Ermənistan bu il sülh müqaviləsini imzalayacaqmı? -

Bir neçə gün bundan əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Berlində almaniyalı həmkarı Annalena Burbokla birgə mətbuat konfransında deyib ki, Ermənistan bu günlərdə Azərbaycandan sülh müqaviləsi ilə bağlı daha bir təklif alıb. Mirzoyanın sözlərinə görə, rəsmi İrəvan həmin təklifləri nəzərdən keçirir.

Mirzoyan açıqlamasında Bakını sülh prosesinə əngəl yaratmaqda suçlayıb. Ermənistan XİN başçısı qeyd edib ki, Ermənistan və Azərbaycan bəzi məsələlərdə mövqelərini yaxınlaşdıra bilib, lakin əlavə edib ki, Ermənistan tərəfinin bu prosesdə öz prinsipial məsələləri var və onlar dəfələrlə ictimaiyyətə açıqlanıb.

Ermənistan XİN rəhbərinin bu açıqlamasından bəlli olur ki, İrəvan Bakı ilə sülh masası arxasına keçmək üçün müddəti uzadır. Vətən müharibəsindən sonra Azərbaycan Ermənistana münasibətlərin normallaşması üçün 5 bəndlik təklif irəli sürdü. Amma Rəsmi İrəvan müxtəlif bəhanələrlə sülh sazişi mətninə “Dağlıq Qarabağ” ifadəsinin, Qarabağda yaşayan ermənilərin gələcək statusu ilə bağlı hansısa bəndin əlavə olunmasına cəhd etdikləri üçün sülh müqaviləsinin imzalanması gecikir.

O zaman sual oluna bilər ki, Mirzoyanın açıqlamalarında məqsəd nədir? Nə üçün Ermənistan hələ də qarşılıqlı əməkdaşlıq və regionda sülh və sabitlik şəraitinin yaranmasına razılaşmır?

Sualımıza cavab olaraq siyasi şərhçi Azər Qasımov Metbuat.az-a bildirdi ki, Ermənistanın sülh müqaviləsi məsələsində maraqlı olduğuna inanmaq sadəlövhlük olardı.

Azər Qasımov - siyasi şərhçi

“Azərbaycan hələ də regionun güclü dövləti kimi sülhə meylli və regionda sülhün olmasında maraqlı olduğunu göstərir. Bunun üçün sülh müqaviləsi məsələsini müharibədən keçən iki ildən çox müddətdə hər zaman gündəmdə saxlayır. Bu müddət ərzində hər ilin sonunda az qala sülh müqaviləsi imzalanacağı deyilsə də, sonda Ermənistanın qeyri-konstruktivliyi səbəbindən bu baş verməyib. Hesab edirəm ki, bəzi məsələlər öz həllini tapmasa, bu ilin sonuna qədər sülh müqaviləsinin imzalanması ləngiyəcək.

Azər Qasımov deyir ki, Ermənistan Türkiyədəki seçkilərin və Rusiya-Ukrayna müharibəsinin nəticələrini gözləyir. R.T.Ərdoğanın yenidən seçilməsi və Rusiyanın məğlub şəkildə müharibədən ayrılması durumunda sülh müqaviləsi imzalana bilər.

“Əks halda bu, mümkün olmayacaq. Ancaq məsələ elə də sadə deyil. Rusiyanın məğlub olması tək Ermənistan üçün deyil, Qərb üçün də maraqlı vəziyyət yaradır. Bu zaman Ermənistan Qərbin müəyyən dairələrinin dəstəyinə də ümid edib sülh müqaviləsini uzada, Azərbaycandan daha məqbul şərtlər altında sülh istəyə bilər. Göründüyü kimi, vəziyyəti mürəkkəbləşdirən amillər çoxdur. Azərbaycanın indiki durumda sülh müqaviləsi imzalamaqla gələcək mümkün problemlərdən qaçmaq istədiyi bununla bağlıdır”.

Müsahibimiz hesab edir ki, Ermənistan üçün sülh müqaviləsi ermənilərin bir çox iddia və arzularının üzərindən xətt çəkilməsi deməkdir.

“Ermənilər Azərbaycan və Türkiyə ilə düşmənçiliyi milli ideologiya halına gətiriblər. Sülh onların həyat fəlsəfələrini əllərindən almaq deməkdir. Bu, erməni toplumunun yıxılması, deqradasiyası, onları birləşdirən amallarının əllərindən alınması deməkdir. Bu, eyni zamanda, bir sıra beynəlxalq dairələrin də əllərinin bağlanması, xüsusilə də, Türkiyəyə təzyiqlərin yox olması deməkdir. Ona görə də, hesab edirəm ki, hələ sülhdən danışmaq üçün çox iş görülməlidir və hətta bu, mümkünsüz dərəcədə çətin bir işdir. Erməni cəmiyyətinin Türkiyədəki zəlzələyə verdiyi reaksiya bəs edir ki, sülh barədə danışmağın mənasız olduğunu başa düşək”.

2022-ci il dekabrın 22-də İrəvan Ermənistan, Rusiya və Azərbaycan xarici işlər nazirlərinin görüşündə iştirakdan imtina etmişdi. 2023-cü il fevralın 8-də ER xarici işlər naziri Ararat Mirzoyan baş tutmayan görüşə istinad edərək bildirib ki, Ermənistan iştirak etməməsinə baxmayaraq, öz təkliflərini uzaqdan Bakıya çatdırıb. Ararat Mirzoyan Azərbaycan tərəfinin şərhlərinə əsaslanaraq Ermənistanın tezliklə yeni şərhlərlə çıxış edəcəyini açıqlayıb.

Azərbaycan XİN-in Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə Mirzoyanın açıqlamasına cavab olaraq bildirib ki, həmin təkliflər 15 gün bundan əvvəl Azərbaycan tərəfindən təqdim edilib: “ Məlum olduğu kimi, məhz Ermənistan tərəfi sülh sazişi üzrə danışıqlar prosesinin razılaşdırılmış gedişatını pozaraq, ötən ilin dekabr ayında danışıqlardan imtina edib. İndi isə sülh sazişi üzrə danışıqlara qayıtmaq əvəzinə, prosesə süni maneələr yaradır. Azərbaycan Ermənistandan fərqli olaraq sülh sazişinin mətni üzrə danışıqların qısa müddət ərzində keçirilməsinin tərəfdarıdır və buna hər zaman hazırdır”.

STM-in sektor müdiri, politoloq Tural İsmayılov da Ermənistanın sülh prosesinə isti baxmadığı qənaətindədir. Metbuat.az-a açıqlamasında politoloq vurğuladı ki, Ermənistan beynəlxalq aləmə sülhlə bağlı pozitiv mesajlar versə də, reallıqda sülhdən uzaq qaçır, danışıqlar prosesini sabotaj edir və həmçinin sülh mümkün olmadığı üçün Fransa, İran və digər güc faktorlarının təsirlərinə məruz qalır.

Tural İsmayılov - Politoloq

“Azərbaycan, 44 günlük Vətən müharibəsi başa çatan gündən regionda sülhün və sabitliyin vacibliyini vurğulayıb. Ölkəmiz dəfələrlə Azərbaycanın Cənubi Qafqazın rifahı üçün sülh və stabilliyə olan dəstəyini ən yüksək səviyyədə ifadə edibdir. Müharibədən sonra bölgədə baş verə biləcək gələcək xaotik kataklizmlərin qarşısını almaq üçün regional və qlobal kontekstdə əhəmiyyətli olan Azərbaycan-Ermənistan sülhünün mümkünlüyü barədə dəfələrlə Ermənistana çağırışlar edilib. Amma təəssüflər olsun ki, Ermənistan və Ermənistandan istifadə edən xarici güc faktorları prosesi əngəlləməklə məşğuldurlar”.

Ermənistanın daha əvvəl Azərbaycanın beş maddəlik sülh təklifini və eyni zamanda Praqada ərazi bütövlüyümüzü tanıdıqları barədə açıqlamalarını xatırladan Tural İsmayılov ifadə etdi ki, İrəvan situasiyanı öz manipulyativ maraqları naminə dəyişməyə cəhdlər göstərir. Ekspert qeyd etdi ki, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistana sülh üçün son vaxtı bu il olaraq müəyyənləşdirib.

“Məsələ ondadır ki, növbəti il artıq rus sülhməramlılarının fəaliyyət müddəti başa çatır. Süni əngəllərlə məsələnin uzadılması Ermənistan üçün dağıdıcı nəticələr doğura bilər. Eyni zamanda, Azərbaycan Ermənistanın sülhə razı olmayacağı təqdirdə onu sülhə məcburetmə əməliyyatları da həyata keçirə bilər. İstənilən halda ötən ilin sonunda sülhlə bağlı ilkin işartılarının olacağı vurğulansa da, Ermənistan və Fransa bunu sabotaj etdi. Amma bu ilin sonuna doğru hesab edirəm ki, bütün çətinliklərə baxmayaraq, hansısa addımlar atılacaq. Amma yekun sülh müqaviləsinin və münasibətlərin tamamilə düzəldilməsinin geopolitik kontekstdə xarici siyasi qüvvələrin təsirləri baxımından çox tez və qısa zamanda mümkün olacağı o qədər də real görünmür”,- deyə Tural İsmayılov fikrlərini yekunlaşdırıb.

Gülbəniz Hüseynli / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” mövzusu üzrə dərc olunub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR