Muğanlı-İsmayıllı yolunda yaranmış məhdudiyyət aradan qaldırılıb

Muğanlı-İsmayıllı istiqamətində xidməti yolda yaranmış məhdudiyyət aradan qaldırılıb.

Metbuat.az xəbər verir ki, AAYDA-nin mətbuat katibi bu barədə məlumat verib. O bildirib ki,Ötən gün axşam saatlarında Muğanlı-İsmayıllı avtomobil yolunun 2-ci km-də aparılan tikinti işləri ilə əlaqədar salınmış müvəqqəti xidməti yolda sürüşmə qeydə alınıb.

Dərhal sürüşmə qeydə alınan hissənin bərpası üçün əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub.

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə Muğanlıdan İsmayıllı və əks istiqamətdə bir-neçə saatlıq avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb, sürücülər alternativ olaraq Bakı-Şamaxı-Yevlax avtomobil yoluna (Ağsu aşırımı) yönəldilib.

Gecəboyu aparılan işlər nəticəsində sözügedən ərazidə səhər saatlarında avtonəqliyyat vasitələrinin hərəkəti qismən bərpa olunub. Hazırda ərazidə sürüşmənin fəsadlarının tam aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Qeyd edək ki, sürüşmə əsas yolda deyil, müvəqqəti salınmış xidməti yolda baş verib. Əsas yol hesab olunan Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsinin yenidən qurulması hazırda davam edir.

Bir daha yaranan müvəqqəti narahatlığa görə üzr istəyirik.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı