Qəbələ, 3 iyun, Şahnəzər Bəşirov, AZƏRTAC
Qəbələ rayonunda arıçılıq sürətlə inkişaf etdirilir.
Rayon icra hakimiyyətinin aqrar şöbəsindən AZƏRTAC-a bildiriblər ki, dağlıq və düzənlik əraziləri olan Qəbələdə iqtisadi baxımdan çox sərfəli sayılan arıçılığın inkişafı üçün münbit şərait vardır. Arıçılığın daha da inkişaf etdirilməsi, bu sahə ilə məşğul olan sahibkarların işinin əlaqələndirilməsi üçün Azərbaycan Arıçılar Birliyinin Qəbələ rayon şöbəsi yaradılıb. “Arıçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq rayonda görülən işlərin nəticəsidir ki, bu sahəyə maraq göstərən fiziki şəxslərin sayı ildən-ilə artır. Son bir ildə rayonda 34 fiziki şəxs fərdi arıçılıq təsərrüfatı yaradıb və 186 yeni arı ailəsi formalaşdırıb. Hazırda arıçılıqla məşğul olan fiziki şəxslərin sayı 630-a, arı ailələrinin sayı isə 1621-ə çatıb.
Ötən il Qəbələ arıçıları 9 min 800 ton bal istehsal ediblər. Bu il isə arıçıların 12 min tondan çox məhsul əldə edəcəkləri gözlənilir. Bal toplanılmasına iyunun ortalarında başlanılacaq.
Rayonun damazlıq təsərrüfatında arı ailələrinin sayının yaxın illərdə 2 dəfə artırılması nəzərdə tutulub.


