Xalq artisti Ənvər Həsənov 74 yaşında vəfat edib.
Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü Vasif Ayan feysbuk hesabında məlumat yayıb.
Qeyd edək ki, Xalq artisti Ənvər Həsənov yanvarın 10-da saat 10:15-də halının pisləşməsi səbəbilə Xəzər Tibb Mərkəzinin Terapiya şöbəsinə hospitalizasiya olunub. Ona dəqiqləşdirilməmiş anemiya diaqnozu təyin edilib və ilkin zəruri tibbi xidmət göstərilib. Yanvarın 17-də vəziyyətinin ağırlaşması səbəbilə pasiyent Reanimasiya şöbəsinə köçürülüb. Aparılan diaqnostik müayinələr nəticəsində ona kəskin işemik insult diaqnozu təyin olunub. Yanvarın 18-də vəziyyəti stabilləşən Xalq artisti tibb müəssisəsinin Nevrologiya şöbəsinə köçürülüb. Fevralın 3-ü isə Xəzər Tibb Mərkəzindən Reabilitasiya Mərkəzindən evə buraxılıb.
Xatırladaq ki, Ənvər Həsənov gənc yaşlarından kinolara çəkilməyə başlayıb. Xüsusilə o, "Yeddi oğul istərəm" filmində Cəlal, "Dərviş Parisi partladır" filmində Şahbaz, "Babək" filmində Tərxan, "Atları yəhərləyin" filmində Sirac, "Uşaqlığın son gecəsi" filmində Murad və başqa maraqlı obrazlar yaradıb.
Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar artisti,] 1 avqust 2018-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb. 6 may 2023-cü ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.