Kiçik bankların bağlanması sektora necə təsir edəcək? - Elman Sadıqovla MÜSAHİBƏ

17 may 2023-cü il tarixindən etibarən Mərkəzi Bankın qərarına əsasən "Günay Bank” ASC-nin lisenziyasına xitam verildi. Artıq bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət də olunub. Yaranmış bu vəziyyət əhali arasında əmanətlərin təhlükəsizliyi ilə bağlı narahatlıqlar yaradıb. Hazırda banklarda əmanətləri olan şəxsləri düşündürən suallardan biri də analoji vəziyyətin digər kiçik banklarda yaşana bilməsi ehtimalı ilə bağlıdır.

Metbuat.az bu barədə iqtisadçı-ekspert Elman Sadıqov ilə söhbətləşib. Həmin müsahibəni təqdim edirik:

Elman Sadıqov

- AMB-nın qərarı ilə lisenziyası ləğv edilən "Günay Bank” ASC-nin bağlanması bank sektoruna necə təsir edəcək? Kiçik bankların sıradan çıxmasının bank sistemində təmərküzləşməyə gətirib çıxaracağı ilə bağlı fikirlərə münasibətiniz necədir?

“Günay Bank”ın bağlanması gözlənilən idi. Son dövrlərdə “Günay Bank” ətrafında artan söhbətlər, orada yoxlamaların olması, müəyyən polemikalar, mübahisəli məsələlərin baş verməsi bankın bağlanmağa doğru gedəcəyi fikirlərini yaratmışdı. Ümumiyyətlə, bütün dünyada bankların bağlanmasının müxtəlif səbəbləri var. Azərbaycanda əsas səbəblərdən biri kapital çatışmazlığı, kapital adekvatlığının normativ tələblərə cavab verməməsi və digər məsələlər hesab edilir. Təxmini məlumatlara görə, səhmdarlar tərəfindən “Günay Bank”ın kapitalının artırılması ilə bağlı müəyyən planları var idi. Amma artırılması nəzərdə tutulan kapital miqdarı bankın kapital adekvatlığı əmsallarının yüksəldilməsinə kifayət edəcəkdimi? Kapital artımı zəruri idi, lakin bu addımın atılması ajiotaj yaratmazdan öncə daha səmərəli olmazdımı? Əslində bankın səhmdarları ilə Mərkəzi Bank arasında olan dialoqu heç kim bilmir. Dəqiq səbəblər bilinməsə də, ola bilər ki, son qərar olaraq səhmdarlar kapitalı artırmaqdan və yaxud da bankı saxlamaqdan imtina ediblər.

Məsələnin bank sektoruna təsiri məsələsinə gəlincə, “Günay Bank”ın bağlanmasının bank sektoruna elə bir təsiri gözlənilmir. Çünki “Günay Bank”ın bank sektorundakı rolu, mövqeyi, həcmi və sair göstəricilər yüksək deyildi. Həmin göstəricilər Mərkəzi Bank tərəfindən də açıqlandığı üçün burada təkrara ehtiyac görmürəm. “Günay Bank” sistem riski yaradan bir bank deyil. Adı çəkilən bankın maliyyə və bank sektoruna hər hansı bir ciddi təsiri yoxdur. Bu mənada lisenziyası ləğv edilən “Günay Bank”ın bağlanmasının bank və ya maliyyə sektorlarına ciddi təsiri gözlənilmir. Sosial şəbəkə və mətbuatda digər bankların bağlanması gözləntiləri və bunun depozitorlara təsiri məsələləri müzakirə edilir. Lakin əmanətlərin qorunması məsələsi var və depozitlərin say hesabı ilə böyük qismi qorunan əmanətlər kateqoriyasına düşür. Qorunmayan əmanətlərin məbləği və həcmi böyükdür, say baxımından isə azdır. “Günay Bank”ın bağlanmasında vacib məsələ odur ki, nəticədə xüsusilə iri depozit sahibi olan fiziki şəxslərin və hüquqi şəxslərin əmanətləri batmaqdadır. 100 min manata qədər illik 12 faiz, xarici valyutada isə illik 2.5 faizlə olan əmanətlər ödəniləcək. Sahibkarlıqla məşğul olan fiziki şəxslərin 20 min manata qədər olan vəsaitləri də ödəniləcək. Amma bu məbləğdən yuxarı vəsaitlərin ödənilməsi çətin məsələdir. Həmin vəsaitlər dövlətin hesabına deyil, aktivlərin satışından gələn gəlirlərlə növbəlilik prinsipləri əsasında ödənilə bilər ki, burada da aktivlərin kifayət edib etməyəcəyi, bir neçə illər gözləmək lazım gələcəyi məsələsi vardır. Kimlərin zərər görəcəyi, vəsaitlərini itirəcəyi ilə bağlı məsələlər isə hesablamalardan sonra yalnız bankın balansı və adlı siyahı əsasında müəyyən olunacaq.

- Mərkəzi Bankın qərarı bank sektorunda inhisarlaşmanı gücləndirə bilərmi?

“Günay Bank” istər aktivlərinin həcmi, istərsə də müştəri, o cümlədən depozit portfelinə görə böyük bir bank olmadığından bağlanması da hansısa bankın və ya bankların böyümələrinə xidmət etməz. Bu səbəbdən həmin bankın bağlanmasının ölkədə bank sektorunun inhisarlaşması və yaxud da bankdakı müştərilərin digər banklara gəlib həmin bankların böyüməsinə xidmət edəcəyi ilə fikirləri statistik rəqəmlər və göstəricilər təsdiqləmir. Belə bir ehtimal da yoxdur. İnhisarlaşma isə Azərbaycan bank sektorunda bu gün də var. Ölkədə aktivlərinə görə ən böyük 3 bank bank sektorunun 63 faizini təşkil edir. Həmin üç bankdan ikisi bir-biri ilə əlaqəli, digəri isə dövlətə məxsusdur. Ola bilsin ki, müəyyən dərəcədə narahatlıqlar yaransın. Hesab edirəm ki, nə dövlət, nə də Mərkəzi Bank Azərbaycanda bank sektorunda inhisarlaşmaya gətirib çıxaracaq siyasəti davam etməkdə maraqlıdır. Çünki inhisarlaşma bankların özləri üçün də zərərlidir və təhlükəlidir. Biz bunun bir nümunəsini “Beynəlxalq Bank” timsalında gördük”.

Burada önəmli bir haşiyə çıxmaq istərdim. Ölkəmizdə ÜDM-yə nisbətdə bank sektorunun ümumi həcmi kiçikdir ki, bu da başqa bir mövzudur. Yəni, qeyd etdiyim 3 bankın payı bank sektorunda yüksək olsa da, ÜDM-yə nisbətdə təhlükəli həddə deyil. Ölkəmizin bank sektorunun ÜDM-yə nisbətdə kiçik olmasının müsbət tərəfi odur ki, bank sektorunun iqtisadiyyat üçün risk yaratma ehtimalı demək olar ki, çox zəifdir. Lakin iqtisadi təlatümlərin bank sektoru üçün risk yaratma ehtimalı və ciddi zərbə vura bilmə imkanları çox yüksəkdir. İqtisadiyyatla bank sektorunun həcminin uzlaşması, bir-birlərini absorb edə bilmələri bu səbəbdən çox vacibdir.

- Elman müəllim inhisarlaşmaya dünya bank sektorunda münasibət necədir? Bir qədər o barədə məlumat verərdiniz.

Real sektorda, şirkətlərdən fərqli olaraq bankların inhisarlaşması dövləti daha çox və ciddi narahat edir və dövlət həmişə çalışır ki, bir bank və yaxud bir neçə bank maliyyə sektorunda monopollaşmasın və yaxud inhisar mövqeyə malik olmasın, bütün maliyyə sektorunun əsas hissəsini əhatə etməsin. Çünki həmin bankın batması bütün sistemin ciddi risk altına düşməsi deməkdir. Məsələn, Amerika Birləşmiş Ştatlarının ən böyük bankı biri “J.P Morgan”nın 3.7 trilyonluq aktivləri var. Ümumi hesabladıqda bu Amerikanın ümumdaxili məhsulunun təqribən 14.6 faizi civarındadır. Bu rəqəm bizi və digər kiçik ölkələri aldatmamalıdır. Çünki xarici ölkələrdəki bankların həcminin böyük olması onların həm də ölkə xaricinə xidmət etməsi, transatlantik əməliyyatlar həyata keçirmələri ilə əlaqədardır. Bu banklar daha çox beynəlxalq investisiyalar, ticarət və beynəlxalq əməliyyatlarla məşğuldurlar. Dünyanın demək olar ki, bütün inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrində hər hansı ölkədaxili əməliyyatlarla məşğul olan bir bankın aktivləri həmin dövlətin ümumdaxili məhsulunun 10 faizinə çatmır. Bəs bu nə üçündür? Hər hansı bir tək bankın aktivləri ÜDM-nin 10 faizinə yaxınlaşdığı təqdirdə ona görə narahat doğurur ki, iqtisadiyyat həmin bankı absorb edə bilməsə ciddi risk yaranar. Hətta iki aidiyyatı bankın aktivləri də birlikdə ÜDM-nin 10 faizini keçdikdə yenə eyni risk formalaşır. Bu risk daha çox həmin bankların özləri üçün təhlükəlidir. Bu çox incə nüans olduğu üçün fikrimi sadə dillə ifadə edim. Məsələn, Almaniyanın “Deutsche Bank”ı ümumiyyətlə ölkə daxilindəki nə kiçik, nə də orta müştərilərə xidmət göstərir. Bu bankın əsas fəaliyyəti beynəlxalq əməliyyatlarda investisiya fəaliyyəti, ticarət əməliyyatları, foreks və s-dir. Bu səbəbdən “Deutsche Bank” ölkə sərhəddindən kənara çıxıb, onun əməliyyatları ölkələr üzrə, müxtəlif maliyyə bazarları üzrə diversifikasiya olunub. Maliyyə stabilliyi dövründə, devalvasiya və hər hansı böhran riski olmadıqda qeyd etdiyim amillər gözə çarpmır, hiss olunmur. Amma hər hansı devalvasiya, resesiya, maliyyə və ya iqtisadi böhran baş verdikdə əməliyyatları yalnız ölkə daxili ilə məhdudlaşıb həcminə görə ÜDM-nin 10%-dən böyük olan bankları iqtisadiyyatın absorb etməməsi və ya həmin bankın böhrana tab gətirə bilməməsi riski daha yüksək olur. Çünki, bu kimi banklar əslində öz vəsaitlərindən daha səmərəli şəkildə istifadə edə bilmir və bilməyəcək. Bu vəziyyət bankı digər riskli addımlar atmağa sövq edir ki, bu da həm özünün, həm də iqtisadiyyatda balansın pozulması ilə nəticələnə bilər. Bu halda həmin bankı xilas etmək imkanı yalnız dövlətə məxsus olacaqdır. Yəni başqa banklar belə bir bankı xilas etmək imkanına malik olmayacaq. Bu çox təhlükəlidir. Mən hesab etmirəm ki, bu gün Azərbaycan bank sektorunda bu məsələlər düşünülməyib. Məsələn, təhlükəli siqnallardan bir neçəsini qeyd etmək olar. Bank sürətlə böyüyür, lakin iqtisadiyyatda tələb həmin bankın böyümə sürəti və həcminə uyğun gəlmir. Bank isə öz gəlirliyini təmin etmək üçün öz həcminə uyğun deyil, kiçik əməliyyatlara yönəlir. İri müştərilərlə iş, beynəlxalq əməliyyatlar və sair deyil, istehlak kreditləri, kiçik və orta sahibkarlarla işləri qurmağa çalışır. Lakin səmərəli olmur. İlk baxışda bu diversifikasiyaya səy etmək kimi görünsə də, belə deyil. Baş vurduğu sahələrdə konsentrasiya riskləri formalaşır. Məsələn, Almaniyada yüzdən çox bank var. Kiçik və orta sahibkar heç vaxt gedib “Deutsche Bank”da, ya da “CommerzBank”da hesab açmayacaq. Həmin sahibkarlara kiçik banklarla işləmək daha rahatdır. Həmin böyük banklar da kiçik əmanətləri və kredit tələbi olan müştərilərlə işləməkdə maraqlı deyil. Onların öz fəaliyyəti, əhatə dairəsi, əməliyyatlarının həcmi var. Bu üzərində düşünüləcək qədər vacib məsələdir. Hesab edirəm ki, gələcəkdə dövlət, maliyyə sektoru, bank sahəsi üçün də hər hansı bir risk formalaşmamasından ötrü inhisarlaşmaya doğru addımlar atılmayacaq. Ola bilsin ki, vəziyyəti nəzarət altına almaq üçün digər kiçik və orta banklar tərəfindən qorunan depozit məbləğindən daha çox depozit cəlbi ola bilər. Bu halda dövlət narahat olacaq ki, sabah həmin bank müflis olduğu təqdirdə qorunmayan əmanətlərin ödənilməməsi səbəbindən narazılıqlar arta, ciddi iqtisadi itkilər meydana gələ bilər.

“Günay Bank” məsələsinə qayıtsaq, bu bank sözün həqiqi mənasında bazara, iri bankların əməliyyatlarına təsir edən bir bank deyildi. İri bankları həmin bankın nə depozit, nə müştəri portfelində gözü yox idi. Həmin iri bankların hal-hazırda yüksək depozit portfelləri var. Əksinə, banklarda bu dəqiqə izafi likvidlik əlavə baş ağrısıdır. Yəni həmin banklar vəsaitləri yerləşdirməyi daha çox düşünürlər, nəinki vəsait cəlb etmək. Bu anlamda düşünürəm ki, daha çox rəqəmlər üzərindən təhlil etmək lazımdır.

- Bəs dünya trendində banklar arasında bu məsələlər necə tənzimlənir? İnhisarlaşmanın qarşısını almaq üçün hansı tədbirlər həyata keçirilə bilər?

Bildiyiniz kimi, yaxın tarixlərdə Amerika Birləşmiş Ştatlarında bank sektorunda üç bank müflis oldu. ABŞ-ın aktivlərin həcmi baxımından ən böyük bankı olan "JPMorgan Chase" “First Republic Bank”ı satın aldı. Dünyada bu kimi proseslər hal-hazırda davam edir və edəcək. 2007-2009-cu illər böhranında da eyni tendensiyaların şahidi olduq. Buna görə də, Azərbaycanın bu məsələdə analoqu olmayan ölkə olduğunu düşünməli deyillər. Bu məsələ bütün dünyada var. Nisbətən kiçik ölkələrdə bank sahəsində baş verən bu hadisələr haqqında eşitməsək də, bu onların baş vermədiyi anlamına gəlməməlidir. Amerika böyük dövlət olduğu üçün demək olar ki, bütün dünyanın bu barədə məlumatı olur. Ümumiyyətlə, bankların sayının da azalması ciddi bir inhisarlaşma vəziyyəti yaratdığı üçün onun da qarşısını almaqdan ötrübir neçə addımlar atıla bilər. Bunlar yeni bankların yaradılması, müxtəlif ixtisaslaşmış məsələn, kənd təsərrüfatı, sənaye sahələrinə daha çox fokuslanan bankların bazara daxil olması və yaxud da böyük bankların özlərinin iki yerə bölünməsi ola bilər. Məsələn, iki yerə ayrılan bankda investisiya və kommersiya fəaliyyətlərini ayrırlar. Bu zaman bankın bir hissəsi, məsələn, investisiya fəaliyyətləri ilə məşğul olur. Digər hissəsi kommersiya bankçılığı ilə. Bu kimi variantlar çoxdur. Hər bir halda bu inhisarlaşmanı azaldır. Bir bankın idarəsi başqa bir bankdadırsa, o yenə də bir bank kimi sayılır. Sadəcə olaraq, iqtisadiyyatın bu bankı absorb edə bilməmək məsələsi var. Bu halda isə banklar iqtisadiyyatın təsirlərinə məruz qalmamaqdan ötrü fəaliyyətlərini ölkə xaricinə genişləndirərək diversifikasiya edirlər. Qısası, müxtəlif variantlardan istifadə edilə bilər.

Gülbəniz Hüseynli / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi" mövzusu üzrə dərc olunub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı