Azərbaycan və Filippin XİN-ləri arasında ilk dəfə siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Filippinə səfər edib, iki ölkənin Xarici İşlər nazirlikləri arasında ilk dəfə olaraq siyasi məsləhətləşmələr keçirilib.

Bu barədə Metbuat.az-a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Səfəri çərçivəsində aprelin 3-də nazir müavini Elnur Məmmədovun Filippinin xarici işlər katibi (naziri) Enrike Manalo ilə görüşü baş tutub. Görüşdə ikitərəfli əlaqələrin hazırkı durumu və inkişafı perspektivlərindən söhbət açılıb, bu istiqamətdə əməli nəticələrin əldə edilməsi üçün birgə səylərin vacibliyi vurğulanıb.

Azərbaycanın Xarici İşlər Nazirliyi ilə Filippinin Xarici İşlər Nazirliyi arasında ilk dəfə olaraq siyasi məsləhətləşmələr keçirilib.

Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Elnur Məmmədov, Filippin tərəfindən isə xarici işlər nazirinin müavini xanım Tereza Lazaro rəhbərlik edib.

Məsləhətləşmələr zamanı ikitərəfli münasibətlərin mövcud vəziyyəti, habelə iqtisadi, turizm, energetika, kənd təsərrüfatı, mədəniyyət və təhsil sahələrində qarşılıqlı tərəfdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Məsləhətləşmələr zamanı E.Məmmədov qarşı tərəfə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi, həmçinin işğaldan azad olunmuş Azərbaycan ərazilərində aparılın bərpa və quruculuq işləri barədə geniş məlumat verib.

Həmçinin, Azərbaycanın Qoşulmama Hərəkatına (QH) sədrliyi çərçivəsində fəaliyyəti ətrafında fikir mübadiləsi aparılıb, regional və beynəlxalq təşkilatlar çərçivəsində QH-ASEAN, İqtisadi Əməkdaşlıq Təşkilatı-ASEAN əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında müzakirələr aparılıb.

Məsləhətləşmələrin sonunda iki ölkə arasında ilk dövlətlərarası sənəd “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Filippinin Respublikasının Mədəniyyət və İncəsənət üzrə Milli Komissiyası arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanma mərasimi keçirilib.

Həmçinin, Manilaya səfəri zamanı E.Məmmədov “Manila Times” İnformasiya agentliyinə müsahibə verib. Müsahibədə iki ölkə arasında ikitərəfli əlaqələrin hazırkı vəziyyəti, bu əlaqələrin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi istiqamətində mövcud gələcək perspektivləri haqqında suallar cavablandırıb, eləcə də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi, həmçinin işğaldan azad olunmuş Azərbaycan ərazilərində aparılın bərpa və quruculuq işləri barədə ətraflı məlumat verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR