“Trendyol”dan Azərbaycana birbaşa sifarişlər niyə gecikir? - AÇIQLAMA

Türkiyənin məşhur alış-veriş saytı olan “Trendyol”dan Azərbaycana birbaşa çatdırılmalarda gecikmələr yaranıb. Bu barədə sosial şəbəkələrdə istifadəçilər narazılıqlarını bildiriblər.

Metbuat.az yaranmış vəziyyət ilə bağlı “Starex” karqo şirkəti ilə əlaqə saxlayıb. Şirkətin Biznesin İnkişafı Departamentinin rəhbəri Pərviz Əzimov Metbuat.az-a açıqlamasında dedi ki, qeyd edilən problemdən xəbərdardılar:

“Biz bir neçə gün öncə sosial media hesablarımızdan da bununla bağlı paylaşım etmişdik. Müştərilərimizin problemlərini də bilirik və həlli üzərində işləyirik. Sifarişlərin həcmi artıb, müştərilərə daha yaxşı xidmət göstərə bilmək üçün Türkiyədə yerləşən anbarımızı dəyişərək, daha böyük anbara keçdik. Gecikmələrə səbəb keçid prosesində yaranan ləngimələrdir”.

Pərviz Əzimov yaranmış çətinliklərə görə müştərilərdən üzrxahlıq etdiklərini qeyd edərək bildirdi ki, artıq problemlər tam həllini tapıb və bundan sonra gecikmələr müşahidə olunmayacaq.

Məlumat üçün bildirək ki, “Starex” şirkəti hazırda birbaşa “Trendyol”la deyil, onların logistika üzrə Türkiyədəki böyük şirkətlərdən olan “Araz Karqo” ilə partnyorluq edir. Şirkət “Trendyol”un Azərbaycana göndərdikləri məhsulları həm birbaşa ünvanlara, həm filiallar üzərindən, həm də Azərpoçt vasitəsilə çatdırmalarını həyata keçirir.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı