“İran rəsmilərinin “şəxsi münaqişə zəmini” ilə bağlı açıqlamaları absurddur”​ -

“Tehrandakı səfirliyimizə xain hücum teror hadisəsidir və İran rəsmilərinin “şəxsi münaqişə zəmini” ilə bağlı açıqlamaları absurddur”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında Yaxın Şərq Ölkələri üzrə ekspert Vüqar Zifəroğlu deyib. Müsahibimiz hücumla bağlı İran mediasında yayılan məlumatların da dezinformasiya xarakteri daşıdığını vurğulayaraq bildirdi ki, yayılan informasiyalar aldadıcı xarakterə malikdir.

Vüqar Zifəroğlu

“Bu səbəbdən həmkarlarımızdan hücumla bağlı İran mediasında yayılan xəbərlərə münasibətdə diqqətli olmalarını xahiş edirəm. Hücum anı ilə bağlı yayılan videogörüntülərdən müşahidə etmək olar ki, bu terror əvvəldən planlaşdırılıb və düşünülüb. Hücum edən şəxs xüsusi təlim keçmiş və silahla peşəkarcasına davrana bilən biridir. Hücumun gedişatından görmək olur ki, səfirlik binasına daxil olan şəxs konkret olaraq səfirlik əməkdaşlarını qətl etmək, terror törətmək məqsədi ilə ora daxil olub”.

Hücum zamanı səfirliyin ətrafının qorunmaması məsələsinin ciddi şübhələr yaratdığını qeyd edən V.Zifəroğlu bildirdi ki, diplomatların və diplomatik binaların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Vyana Konvensiyası mövcuddur və diplomatik fəaliyyət Vyana Konvensiyası əsasında tənzimlənir. Analitik xatırlatdı ki, konvensiyanın maddələrinə əsasən, səfirlik binaları toxunulmazdır və bu toxunulmazlığı səfirliyin yerləşdiyi ölkə təmin etmə öhdəliyi daşıyır.

“Bu hücum Azərbaycana təhdid xarakteri daşıyır. Amma anlamırlar ki, belə təhdidlərlə nəyəsə nail olmaq olmaz. Heç şübhəsiz ki, bu hücumun cavabı veriləcək. Bildiyiniz kimi, hər ölkənin səfirliyi beynəlxalq hüquq nöqteyinəzərdən toxunulmazdır və yerləşdiyi ərazi həmin ölkənin ərazisi hesab edilir. Vətənimizin bu kiçik parçasına edilən xaincəsinə saldırı nəticəsində qəhrəmancasına şəhid olan səfirlik əməkdaşımıza Allahdan rəhmət, yaralımıza acil şəfa diləyirik”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR