“Onlayn medianın haker hücumlarından qorunması üçün dövlətin dəstəyinə ehtiyac var” -

Martın 1-dən populyar onlayn TV kanalları olan Müsavat TV və Səs TV-nin “Youtube” platformaları hakerlər tərəfindən ələ keçirilib. Bununla bağlı hər iki media qurumu ictimaiyyəti məlumatlandırıb. Kanalların bərpası istiqamətində lazım olan addımların atıldığı qeyd olunub.

Mövzu ilə bağlı Metbuat.az-a açıqlama verən Jurnalistlərin Həmkarlar İttifaqının sədri, media eksperti Müşfiq Ələsgərli bildirdi ki, haker hücumlarının onlayn sferada texniki problemlər yaratması dövrümüzdə çox intensiv şəkildə rast gəlinən problemdir. Ekspert məsləhət bildi ki, onlayn sferada fəaliyyət göstərən KİV qurumları saytlarını, platforma hesablarını yaradarkən texniki baxımdan təhlükəsizliklə bağlı zəruri olan bütün addımları atmalıdırlar.

Azərbaycan jurnalistləri 2022-ci ildə:

“Bizim kütləvi informasiya vasitələrinə edilən hücumlar, onların hesablarının ələ keçirilməsi o təəssüratı doğurur ki, bu heç də texniki hücumlar deyil. Bildiyiniz kimi, biz istər ikinci Qarabağ savaşı zamanı, istərsə də ondan sonrakı dövrlərdə kütləvi informasiya vasitələrinə belə intensiv hücumlar edildiyini və onların müxtəlif platformalardakı hesabların dağıdıldığının şahidi olmuşuq. Qeyd edim ki, bunların əksəriyyəti də xaricdən idarə edilən hücumlar olublar. Bu baxımdan bu məsələ artıq hansısa kütləvi informasiya vasitəsinin özünümüdafiə çərçivəsindən çıxaraq geniş bir anlam daşıyır”.

Müşfiq Ələsgərli vurğuladı ki, ölkədə onlayn sferada fəaliyyət göstərən medianın kiber məkanda təhlükəsizliyin təmin olunması ilə bağlı qurumlar mövcud olsa da, əsas məsələ belə hücumlardan qorunmaq üçün hansı vasitələrdən istifadə olunmasındadır.

“Mətbuat Şurasının bu məsələ ilə bağlı yayımladığı bəyanat da xəbərdaredici və məlumatlandırıcı bir bəyanatdır. Ola bilsin ki, bu KİV-lərin adından həmin hesabları ələ keçirən mərkəzlər müəyyən açıqlamalar yayaraq, kimlərəsə bildirişlər göndərə hətta onların arxivini də məhv edə bilərlər. Ümumiyyətlə, bu məsələ daha dərindən araşdırılmalıdır. Hakerlər tərəfindən ələ keçirilən KİV-lər Azərbaycanın gündəlik informasiya yükünü çəkirlər. Onların işinin pozulması həm də ölkədə informasiya məkanı baxımından müəyyən problemlər yarada bilər. Ona görə də müvafiq qurumlar, orqanlar məsələni ciddi araşdırıb münasibət bildirməlidirlər. Yalnız o mütəxəssis və ixtisaslaşmış qurumların rəyindən sonra artıq konkret bu məsələnin üzərində daha geniş formada dayana bilərik”.

“İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı Metbuat.az-a açıqlamasında bildirdi ki, informasiya təhlükəsizliyi dövründə internet medianın ciddi şəkildə kiber təhlükəsizlik problemi var.


“Zaman-zaman ölkəmizin böyük media qurumlarının ya “Facebook” səhifələri sıradan çıxarılıb, ya oğurlanıb, ya da bağlanılıb. Adətən haker hücumuna məruz qalan media qurumları daha çox jurnalistika prinsiplərinə əməl edərək dövlətçilik maraqlarından çıxış edirlər. Hesab edirəm ki, bu ciddi şəkildə həllini gözləyən məsələdir. Müvafiq dövlət qurumları, media qurumlarla birlikdə möhkəm təməlin, müdafiə sisteminin qurulması üçün sistemli şəkildə işlər görməlidirlər. Bu istiqamətdə addımlar atılsa da, daha sürətli və güclü olmalıdır. Çünki biz tez-tez onlayn mediyaya qarşı həm daxildən, həm xaricdən hücumların şahidi oluruq. Bu istiqamətdə həm çoxtərəfli kompleks işlərin görülməsinə, həm də media qurumlarının yeni texniki təhlükəsizlik tədbirlərinə əməl etməsinə ehtiyac var. Ümumiyyətlə, internet media qurumlarını bu hücumlardan qorumaq üçün dövlətin dəstəyinə uyğun müdafiə sistemi qurulmalıdır”.

Gülbəniz Hüseynli / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” mövzusu üzrə dərc olunub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR