Son zamanlarda ailədaxili münaqişələrin artmasına səbəb nədir? - TƏHLİL

Son dövrlərdə ailədaxili cinayət və münaqişələrin, həmçinin boşanma hallarının artdığını müşahidə edirik. Rəsmi statistikalar da bunu göstərir.

Metbuat.az ailələrdə baş verən münaqişələrlə bağlı mütəxəssislərlə danışıb. Saytımıza danışan sosioloq Aynur Hacıyeva qeyd edir ki, hazırda ölkədə ailədaxili cinayətlərin sayının artması ön plandadır. Xüsusilə, ailə daxili münasibətlərdə qadın qətlləri artır:

"Bu ölüm halları azyaşlı uşaqlardan da yan keçmir. Əvvəllər qadınların zorakılığa məruz qalmasına səbəb kimi onların təhsilsiz olmaları, öz hüquqlarını bilməmələri göstərilirdi. Lakin son zamanlar təhsilli və iş sahibi qadınların da ailədaxili cinayətlərə məruz qaldıqlarını müşahidə edirik. Buna bir neçə səbəb göstərə bilərik.

Hazırda əsas səbəblərdən biri, kişi və qadın arasında olan qısqanclıqdır. Hansı ki, zamanında aşkar edilməyən, göz ardına vurulan, müdaxilə edilməyən, tibbi dəstək göstərilməyən psixoloji problemlərdir ki, adını qısqanclıq və s. qoymuşuq. Burada bir az da məsuliyyət ailələrin üzərinə düşür. Ailə təzyiqi və ya ailələrin övladlarının hər hansı psixoloji problemlərini qebul etmək istəməmələri, norma kimi qəbul etmələri gələcək ailə həyatlarında bir cox ciddi problemlərin yaşanmasına gətirib çıxarır".


Məsələ ilə bağlı danışan psixoloq Gülnar Orucovanın sözlərinə görə, çox zaman evliliklər məntiq üzərində qurulur, müəyyən zaman keçdikdən sonra isə qərarın yanlış olduğunu anlayırlar. Nəticədə fikir ayrılıqları başlayır:

"Ailə elə yaşda qurulmalıdır ki, insan psixoloji, maddi, fiziki olaraq bu yükü qaldıra bilsin. Çox zaman deyirlər ki, filan ailə sevgi üstündə qurulub. Xüsusilə, məşhurlar, onların övladlarında bunu müşahidə edirik, çünki onların həyatı insanların gözü qarşısında baş verir. 6-8 ay sonra görürük ki, bu evlilik sonlanır. Bəzən deyirik ki, bu sevgi idi? Bu, sevgi deyil, eşqdir. Ailəni eşqin üzərində qururlar. Məlum məsələdir ki, sonradan əvvəlki həyəcan qalmır. Qüsurları görməyə başlayırlar, əgər sevirsənsə, onları qəbul edirsən. Qüsurlar qəbul edilmirsə, ayrılırlar.

İndi isə çoxu məntiqi evlilik edir. Bəzən özlərindən həddən artıq böyük, 50-60 yaşlı kişilərlə mal-mülkə görə evlənirlər. Bu formada evlilik olur və sevgi olmur. Ehtiras sönəndən sonra problemlər ortaya çıxır. Məntiq evliliklərində də xəyanətlər ortaya çıxır. Baxırıq ki, bu yolla ailə quranlar sonra sevgi axtarır, intim tələbatını ödəmək istəyir. Artıq fikir ayrılıqları yaranır, xəyanət ortaya çıxır və bu da cinayətlə nəticələnə bilir".

Psixoloq Gülnar Orucova: “Qadınlar xəyanəti düşünüb edirlər”

Gülnar Orucova qeyd edir ki, cəmiyyət boşanma qərarını qəbullanmır. Bu isə ailələrdə hazırda gördüyümüz faciələrə səbəb olur:

Ötən dəfə 63 yaşlı bir xanım ayrılmaq qərarı verib. Baxırıq ki, hər kəs onları barışdırmaq istəyir. Xanım deyir ki, mən həmin şəxslə yaşamaq istəmirəm. Amma ətrafdakılar ona "indiyə qədər niyə yaşadın?", "nə qalıb ki?" kimi suallar verirlər. Bir insan bu yaşda ayrılıq qərarı veribsə, onun səbri bura qədər olub deməkdir. Boşanmaq bir mədəniyyətdir.

Elə insanlar da var ki, boşanmamaq üçün intihar edir. İntihar, yoxsa boşanmaq? Hansı yaxşıdır? Bəziləri, çox acizdir, heç boşanmaq qərarı ala bilmirlər. Bu qərar özü məsuliyyətdir. Əgər övlad varsa, artıq ikiqat məsuliyyət yaranır. Amma cəmiyyət olaraq boşanan insan qınanılır. Lakin onlar evli qaldıqca aqressiya artır və sonu faciə olur. Bir insan boşanmaq qərarı alıbsa, bu artıq bitirmək deməkdir".

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı