İstifadəsiz qalan köhnə zavodlar:

Azərbaycanda sovet dövründə SSRİ-nin iqtisadiyyatının şah damarını qidalandıran yüzlərlə zavod fəaliyyət göstərirdi. Əksəriyyəti Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən həmin zavodlar SSRİ dağılandan sonra sıradan çıxaraq istifadəyə yararsız oldu. Dövlət balansında olan bu müəssisələrdən necə yararlanmaq olar?

Məsələyə münasibət bildirən əmlak üzrə ekspert Elnur Fərzəliyev Metbuat.az-a bildirdi ki, dövlət balansında olan belə binalar kifayət qədərdir. Ekspert hesab edir ki, əgər həmin zavod və fabriklərin təyinatı üzrə fəaliyyət göstərməsi mümkün deyilsə, yaxşı olardı ki, bu tip ərazisi böyük olan müəssisələrin yerində sosial layihəli işlər görülsün.

Elnur Fərzəliyev - əmlak eksperti

“90-cı illərin əvvəllərində həmin fəaliyyətsiz zavod, fabriklərin bir qismi şəxsi mülkiyyətə çevrilsə də, təəssüflər olsun ki, böyük əksəriyyəti təyinatı üzrə fəaliyyət göstərmədiyi üçün sıradan çıxdı. Bu gün onların çox hissəsi elə bir yerdə yerləşir ki, hər hansısa bir iaşə obyekti üçün də yararlı deyil. Bildiyiniz kimi, hazırda əmlak bazarında ciddi qiymət fərqləri müşahidə edilir. Bu qiymət artımı daha çox torpaq sahələrinin baha olması səbəbindən baş verir. Yeni tikili binalarda qiymətlər, dövlət layihələri əsasında tikilən binalardakı mənzillərin satış qiymətlərindən çox bahadır. Səbəb odur ki, sosial layihələr əsasında tikilən binalarda torpağın xərci tikinti xərcinə daxil edilməyib. Bu da həmin tikintinin maya dəyərinin aşağı olmasına şərait yaradır”.

Hər il sentyabrın 15-dən tədrisin başlanması ilə tələbə yataqxanaları məsələsini də yenidən gündəmə gəldiyini xatırladan ekspert vurğuladı ki, torpaqlarımızın işğaldan azad olunması ilə tələbə yataqxanalarında 28 ildir məskunlaşmış məcburi köçkünlərin öz yurd-yuvalarına köçürülməsi məsələsini aktuallaşdı. Elnur Fərzəliyev hesab edir ki, istifadəsiz qalan köhnə zavod və fabriklərin ərazisində tələbə yataqxanalarının da tikilib istifadəyə verilməsi paytaxtda əmlak satışı və ya kirayə qiymətlərinin aşağı düşməsinə təsir edə bilər.

“Tələbə yataqxanaları elə müvəqqəti yaşayış obyektləridir ki, bu sahəyə qoyulan investisiya heç vaxt itmir. Bu gün həmin sahəyə çəkilən xərci bir neçə il ərzində çıxartmaq mümkündür. Bu gün Azərbaycanda tikintiyə çəkilən xərcin çox hissəsini torpaq sahəsinin alınması təşkil edir. Yataqxanalar sökülüb yenidən tikilsə belə, torpaq sahəsinə pul xərclənməyəcək. Bu baxımdan tələbə yataqxanalarının yenidən inşası çox vəsait aparmayacaq. Bu poblemin həlli nəticəsində on minlərlə tələbənin kirayə problemi həllini tapmış olacaqdır. Nəticədə, həm kirayə bazarında, həm də satış qiymətlərində də ciddi enmələr ola bilər”.

Bəs qanunvericilikdə bu məsələ ilə bağlı vəziyyət necədir? Millət vəkili Azər Badamov Metbuat.az-a açıqlamasında bildirdi ki, yaxşı olardı ki, həmin müəssisələr təyinatı üzrə istifadə olunsun.


Azər Badamov - millət vəkili

“Sovet dövründən istifadəsiz qalan, dövlət balansına keçən zavod və fabrik binalarının ərazilərində sosial layihələrin həyata keçirilməsi üçün istifadə olunması məsələsi ilə bağlı hər hansı bir təklif verilməmişdir. Amma hesab edirəm ki, istifadəsiz qalan müəsisələr imkan daxilində öz təyinatı üzrə istifadə olunmalıdır. İstifadəsiz qalmış belə zavodların iş prinsipinə yenidən baxılmalı, daha sonra fəaliyyəti üçün addımlar atılmalıdır”.

Gülbəniz Hüseynli / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” mövzusu üzrə dərc olunub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR