“Unudulmaqda olan uşaq oyunları” festivalı keçirildi - FOTO

İyunun 1-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Xəzər Rayon İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş “Unudulmaqda olan uşaq oyunları” festivalı keçirilib.

Tədbirə şəhid ailələrinin, Vətən müharibəsi qazilərinin övladları və digər həssas kateqoriyadan olan uşaqlar da daxil olmaqla, umumilikdə 500-ə yaxın iştirakçı qatılıb. Festivala gələn uşaqlar Azərbaycan xalqının folklor nümunəsi kimi illərin sınağından keçərək yaşadılan, xalqımızın milli yaddaşını özündə əks etdirən “Bənövşə”, “Dəsmal aldı, qaç”, “Ənzəli”, “Çiləmə”, “Əl üstə kimin əli”, “Xan-vəzir” kimi oyunların mənşəyi və məzmunu barədə daha ətraflı məlumat alıb, həmçinin həmin oyunlarda iştirak ediblər.

Tədbirdə fərdi qaydada oynanan 5 oyun üzrə yarış da təşkil edilib. “Beş daş”, “Dəyirman”, “Usta-şagird”, “Çilingağac” və “Fincan-fincan” oyunları üzrə keçirilən yarışlarda uğur qazanan ilk 3 yerin qalibləri mükafatlandırılıb.

Dəqiq yaranma tarixi məlum olmayan bu oyunlar xalqımızın müxtəlif dövrlərdə mövcud olan adət-ənənələrini, etnoqrafiyasını, məişətinin fərqli cəhətlərini, əyləncə dünyasını özündə yaşadan qədim folklor janrlardandır.

Tədbir boyu davam edən əyləncəli proqram uşaqlara bayram əhval-ruhiyyəsi bəxş edərək, onların gününə əlavə rəng qatıb.

Festivalın təşkilinə RİİB və "Qoru" gənclər təşəbbüs qrupunun könüllüləri yaxından dəstək veriblər.

Qeyd edək ki, festival unudulmaqda olan uşaq oyunlarının təşviqi, yaşadılması və gələcək nəsillərə ötürülməsi, eyni zamanda uşaqlara iradə, mübarizə əzmi, özünə inam və bu kimi şəxsi keyfiyyətlərin, humanist dəyərlərin təlqin edilməsi məqsədilə keçirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı