Moskva, 3 iyun, AZƏRTAC
İyunun 3-də Rusiya yığma komandalarının “Ozero kruqloye” məşq mərkəzinin konfrans salonunda Rusiya komandasının Bakıya birinci Avropa Oyunlarına təntənəli yola salınması mərasimi keçiriləcək.
Rusiya Təşkilat Komitəsinin informasiya xidməti xəbər verir ki, mərasimdə sərbəst güləş (qadınlar), idman gimnastikası, üzgüçülük, sinxron üzgüçülük və suya tullanma komandalarını təmsil edən 61 idmançı və 35 məşqçi iştirak edəcək.
Rusiyanın idman naziri Vitali Mutko, Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov, Rusiya idman nazirinin müavini, Olimpiya Oyunlarına hazırlıq qərargahının rəhbəri Yuri Naqornıx komandaya xeyir-dua verəcəklər.
Təntənəli mərasim başa çatandan sonra fotosessiya və jurnalistlərlə ünsiyyət təşkil ediləcək.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva