Arvadlar "Kələntər dayı"nı niyə döymək istəmişdilər? -

“Bakıda küləklər əsir” filmində Əlibala, “Bir məhəllədən iki nəfər”də usta Mahmud, “Dəli Kür”də Məmmədəli, “Əsl dost”da usta Şirəli, “İyirmialtılar”da Şahbazov, “Nəsimi”də Fəzlullah Nəimi, “Mən ki, gözəl deyildim”də Şərif dayı, “O olmasın, bu olsun”da Rza bəy, “Yenilməz batalyon”da dərzi Yusif, “Ulduzlar sonmür”də Hacı Zeynalabdin Tağıyev, “Yeddi oğul istərəm”də Kələntər və s. filmlərdə müxtəlif səpgili obrazlar yaradan görkəmli teatr və kino aktyoru, Xalq artisti İsmayıl Osmanlının dünyaya göz açdığı gündür.

Metbuat.az xatırladır ki, onun teatr fəaliyyəti 1920-ci illərdən başlayıb. İlk böyük uğuru isə 1929-cu ildən ömrünün axırına qədər çalışdığı Milli Dram Teatrının səhnəsində Cəfər Cabbarlının “1905-ci ildə” pyesi əsasında hazırlanan tamaşada Bahadur bəy obrazı olub.

Ümumiyyətlə Milli Dram Teatrı aktyorun yaradıcı fəaliyyətində böyük rol oynayıb. Bu teatrın səhnəsində dram və faciə janrında xarakterik obrazların, dramatik pyeslərdə yumorlu surətlərin, həm də komediyalarda məsxərəli və satirik rolların ifaçısı olub. Aktyorun kinoya gəlişi isə 1939-cu ildə rejissor Səməd Mərdanovun quruluş verdiyi “Kəndlilər” filmi ilə başlayıb. Bu filmdən sonra aktyor davamlı olaraq filmlərdə rol alıb.Sadəcə müsbət deyil, eyni zamanda mənfi obrazların da mahir ustası olub. Rejissor Tofiq Tağızadə 1970-ci ildə Xalq şairi Səməd Vurğunun “Komsomol poeması”nın motivləri əsasında “Yeddi oğul istərəm” filminə ekran həyatı verir.

20-ci illərin komsomolçuları haqqında romantik hekayə üzərində qurulan filmdə İsmayıl Osmanlı Kələntər rolunu oynayır. Mənfi obraz kimi tanıdığımız Kələntər obrazını inandırıcı oynayan aktyorun tamaşaçı nifrəti qazanması da elə həmin illərdə baş verib.

Komsomolu güllələyən Kələntər dayı - Arvadlar İsmayıl Osmanlını niyə döymək  istəmişdilər...

İ.Osmanlı xatirələrində yazır ki, günlərin birində axşam tamaşadan sonra teatrdan çıxıb avtobusla evə gedirmiş ki, bir neçə orta yaşlı qadın onu dövrəyə alıb: “İlk sözləri Əlin qurusun! Cəlalı Gəray bəyə necə satdın? oldu”. Vəziyyətin nə yerdə olduğunu anladım. Artıq, bir neçə dəfə oxşar hadisə ilə qarşılaşdığım üçün özümü təmkinli aparmağa, cavab verməməyə çalışdım.

– Niyə cavab vermirsən, ay kaftar? Necə qıydın gül kimi uşağa?

Vəziyyət get-gedə gərginləşir, başqa sərnişinlər də bu qadınlara havadar çıxırdılar. Hələ yoluma bir neçə dayanacaq qalsa da, avtobus dayanan kimi düşdüm.

Ertəsi gün bu hadisəni teatrda sənət dostlarıma sarsılaraq danışdım. Düzü, adamların məni təhqir edəcəyindən, hətta daşa basacağından ehtiyat edirdim.

Gəray bəy rolunu böyük ustalıqla oynamış Həsanağa Turabov qoluma girib məni sakitləşdirdi:

– İsmayıl əmi, – dedi, – hər aktyora nəsib olmur oynadığı rola görə sevgi qazana bilsin.

– Nə sevgi, ay oğul? Az qala arvadlar məni parçalayacaqdılar.

– Elə aktyorun yaratdığı obraza nifrət, aktyorun özünə sevgidir də. Gör bir necə ustalıqla oynamısan ki, adamlar səni parçalamaq istəyirlər.

Mən də Şəki ləhcəsi ilə zarafata salıb:

– Ha indi saa nə var ki? Düşəydin o arvaddarın əlinə, onda bilərdin sevgi nədir, nifrət nə…”

Hətta onun müsbət rolları da təzyiqlə qarşılaşıb…

1971-ci ildə yazıçı İsa Hüseynovun ssenarisi əsasında rejissor Əjdər İbrahimov “Ulduzlar sönmür” filminə quruluş verir. Tarixi-bioqrafik janrda çəkilən film şərq xalqlarının azadlığı uğrunda mübarizə aparan həkim, yazıçı Nəriman Nərimanovun həyat və çoxsahəli fəaliyyətindən bəhs edir. Bir neçə novelladan ibarət olan filmdə Nəriman Nərimanovun həyatının ən parlaq səhifələri yer alıbb. İsmayıl Osmanlı bu filmdə Hacı Zeynalabdin Tağıyev obrazını yaradıb və rol çox uğurlu alınıb. Hətta aktyor Tağıyev obrazını o dərəcədə millətpərəst, xalqını sevən xeyriyyəçi kimi gözəl yaradıb ki, nəticədə də filmin başı bəlalı olub.

Bir 1 kişi görseli olabilir

Azərbaycan kinosuna böyük dəyər verən siyasi xadim, ulu öndər Heydər Əliyevin sayəsində filmi xilas etmək mümkün olub. Bakı erməniləri şikayət məktubları yazaraq “Nə üçün millətçi Nərimanovu, milyonçu Tağıyevi gənclərə nümunə kimi təqdim edirsiniz?” deyə etiraz səslərini yüksəltmək istəsələr də Ulu öndər böyük xeyirxahlıq göstərərək büroda bu məsələni həll etmiş və filmin 40 gün kinoteatrlarda nümayiş etdirilməsi ilə bağlı göstəriş vermişdir.

Maraqlı həyat yolu keçən, daima teatrda, kinoda bir-birindən fərqlənən obrazlar oynayan İsmayıl Osmanlının yaradıcı fəaliyyəti 1940-cı ildə Əməkdar artist, 1949-cu ildə Xalq artisti, 1974-cü ildə isə SSRİ Xalq artisti fəxri adıyla qiymətləndirilib.

Mənbə: Azərbaycan Kinematoqrafçılar İttifaqı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR