Ekspert Məhəmmədin vəziyyəti barədə danışdı:

“Həm uşaq evlərində, həm alternativ qayğı və bu tipdə olan müəssisələrdə fəaliyyət göstərən psixoloqların əksəriyyəti çox təəssüf olsun ki, həssas məsələlərin həllində kifayət qədər bilgili və bacarıqlı deyillər. Qanunvericilikdə də bu sahədə kifayət qədər boşluqlar olduğundan belə məsələlərin həllində uşaqlara kifayət qədər kömək edilmir”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında "Vətəndaş" İctimai Birliyinin sədri Günel Səfərova Bakı şəhərinin Xətai rayonu, 3 saylı uşaq evinin sakini yeniyetmə Məhəmməd Hacıyevin vəziyyətini dəyərləndirən zaman deyib. Günel Səfərova bildirdi ki, alternativ qayğı müəssisəsi, uşaq evlərində yaşayan uşaqlarla işləyən zaman onların əksəriyyətinin məlum səbəbdən psixologiyasında yaranan problemləri nəzərə alıb daha sonra onlara uyğun bir yol seçmək lazımdır.

“Biz ola bilər ki, bəzi məsələləri görməzdən gələrək, fikirləşək ki, “uşaq da böyüyəcək, düzələcək”, amma bu elə deyil. Bioloji ailədə böyüyən uşaqların psixoloji problemləri olduqda onları psixoloq və psixoterapevtlərə yönəldir və yaxud da, adekvat hər hansısa bir müalicə üsulunu seçirik. Amma kütləvi yaşam tərzi olan müəssisələrdə vəziyyət bir qədər fərqlidir. Məlumat üçün deyim ki, artıq əksər ölkələr o kütləvi yaşam tərzi sistemindən uzaqlaşıblar. Onlar uşaqları ailəyə yönəldir, daha kiçik qruplarda yaşayan uşaqlara individual yanaşan bir sistem hazırlayıblar. Məhəmməd Hacıyevin vəziyyəti ilə bağlı konkret deyə bilərəm ki, hiss olunur ki, uşaqda müəyyən travmalar, psixologiyasında hansısa kiçik və yaxud böyük problemlər var. Bu da təbii haldır. Burada ən mühüm amil müəssisənin rəhbərliyindən tutmuş, uşağın müdafiəsi ilə məşqul olan insanların məsələyə münasibətidir”.

Günel Səfərova bildirdi ki, hadisələrə yanaşma zamanı uşağı günahlandırmaq yolundan uzaq olub, onun sualları, şikayəti varsa həmin qaldırılan məsələləri həll etmək lazımdır. Ekspert onu da vurğuladı ki, əgər uşaq hansısa problemi qaldırırsa, “onun psixoloji problemi var”, deyib məsələyə biganə yanaşmaq düzgün çıxış yolu deyil.

“Yeniyetmənin bu gün müalicəyə, psixoloji yardıma ehtiyacı varsa o müalicə də almalıdır və eyni zamanda onun qaldırdığı məsələlər ciddi şəkildə monitorinq edilməlidir. Azərbaycanda alternativ qayğı müəssisələri, uşaq evləri ilə bağlı ciddi hesabatlar hazırlanmalıdır, nəzarət mexanizmi gücləndirilməlidir və eyni zamanda da digər həlli yolları tapılmalıdır. Uşaqlar bizim gələcəyimizdir, nə fərqi var onlar bioloji ailədə böyüyüb, yoxsa dövlət qayğısında? Əksinə, dövlət kifayət qədər bu uşaqlara yatırım edirsə, bu qədər onların yetişməsində, formalaşmasında maddi, mənəvi olaraq yanındadırsa, o zaman biz bu problemin üstünə düşməliyik və bütün hallarda müzakirə olunan məsələdə uşağın rifahı nəzərə alınmalıdır”.

Günel Səfərova qeyd etdi ki, Məhəmməd Hacıyevin vəziyyəti ilə bağlı cəmiyyətə verilən mesajla bağlı da ehtiyatlı olmaq lazımdır.

“Əgər baş verən hadisə ilə bağlı doğru informasiya verilirsə, daha çox uşağın rifahı düşünülərərək cəza üsulu seçilməməlidir. Çünki, cəzalandırmanın özü də cəmiyyətə və ictimaiyyətə verilən fərqli bir mesajdır. Məsələni dəqiq, dərindən araşdırmaq üçün kifayət qədər araşdırma sənədləri lazımdır. Belə vəziyyətdə nəzarət gücləndirilməlidir, yoxsa ört-basdır etməklə hər hansı bir problem həll olunmayacaq”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR