Qəbələ, 2 iyun, Şahnəzər Bəşirov, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin xüsusi səyyar “ASAN xidmət” avtobusu Qəbələ rayonuna gəlib.
AZƏRTAC xəbər verir ki, “ASAN xidmət”in əməkdaşları iyunun 1-dən etibarən Qəbələ və İsmayıllı rayonlarının əhalisinə xidmət göstərməyə başlayıblar. İyunun 15-dək Qəbələnin 101 min, İsmayıllının 84 mindən çox sakini “ASAN xidmət”dən yararlanacaq. Xidmətə müraciət etmək istəyən şəxslər Qəbələ şəhərinin mərkəzində, “Kapitalbank”ın inzibati binasının yanında quraşdırılan elektron növbə sistemi vasitəsilə qeydiyyatdan keçib, zəruri sənədləri təqdim edə bilərlər. Xidmət yerindəcə göstərilir. Əgər bu, mümkün olmazsa, vətəndaşın sənədləri xidməti həyata keçirən müvafiq dövlət orqanının yerli nümayəndəliyinə göndərilir və müraciət edən şəxs növbəti prosedurlar barədə ətraflı məlumatlandırılır.
Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Göstərilən xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınan hüquqlara və onların məhdudlaşdırılmasına dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.
Səyyar xidmət zamanı vətəndaşlara dövlət xidmətləri daha rahat, yeni və innovativ üsullarla göstəriləcək, əlçatanlıq və vətəndaş
məmnunluğu təmin ediləcək.