"Azərbaycan Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsini qurmalıdır. Bu gün Ermənistan tərəfindən daşınan silah-sursatın qarşısının alınması Azərbaycanın birdaha qətiyyətli olduğuna dair mesajdır".
Metbuat.az xəbər verir ki, bu açıqlamanı politoloq Məhəmməd Əsədullazadə edib. Onun fikirlərinə görə, Qarabağda silahlı erməni birləşmələrinə qarşı əməliyyatlar keçirilməlidir.
"Laçın dəhlizinə alternativ olaraq Xankəndi-Xəlfəli yolu ilə dəhlizə çıxan torpaq yol var. Şuşa tərəfdən baxdıqda aydın görünür. Ermənilərin həmin torpaq yolundan istifadə etməsi birinci dəfə deyil. Hesab edirəm ki, bu, təxribatların arxasında Rusiya durur. Bundan sonra Qarabağda ermənilərin yaşadığı əraziyə aparan yollar tam nəzarətimizdə olmalıdır".
Qeyd edək ki, martın 5-də səhər saatlarında daxil olmuş məlumatın yoxlanması məqsədilə qanunsuz hərbi daşınmalar həyata keçirən nəqliyyat vasitələri Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib.
Azərbaycan Müdafiə Nazirliyindən bildirilib ki, Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistan Respublikasından hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınmasının həyata keçirilməsi baradə operativ məlumatlar daxil olub. Qarşı tərəfdən atəş açılıb və baş vermiş atışma nəticəsində hər iki tərəfdən həlak olan və yaralananlar var. Məlumatda qeyd olunur ki, törədilmiş təxribata görə bütün məsuliyyət Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.