"Niyə meyxanaçılara, narkomanlara, lotulara maraq göstərirlər?" - Aydın Xan

"Son illər Azərbaycan cəmiyyətində yeniliyə qarşı aqressiya məni bir kulturoloq olaraq düşündürür. Hansısa verilişdən, tədbirdən, layihədən sizin xoşunuz gəlməyə bilər. Amma ona tolerant münasibət bəsləməyiniz mütləqdir. Ağzımızı açıb bir söz deyə bilmirik, bir fikir bildirə bilmirik, təklif verə bilmirik. O dəqiqə fermerindən, kəndçisindən, narkomanından tutmuş, evdə arvadına güc gələ bilməyən şəxslər tərəfindən sosial şəbəkələrdə təhqirə məruz qalırıq".

Bu sözləri "Metbuat.az"-a açıqlamasında "Yeni Yazarlar və Sənətçilər" İB-nin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib. Meyxanaçıların teleməkanda aparıcılıq etməsi mövzusuna toxunan kulturoloq bildirib ki, bu cür faktlar başqa ölkələrdə də mövcuddur:

"Düzdür, meyxanaçıların bir çoxunun səviyyəsindən narazıyıq, meyxananın səviyyəsi get-gedə aşağı düşür. Amma meyxanada həm də yeniliklər var. Meyxanaçılar böyük kütləyə təsir edə biləcək imkanlara malikdilər. Ölkədə yüzlərlə cinayət olur, amma Rəşad Dağlının törətdiyi cinayətə insanların marağı var. Onun üçün məhkəmənin önünə siyasi mitinqlərdən daha çox insan toplaşmışdı. Biz fikirləşməliyik ki, cəmiyyət nə üçün meyxanaçılara, narkomanlara, lotulara maraq göstərirlər, ideal kimi görürlər.

Qaldı ki, bu proqrama, bir verilişlə fikir söyləmək çətindir. Bir mövsüm davam getsin, sonra əgər tamaşaçı marağı olmasa, bağlanacaq. Dünyanın hər yerində geylərdən tutmuş, az qala oğrulara qədər, robotların və s. apardığı verilişlər var. Heç bir cəmiyyətdə də bu qədər aqressiya yoxdur. Bizdə isə intellektual cildinə girmiş, tolerant olmayan savadsız insanlar o dəqiqə hücuma keçirlər. Onu fikirləşməliyik ki, niyə meyxanaçılara yox, intellektuallara, yazıçılarımıza bu şərait yaradılmır? İnsanlar da görsünlər ki, meyxanaçılar onlara nə deyir, intellektuallar nə deyir".

Qeyd edək ki, meyxanaçılar Mehman Əhmədli, Vüqar Əbilov, Rüfət Nasosnu və Oqtay Kamilin aparıcılığı ilə efirə çıxan "Meyxəbər" adlı yeni proqram tənqidlə qarşılanıb.

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı