Binaların birinci mərtəbisini və zirzəmiləri obyektə çevirənlərə kim nəzarət edir?

Türkiyədə baş verən zəlzələlərdən sonra artıq binaların, xüsusilə yaşayış yerlərinin tikintisinə diqqət artıb. Yeni mənzil sahibi olmaq istəyənlər əvvəllər zəlzələ amili barədə fikirləşməsələr də hazırda alacaqları mənzillərin pulundan öncə zəlzələyə davamlı olub-olmaması barədə maraqlanırlar.

Lakin məsələ təkcə bununla bitmir. Binalar yaşayış üçün təhvil verildikdən sonra isə ya 1-ci mərtəbədə, ya da binanın zirzəmilərində obyektlər açılır.

Bəs bu məsələyə nəzarət edən qurum varmı? Ümumiyyətlə, binaların birinci mərtəbəsi və zirzəmilərdə obyektlərin açılması nə dərəcədə doğrudur?

Mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Azadov Metbuat.az-a danışdı. Ekspert bildirir ki, hazırda köhnə yaşayış fondu üstünlük təşkil edir. Bu da təhlükəsizlik məsələlərini yenidən önə çıxarır:

"Zəlzələdən sonra xüsusilə köhnə yaşayış binalarında bu məsələ mütəxəssisləri olduqca narahat edir. Yeni tikilən binalar 2006-cı ildən sonra Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi nəzarəti altında tikilir. Ölkəmizdə 1500-dən çox bina istismara qəbuldan keçib. 60-dan çox bina var ki, onlar müxtəlif səbəblərdən istismara qəbuldan keçməyib. Lakin yaşayış var. Köhnə yaşayış fondu üstünlük təşkil edir. Yarımqəzalı, qəzalı binalar kimi qəbul olunub. Onlardan biri də birinci mikrorayon ərazisidir. Nazirlər Kabinetinin 83-saylı qərarına əsasən həmin binalar pilot layihə olaraq yenilənməlidir. Gələcəkdə digər mikrorayonlar və ya 5 mərtəbəli "xruşşovkalar" yenilənməlidir".

Oxu.az - Ev alışında MAXİNASİYA: Vətəndaş necə aldadılır? - ARAŞDIRMA + FOTO

Elnur Azadov

Binaların birinci mərtəbəsində və zirzəmilərdə obyektlərin tikintisinə gəlincə, Elnur Azadovun sözlərinə görə, qanunla yaşayış yerləri qeyri-yaşayış yerlərinə çevrilə bilər. Lakin bunun üçün müəyyən nəzarət mexanizmləri olmalıdır. Belə tikinti obyektlərinin monitorinq edilib-edilməməsi isə sual altındadır:

"Sirr deyil ki, mərkəzi yollarda, yol kənarlarında, ticarət aktivliyi olan ərazilərdə yaşayış binalarının birinci mərtəbəsi və zirzəmiləri obyektə çevrilib. Qanunda yaşayış yerlərinin qeyri-yaşayış yerlərinə çevrilməsi ilə bağlı müəyyən maddə var. Lakin normativlərin nə dərəcədə nəzərdən keçirildiyi məlum deyil. Çox güman ki həmin obyektlər açılan zaman icazə alınır. Lakin kimdən, hansı normativə istinadən verilməyi barədə məlumat verilmir. Məsuliyyətin kimin üstündə olduğu da bəlli deyil. FHN Tikintiyə Təhülkəsizliyə Nəzarət Agentliyi, müvafiq icra hakimiyyəti, yoxsa FHN və ya Arxitektura Komitəsi ilə hər hansı razılaşma aparılıb-aparılmaması sual altındadır. Sütun daşıyıcı divarlarda müdaxilə olacaq ya yox, onu bilmək lazımdır. Bu kimi obyektlərə sonradan kim nəzarət edir?".

Yeri gəlmişkən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma Arxitektura Komitəsinin Kollegiyasının təsdiqlədiyi “Yaşayış binaları. Layihələndirmə normaları”nda binaların birinci mərtəbəsi və zirzəmilərin istifadə qaydası ilə bağlı bəzi qaydalar var.

Belə ki, normalara əsasən, yaşayış binasının zirzəmi, kürsülük, birinci və ikinci mərtəbələrində insanlara zərərli təsir göstərən obyektlərin - istismarı zamanı yaşayış ərazisini və ətraf mühiti çirkləndirə bilən kimyəvi və digər məmulatların ixtisaslaşdırılmış satış mağazaları, partlayış və yanğın təhlükəli maddə və materiallar satılan mağazalar, sintetik xalça məmulatlarının, avtomobil şinlərinın satışı mağazaları, ixtisaslaşmış balıq mağazaları, müxtəlif təyinatlı anbarlar, o cümlədən topdansatış anbarları, saat 23:00-dan sonra iş rejimi olan bütün müəssisələr və mağazalar yerləşdirilməsinə yol verilmir:

Binaların zirzəmi, kürsülük, birinci və ikinci mərtəbələrində palatalı şöbələrin, elektrik şüası ilə müalicə şöbələrinin, doğum şöbəsinin, prosedur və həkim kabinetlərinin, dispanserlərin bütün növlərinin, travmatoloji məntəqələrin, təcili tibbi yardım yarımstansiyalarının, bakterioloji laboratoriyaların, dəri-zöhrəvi, ruhi-əsəb, yoluxucu xəstəliklər üzrə həkim qəbulu kabinetlərinin, şüa diaqnostikası kabinetlərinin (rentgen, kompüter tomoqrafiyası, nüvəmaqnit rezonans), şüa terapiyası, radioizotop diaqnostikası və müalicə şöbələrinin yerləşdirilməsinə də həmçinin yol verilmir.

Yaşayış binalarının kürsülük və zirzəmi mərtəbələrində tezalışan və yanar mayelərin və mayeləşdirilmiş qazların (zirzəmilərdə isə həmçinin təbii qazların), partlayıcı maddələrin, yanacaq materiallarının saxlanması, emal olunması və müxtəlif qurğularda istifadə olunması üçün nəzərdə tutulmuş otaqların, uşaqlar üçün məşğələ, dərnək və əyləncə otaqlarının, 50 nəfərdən çox tutumu olan zalların yerləşdirilməsinə də yol verilmir.

Maraqlıdır, görəsən, Dövlət Şəhərsalma Arxitektura Komitəsi bu qaydalar çərçivəsində hər hansı monitorinqlər təşkil edirmi? Məsələ ilə bağlı quruma sorğu ünvanladıq. Cavab olaraq bildirildi ki, bununla bağlı rayon icra hakimiyyətlərinə sual ünvanlanmalıdır.

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti ilə də əlaqə saxladıq. Sorğumuza cavab olaraq bildirildi ki, binaların zizəmiləri Əmlak Məsələləri Dövlət Xidmətinin balansındadır. Onların özəlləşməsi və icarəyə verilməsinə Dövlət Xidməti baxır.

Üz tutduq Əmlak Məsələləri Dövlət Xidmətinə. Qeyd olundu ki, Dövlət Xidməti sənədləşmə məsələsi ilə məşğul olur. Tikinti mərhələsinə qurum nəzarət etmir.

FHN Tikintiyə Təhülkəsizliyə Nəzarət Agentliyi ilə əlaqə saxlamağa çalışsaq da, suallarımıza cavab verəcək kimsə tapılmadı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR