Toy və yas sahibləri yığılan puldan vergi verməlidir - Qəribə təklif

"Azərbaycanda vergi mədəniyyəti ilə bağlı ictimai düşüncədə olan kompleksləri yox etmək lazımdır və insanlar qəbul etməlidirlər ki, bir dövlətin yaşaması üçün rüşvəti aradan qaldırmaq, korrupsiyanı məhv etməklə yanaşı, mütləq vergi mədəniyyəti bütövlükdə cəmiyyətdə oturuşmalıdır. Dövlət indi neft kapitalında sosial məsələlərin həllinə çalışır, amma bu da uzunmüddətli ola bilməz, sabah neft bitə bilər. Bəs biz büdcəmizi nə ilə doldurmalıyıq?"
Metbuat.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kitabxana.net - Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təsisçisi, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.
Kulturoloq toy və yas məclislərindən əldə edilən gəlirin vergiyə cəlb olunmasını təklif edib:
"Ona görə də hər bir insan işləyən zaman, mükafat alan zaman onun ailə büdcəsinə pul gələn zaman dövlətə mütləq vergi verməlidir və bu onun müqəddəs borcudur. Vergilər verilməsə, dövlət orqanları çalışa bilməz, pensiyalar verilə bilməz, məktəblər işləyə bilməz, dövlətlərin sosial problemləri həll oluna bilməz. Bu baxımdan Azərbaycanda toylar və yaslarla bağlı vergi mədəniyyəti olmalıdır. Bir çox insan deyir ki, toylar üçün xərclər çəkilir, bu toy sahibindən çıxır, amma çox maraqlı və qəribədir ki, toy və yas sahibləri bu məslislər hesabına öz büdcəsini doldurur, yəni ailəyə əlavə gəlir daxil olur, amma həmin məbləğ vergiyə cəlb edilmir. Bir toydan 50-100 min yığıla bilər və bunun yarısı xərclərə gedir, o xərcləri kənara qoyuram, lakin real gəlir var və o gəlirin müəyyən faizi dövlətin büdcəsinə getməlidir. Yoxsa hər kəs uşaq pulu istəyir, pensiyaların artmasını tələb edir, məvaciblərinin artırılmasını istəyir, bəs dövlət bu pulu haradansa götürməlidir ki, artım da olsun.
Qəribədir, biz 10 manat lotereyadan pul udanda həmin puldan vergi tutulur, baklara pul qoyduqda faiz götürürüksə, həmin faizdən də vergi tutulur. Amma toyda, yasda, ad günü şənliklərində qazanılan həmin pullardan, nəmərlərdən, yığılan vəsaitlərdən heç bir vergi tutulmur. Yüz minlərlə qazanılan puldan insanlar vergi vermək istəmir. Bu nə dərəcədə düzgündür?"
Aydın Xan Əbilov təklif edib ki, toylardan tutulan vergi hesabına kasıb təbəqəyə kömək etmək də mümkündür və bu ədalət prinsipi ilə tənzimlənməlidir:
"Burada bir məsələ var, düşünürəm ki, yuxarı və orta təbəqə vergi verməlidir, amma aşağı təbəqə üçün əksinə, dövlət konpensasiya ödəməlidir. Çünki kasıb toy etdiyi zaman bəzən restoranlara verməyə pulu olmur, bu da həm yeni yaranan ailənin özü üçün problem olur, həm də toy edən valideynlər üçün. Hətta əvvəllər şadlıq evləri yeni evlənən cütlükləri girov götürürdülər ki, gedin borcu gətirin, sonra bəylə gəlin evə getsin. Bu da çox böyük konfliktlər yaradırdı. Əgər belə hallar yaşanarsa. Yığılan vergi hesabına dövlət həmin insanlara yardım etməlidir. Biz ədalət prinsipini qorumaq şərti ilə bu məsələyə xüsusi önəm verməliyik".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı