Fikrət Yusifov: "Keyfiyyətli iş adekvat zəhmət haqqı müqabilində mümkündür"

15:12 19 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 19 Yanvar 2015 15:06 ]


Bakı. APA-Economics. "Azərbaycan Prezidenti İlham Əliyev  Nazirlər Kabinetinin iclasında 2015-ci ilin dünya iqtisadiyyatı üçün ağır il olacağını dedi. Azərbaycanın müəyyən itkilərə məruz qalacağını vurğulayan Prezident hər hansı çətinliklərə baxmayaraq, ölkə üçün önəmli olan strateji layihələrin maliyyələşdirilməsinin dayandırılmayacağını xüsusi vurğuladı. Artıq yeni ilin başlanğıcında bunun belə olduğu Prezidentin müəllimlərin əmək haqlarının artırılması ilə bağlı qəbul etdiyi qərarında öz əksini tapdı".

 

APA-Economics”in məlumatına görə, bunu “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru Fikrət Yusifov deyib.

Onun sözlərinə görə, keçən ilin ortalarından dünyada başlayan və getdikcə daha da dərinləşən iqtisadi böhran ilk növbədə iqtisadiyyatı neftlə bağlı olan ölkələr üçün böyük itkilərə gətirib çıxarsa da, dövlətimizin inkişaf istiqamətinə təsir etməyib: "Prezident İlham Əliyev imzaladığı "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında" sərəncamı ilə dünya bazarlarında neftin qiymətlərinin iki dəfədən çox aşağı düşməsini Azərbaycan üçün az qala faciəyə çevirənlərin iddialarını heçə endirdi. Çox diqqətə layiq haldır ki, bu gün Azərbaycanda bütün səviyyələrdə aparılan islahatların içərisində strateji əhəmiyyəti baxımından təhsil ön yerlərdən birində dayanır. Bunun həqiqətən də belə olduğunu prezident hər kəsə anlatdı. Çətin olacaq maliyyə ilinin başlanğıcında 30 min müəllimin əmək haqqı iki dəfə artırıldı. Təbii ki, bu, ölkədə təhsilin keyfiyyətinin yaxşılaşdırılması, onun müasir tələblərə cavab verə biləcək bir səviyyəyə yüksəldilməsi yolunda atılan çox önəmli bir addımdır. Keyfiyyətli iş adekvat zəhmət haqqı müqabilində mümkündür".

 

BİAB sədri qeyd edib ki, bəzi təhlilçilər Azərbaycanda müəllimlərin əmək haqlarını iqtisadi cəhətdən daha çox inkişaf etmiş və maliyyə imkanları bizdəkindən yüksək olan ölkələrin müəllimlərinin əmək haqları ilə müqayisə etməyə cəhd göstərirlər. Onun fikrincə, belə yanaşma düzgün deyil: "Müqayisələr ən azı Azərbaycan kimi gənc dövlətlərlə aparılsa, daha məntiqli olar. Digər tərəfdən, təhsilə ayrılan vəsaitlərin həcminə nəzərən qiymət vermək reallıqdan uzaq yanaşmadır. Ümumi daxili məhsula nisbətdə təhsil xərclərinin səviyyəsini ölkələr üzrə müqayisə etmək kifayətdir. Kubada təhsilə ayrılan vəsaitin həcmi ABŞ-da təhsilə ayrılan vəsaitin həcmindən 2,4 dəfə çoxdur. Ancaq bu heç də Kubada təhsilin səviyyəsinin ABŞ-dakı təhsilin səviyyəsindən 2,4 dəfə yüksək olması anlamına gəlmir. Təhsildə aparılan islahatlar onun keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə adekvat olmalıdır. Azərbaycandakı təhsil islahatlarında məhz bu meyar əsas götürülür. Şübhə yoxdur ki, dövlət  "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na uyğun olaraq bu istiqamətdə işləri davam etdirəcək".

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR