlər erməniləri ora tökərək onlara vədlər vermişdilər. Demişdilər ki, sizə hər cür şərait yaradırıq. Bir şərtlə ki, burada nəsillərinizi çoxaldın. Hətta onlara hər ay pul verirlərmiş. Övladı olana, hələ əkiz doğana 5 qat pul ödüyürlərmiş. Həmin şəxslər hələ də Xankəndidədilər. Bunlar faktdır. Bəziləri artıq qaçır oradan. Ancaq bizim təbii sərvətlərimizi talayıblar. Böyük tırlarla var-dövlətimizi talayıblar.

Hazırda fotoqraflıq fəaliyyətiniz davam edir, Tahir bəy?

- İnfarkt keçirmişəm, indi bərpa dönəmindəyəm. Evdə oturan deyiləm heç vaxt. Uşaqlar necə böyüyüb heç bilmirəm. Çünki mənim həyatım fotoqrafiya idi. Hazırda 260 manat alıram. Yenə davam edəcəm işimə.

Müxbir: Gülər Seymurqızı

Fotolar: Səbinə Qasımova

Tahir Cəfərovun həmin gün lentə aldığı fotolardan bəziləri:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR