Putinin Afrika səfəri: Kreml sahibinin həyatı üçün təhlükə var?

Böyük Britaniyanın “Telegraph” qəzetində yayımlanan məqaləyə görə, BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respbulikası) liderlər toplantısının görüş yeri dəyişə bilər. Təşkilatın liderlər toplantısı avqust ayında Cənubi Afrika Respublikasında (CAR) keçirilməlidir. Ancaq CAR-ın bir qrup naziri prezident Siril Ramafosa liderlər toplantısını Çində keçirməyə təklif etməyi məsləhət biliblər.

Bəs bunun səbəbi nədir?

Metbuat.az xəbər verir ki, bu barədə açıqlama verən politoloq Elxan Şahinoğlu xatırladıb ki, Beynəlxalq Cinayət Məhkəməsi Ukrayna müharibəsinə görə Rusiya prezidenti Vladimir Putinə qarşı cinayət işi açıb. Politoloq izah etdi ki, hər hansı ölkə Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını qəbul edirsə, Putini həbs etməlidir.

"Kreml ittihamları rədd edib. Buna baxmayaraq, Vladimir Putinin BRİKS məqsədilə CAR-a səfərinin rəsqiləri var. CAR çətin seçim qarşısında qalmaq istəmir. Cənubi Afrika Respublikasının 3 istiqamətlə - Rusiya, Çin və Qərblə tərəfdaşlıq münasibətləri var və bu münasibətləri hər hansı birinin xeyrinə dəyişdirmək istəmir. Moskva və Pekin son illərdə iki təşkilat yaradıblar. Bunun biri Şanxay Əməkdaşlıq Təşkilatıdır, digəri BRİKS-dir. Moskva və Pekin hər iki təşkilatın gücünü artıraraq ABŞ-ın dünyadakı hegemonluğuna son qoymaq istəyirlər".

Həm Şanxay Əməkdaşlıq Təşkilatında, həm də BRİKS-də Qərblə ipləri qoparmaq istəməyən dövlətlərin olduğunu bildirən ekspert deyir ki, buna mane olan səbəblər var.

"Misal üçün Hindistan həm Şanxay Əməkdaşlıq Təşkilatının, həm də BRİKS-in üzvüdür. Buna baxmayaraq, Dehli ABŞ və Avropa İttifaqı ilə də sıx tərəfdaşlığını davam etdirir. Dehli son illərdə Rusiyadan çox Qərb ölkələrindən hərbi texnika almağa başlayıb. Digər tərəfdən Hindistan iki təşkilatla Çinlə birgə iştirak etsə də, iki ölkə arasında gərginlik azalmayıb. Bu isə Şanxay Əməkdaşlıq Təşkilatının və BRİKS-in monotonluğüna kölgə salır. Çin son illərdə Afrika ölkələrinə, o cümlədən CAR-a yatırımlarını artırıb. Hazırda Çin CAR-ın əsas ticarət tərəfdaşıdır. Çin lideri Tis Cinpin bir müddət əvvəl CAR-a rəsmi səfər edib. Ancaq CAR da Hindistan kimi Amerika Birləşmiş Ştatları ilə təhlükəsizlik sahəsində əməkdaşlığını zəiflətmək istəmir".

Vladimir Putinin Ukrayna müharibəsi fonunda xarici ölkələrə səfərlərinin sayını azaldığını qeyd edən politoloq hesab edir ki, Kiyev rəhbəri BRİKS-in toplantısında iştirak etmək məcburiyyətindədir.

"Çünki digər liderlər toplantıya qatılsalar, Putin olmasa da, bu Kreml sahibinin həyatı üçün qorxduğu anlamına gələcək. Əlbəttə, Putin CAR əvəzinə Çinə getmək istəyərdi. Putini Pekində heç bir təhlükə gözləmir. CAR-da isə Qərbə meylli siyasi cərəyanlar çoxdur və həmin qüvvələr ölkələrinin Rusiya və Çinlə ittifaqlarını sərt tənqid edirlər. Həmin qüvvələr CAR-da korrupsiyanın geniş miqyas almasını ölkələrinin Rusiya və Çinlə sıx əməkdaşlığı ilə də əlaqələndirirlər".

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı