Həmkarları Fazil Mustafaya qarşı edilən terror aktından

Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında Milli Məclisin deputatı Fazil Mustafaya qarşı sui-qəsd olub. O, evinin yaxınlığında güllələnib. Fazil Mustafanın vəziyyəti stabil olaraq qiymətləndirilir. Həyati təhlükəsi yoxdur.

Metbuat.az xəbər verir ki, bu hadisəyə ictimai-siyasi xadimlər reakiyasə belə olub:

Deputat, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev yazıb: "Deputat həmkarım Fazil Mustafaya edilən sui-qəsdin sifarişçi və icraçılarını şiddətlə pisləyirəm. Son günlər Azərbaycanda siyasi sabitliyi pozmaq və məkrli düşmənçilik planlarını həyata keçirmək üçün cəhdlər çoxalıb. Bu cəhdlərin qarşısı qətiyyətlə alınacaq. Hüquq-mühafizə orqanları 24 saat keşikdədir və cinayətkarları bir neçə saat ərzində zərərsizləşdirə biliblər. Yenə də belə olacaq. Düşmən dövlətlər və daxilimizdə olan xainlər, agentlər ölkəmizi sarsıda bilməyəcəklər. Xalqımızın səyi və siyasi həmrəylik mühitində düşmənlərimizə qalib gələcəyik. Fazil bəyə acil şəfalar diləyirəm. Bu cür xain terrorlar xalqımızın və dövlətimizin iradəsini sındıra bilməz. Hamımız bir olmalı və xainləri xar etməliyik!"

Milli Məclisin deputatı Etibar Əliyev: "Dəyərli Fazil bəyə atılan güllə hər birimizə atılan güllədir…"

Deputat Jalə Əhmədova: "Dəyərli deputat, həmkarım Fazil Mustafaya qarşı törədilmiş sui-qəsdi qətiyyətlə pisləyir və bu silahlı hücumu terror aktı olaraq dəyərləndirirəm. Əminəm ki, hüquq mühafizə orqanlarımız tez bir zamanda cinayəti törədənləri tapıb məsuliyyətə cəlb edəcəklər. Hörmətli Fazil müəllimə Allahdan şəfalar diləyirəm".

Milli Məclisin vitse-spikeri Adil Əliyev: "Dəyərli deputat həmkarım Fazil Mustafaya qarşı törədilmiş sui-qəsd hadisəsini şiddətlə qınayıram. Həkimlərinin verdiyi məlumata əsasən Fazil müəllimin vəziyyəti hazırda qənaətbəxşdir. Allahdan Fazil müəllimə təcili şəfa diləyirəm. Günahkarlar ən qısa müddət ərzində müəyyən edilərək, ən sərt şəkildə cəzalandırılacaqlar".

Milli Məclisin deputatı Qənirə Paşayeva: "Hüquq mühafizə orqanlarımız gərəkən tədbirləri görəcək, cinayətkarlar tezliklə tapılıb, haqq etdikləri cəzanı alacaqdır. Hörmətli Fazil bəyin ictimai-siyasi fəaliyyətinə yaxından bələd olanlar onun hansı dəyərləri müdafiə və təbliğ etdiyini, xurafata qarşı açıq mətnlə mübarizə apardığını yaxşı bilir. İnşallah tezliklə sağlamlığına qovuşar və qaldığı yerdən mübarizəsinə davam edər! Yastığı yüngül olsun!".

Deputat Musa Qasımlı: "Millətimiz və dövlətimiz üçün özəl olan bir gündə - 28 mart tarixində dəyərli həmkarım Fazil bəyə qarşı edilən sui-qəsd hadisəsini şiddətlə qınayıram. Bu, dünyəvi dövlətimizə, mütərəqqi insanlara, ziyalılara, bütövlükdə uca millətimizə atılmış namərd düşmən güllələridir. Dövlət orqanlarımızın qanlı cinayətin-terror aktının üstünü qısa müddətdə açacağına və törədənlərin qanun qarşısında cavab verərək layiqli cəzalarını alacaqlarına inanıram. Cəhalətə, xurafata, radikalizmə və ölkəmizdə zərərli xarici təsirlərə qarşı mübarizədə bir cərgədə mərd-mərdanə addımladığımız Fazil bəyə Allahdan şəfa diləyirəm".

Milli Məclisin deputatı Qüdrət Həsənquliyev: "Millət vəkilinə atəş açılması ağır hadisədir. Hüquq-mühafizə orqanları tez bir zamanda cinayətkarın tapılması istiqamətində tədbirlər həyata keçirəcək. Bu cinayətin üstü açılacaq və hadisəni törədən layiqli cəzasın alacaq. Azərbaycanın ictimai-siyasi həyatında qorxu mühiti yaratmaq istəyən qüvvələr var. Bu, iyrənc bir terror aktıdır. Amma əslində bu, indidən qəzəb doğurur. Hansısa millət vəkilini, dövlət adamını, jurnalistləri və başqa təbəqədən olan şəxsləri belə hadisələrlə qorxutmaq olmaz".

Deputat Bəhruz Məhərrəmov: "Deputat Fazil Mustafaya yönəlik şərəfsiz və qorxaq silahlı hücum motivindən asılı olmayaraq iyrənc terror aktıdır və birmənalı şəkildə pislənməlidir. Cinayəti törətməkdə şübhəli bilinənlərin ən qısa zamanda yaxalanacağı və ədalət mühakiməsinə təhvil veriləcəyi şübhə doğurmur. Atəş açıb daha sonra siçan kimi gizlənməyə yer axtaran qorxaq məxluqlar və onların sahibləri bu ləyaqətsiz əmələ görə ən ağır formada cavab verəcəklər. Bir Fazil Mustafa ölər, yüzü doğular, bu cür iyrənc metodlarla, murdar təxribatlarla qalib dövləti, müzəffər xalqı və Təbrizli-Bakılı bütöv Azərbaycanı kimsə sarsıda bilməz!"

Milli Məclisin deputatı Ceyhun Məmmədov: "Həmkarım Fazil Mustafaya Allahdan acil şəfa diləyirəm. Əminəm ki, hüquq mühafizə orqanları bu məşum cinayəti törədənləri ən qısa vaxtda tapıb məsuliyyətə cəlb edəcəklər".

Deputat Kamal Cəfərov: "Həmkarımız və dəyərli ziyalımız Fazil Mustafaya qarşı törədilmiş terror aktını şiddətlə qınayıram. Fazil bəyə Allahdan şəfa diləyirəm. Hazırda xaricdə səfərdə olduğumdan xəstəxanaya gedə bilmədim, ancaq ailə üzvü ilə əlaqə saxladım və dəstəyimizi bir daha ifadə etdim. İnanıram ki, hüquq mühafizə orqanları qısa zamanda bu cinayəti törətmiş şəxs və ya şəxsləri müəyyən edərək ədalət mühakiməsinə təhvil verəcək".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR