"Azərbaycanın İrandakı səfirliyində terror aktı törədilməsi ölkəmizdə şiddətlə qınanılır və tezliklə bu terror hadisəsini törədənlər, onun arxasında dayanan qüvvələr aşkar olunub, cəzalandırılması tələb olunur".
Bu fikirləri Metbuat.az-a açıqlamasında millət vəkili Cavid Osmanov deyib. İranın həmişə terror yuvası olduğunu xatırladan millət vəkili hesab edir ki, həm İran daxilində, həm də ayrı-ayrı ölkələrdə terror hadisələrinin törədilməsində teokratik rejim hər zaman dəstək vermişdir.

Millət vəkili Cavid Osmanov
"İranda heç bir səfirliyin, o cümlədən də Azərbaycan səfirliyinin diplomatik nümayəndəliyinin toxunulmazlığına zəmanət yoxdur. Çünki bu ölkədə başdan ayağa indiki hakimiyyət, terror törədənlərin terror təşkilatlarını yaradıb və arxasında dayanan qüvvələrdən ibarətdir. Bu günə kimi burada bir çox səfirliklərə konsulluqlara, beynəlxalq nümayəndəliklərə, xarici vətəndaşlara terror aktı törədilmişdir və Azərbaycan səfirliyində törədilən bu terror aktı da , şiddətlə qınanır və cəmiyyətimizi çox ciddi narahat edib. Azərbaycan tərəfi İrandan məsələ ilə bağlı obyektiv araşdırma gözləyir və onun tezliklə nəticələrini təqdim etməsini gözləyir. Amma istənilən halda İran tərəfinin bunu obyektiv araşdıracağını ümidlərimiz çox azdır. Çünki İranın ümumilikdə Azərbaycana xüsusən qərəzli mövqe nümayiş etdirilməsi, əsassız ittihamlar səsləndirməsi, Azərbaycanla münasibətlərin gərginləşdirilməsi fonunda bütün bunlar heç də ümidverici deyil".
Hadisəni törədən isə Rasim Hüseynzadənin İran vətəndaşı olduğunu xatırladan Cavid Osmanovun qənaətinə görə, birmənalı olaraq qeyd etmək olar ki, onu İranın xüsusi xidmət orqanları, xüsusilə də SEPAH-la əlaqəli olduğuna dair çox böyük şübhələr var. Cavid Osmanov hesab edir ki, səfirliyimizin mühafizəçisi hücumun qarşısını alıb terrorçunun qarşısına çıxmasaydı çox güman ki, səfirliyin bütün əməkdaşlarının qətlə yetirilməsi planlaşdırılmışdı və bunu da həyata keçiriləcəkdilər.
"Səfirliyimizin təhlükəsizlik xidmətinin rəisi qətlə yetirilərək şəhid olmuşdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Əlbəttə ki, həmin ərazidə İran daxilində baş verən hadisələrdə hər bir yerdə polis nümayəndələri mövcuddur və orada yaxınlıqda olan polis terrorun qarşısını almaq üçün heç bir cəhd göstərməyib, hazırda da hər hansı bir operativ addımların atılması müşahidə olunmur. Çox təəssüf ki, artıq İran tərəfi məsuliyyəti üzərindən atmaq üçün məsələnin mahiyyətini təhrif etməyə çalışır. Problemin guya ki, məişət hadisəsi olması və həmin terrorçunun həmin əraziyə görə öz uşaqları ilə gəlməsi kimi absurd fikirlər səsləndirib bu kimi yalan məlumatlar yayırlar. Bunlar yalandır və İran xüsusi xidmət orqanları ilə bağlılığı olan terrorçunun hədəfdən yayındırmaq məqsədi daşıyaraq beynəlxalq ictimaiyyətə yanlış rəy formalaşdırılması məqsədi güdür".
Müsahibimiz onu da qeyd etdi ki, birmənalı olaraq beynəlxalq hüquq və normalara uyğun olaraq istənilən ölkənin səfirliyinin, diplomatik nümayəndələrinin, səfirliyin nümayəndələrinin həmin ölkə tərəfindən qorunması məsuliyyəti həmin ölkəyə daşıyır və bu hadisədə məsuliyyəti əlbəttə ki, İran hakimiyyəti daşımalıdır. Çünki Azərbaycan səfirliyinə edilən hücum İranda baş vermişdir.
"Bir daha qeyd edirəm ki, bunun arxasında dayanan qüvvələr ciddi araşdırılmalı, onlar hüquq qarşısında cavab verməlidir və belə cılız addımlarla guya ki, Azərbaycana hansısa bir təsir və yaxud təzyiq nümayiş etdirməsi yanlış fikirdir. Azərbaycan bundan sonra da öz qətiyyətli addımlarını atacaqdır. Milli maraqlara söykənən siyasətini davam etdirəcəkdir".
Gülbəniz Hüseynli / Metbuat.az