Azərbaycan və Türkiyə parlamentləri arasında əməkdaşlıq haqqında saziş imzalandı

Türk Dövlətləri Parlament Assambleyasının XII plenar iclasında iştirak etmək üçün Türkiyə Respublikasının paytaxtı Ankara şəhərində işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova, səfər çərçivəsində Türkiyə Böyük Millət Məclisinin (MM) sədri Mustafa Şentopla görüşüb.

Milli Məclisin Mətbuat xidmətindən Metbuat.az-a bildirilib ki, Azərbaycan parlament rəhbərini səmimiyyətlə salamlayan Mustafa Şentop, tədbirə hazırlıq və müzakirə olunacaq məsələlərin əhəmiyyəti barədə fikirlərini bölüşüb.

TBMM sədri qardaş ölkələrimiz arasında münasibətlərin ən yüksək dövrünü yaşadığını qeyd edərək, xalqlarımızın həm çətin, həm də xoş günlərdə hər zaman birlikdə olduğunu söyləyib. O, bu ilin fevral ayında Türkiyədə baş vermiş zəlzələ zamanı Azərbaycan dövlətinin və xalqının hər zaman olduğu kimi, yenə də Türkiyənin yanında olduğunu xatırladıb.

Türkiyənin də həmişə Azərbaycanın haqq işinə dəstək verdiyini bildirən Mustafa Şentop, istər 44 günlük Vətən müharibəsində, istərsə də müharibədən sonra Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən quruculuq və bərpa işlərində Türkiyənin qardaş ölkə olaraq Azərbaycanın yanında olduğunu qeyd edib. O, bir neçə gün əvvəl Ermənistanda keçirilən Ağır Atletika üzrə Avropa Çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılmasını kəskin pisləyərək, bunu vandallıq adlandırıb.

Mustafa Şentop həmçinin, Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin Laçın-Xankəndi yolunda keçirdikləri dinc aksiyaya dəstəyini ifadə edərək, deyib ki, Ermənistanın Laçın yolundan minaların, hərbi texnikanın və silahların, habelə Azərbaycanın qanunsuz istismar edilmiş faydalı qazıntılarının daşınması üçün istifadə etməsi qətiyyən yolverilməzdir. Laçın yolu yalnız humanitar məqsədlər üçün istifadə olunmalıdır.

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə TBMM sədrinə təşəkkürünü bildirərək, dost və qardaş ölkələr olan Azərbaycan və Türkiyənin bütün beynəlxalq platformalarda uğurlu əməkdaşlığını qeyd edib. Spiker vurğulayıb ki, dövlət başçılarımızın şəxsi dostluq münasibətləri Azərbaycan və Türkiyə qardaşlığının, birliyinin və strateji müttəfiqliyinin bugünkü yüksək səviyyəyə çatmasında mühüm rol oynayır. Sahibə Qafarova Vətən müharibəsindən sonra dost və qardaş ölkələrimizin dövlət başçıları tərəfindən Şuşa Bəyannaməsinin imzalandığını xatırladaraq, deyib ki, bu sənədin imzalanması ilə bütün dünya bir daha Azərbaycan-Türkiyə qardaşlığının şahidi oldu. Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan əlaqələrini yeni və daha yüksək zirvəyə qaldırdı.
O, Vətən müharibəsi dövründə TBMM sədrinin Azərbaycana səfər etdiyini, səfər çərçivəsində Gəncə şəhərinə gedərək, Ermənistanın törətdiyi insanlıq əleyhinə cinayətləri öz gözləri ilə gördüyünü xatırladıb.

Milli Məclisin sədri cari ildə Türkiyədə baş vermiş zəlzələ zamanı Azərbaycan dövlətinin və xalqının qardaş Türkiyənin yanında olduğunu bildirib və bunu qardaş dəstəyi kimi qiymətləndirib.

Görüşdə spiker Sahibə Qafarova işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri, Ermənistanın regionda davamlı sülhün təmin olunmasına qarşı yönəlmiş təxribatçı hərəkətləri barədə də geniş məlumat verib.

Milli Məclisin sədri deyib ki, ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi, parlamentlərimiz arasında da uğurlu və geniş əlaqələr qurulub. Qanunverici orqanlarımız həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir. O cümlədən, parlamentlərimizin komitələri, dostluq qrupları arasında da müsbət əlaqələr mövcuddur.

Görüşün sonunda Azərbaycan Milli Məclisi ilə Türkiyə Böyük Millət Məclisi arasında Əməkdaşlıq haqqında Saziş imzalanıb. Spikerlər bu sənədin münasibətlərimizin daha da inkişafına töhfə verəcəyinə əminliklərini ifadə ediblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR