“Qəribədir e, bo” dedim, səhv başa düşdü" - İşdən çıxarılan muzey işçisi DANIŞDI

Məlum olduğu kimi, bir neçə gündür Elif adlı Türkiyə vətəndaşının Naxçıvanda Bayraq muzeyində təhqir olunması ilə bağlı iddialar yayılıb.

Metbuat.az xəbər verir ki, bu barədə türkiyəli turist sosial şəbəkədə video paylaşıb. Lakin görüntüdə səs yazısının üstü bağlandığı üçün onun doğrudan da təhqir olunub-olunmadığı aydın olmur. Məsələyə Naxçıvanın Mədəniyyət Nazirliyi reaksiya verib və muzeyin türkiyəli turisti təhqir etdiyi iddia olunan əməkdaşı Asudə Məhərrəmli işdən çıxarılıb. Muzeyin direktoru Rəmzi Hüseynova isə töhmət verilib.

İşdən çıxarılan A. Məhərrəmli "bakupost.az"a açıqlamasında hadisəni təfərrüatlarını danışıb və muzeyə azərbaycanlı bəylə birlikdə gələn əcnəbi qonağı təhqir etmədiyini açıqlayıb:

“Bir az gəzib, sağollaşıb getdilər. 5 dəqiqə keçməmişdi ki, qız geri qayıtdı. Dedi ki, sizdən müdirə şikayət etdim. Səbəbini soruşanda bildirdi ki, “siz bizi qarşılamadınız, informasiya vermədiniz”. Mən də dedim ki, nəsə soruşsaydınız, biz cavablandırardıq. Həmçinin, mən bələdçi deyiləm. İnformasiya vermək mənim vəzifəm deyil.

Mən heç kimi təhqir etməmişəm, heç bir vulqar söz işlətməmişəm. Sadəcə, o, məndən şikayət etdiyini deyəndə “qəribədir e, bo” deyə reaksiya verdim. Görünür, o, bunu başqa cür başa düşdü, təhqir hesab etdi. Mən də dedim ki, düz başa düşməmisiz, dilmizi öyrənin, sonra gəlin. O da “bir daha söylə, bir daha söylə” dedi. Mən özümə arxayın olmasaydım, “dediyimi təkrarla” deməzdim”.

A.Məhərrəmli əlavə edib ki, türkiyəli turist təhqirə keçib: “Siz rüşvətlə işə düzəlmisiniz. Sizin dövlətiniz rüşvət alan dövlətdir” dedi. Mən də bildirdim ki, siz bu dediyinizi sübut etməsəz, mən sizi şikayət edəcəm”.

A.Məhərrəmli çəkiliş vaxtı ayaqqabısız olmasına da aydınlıq gətirib. Bildirib ki, ayaqqabısı qopduğundan ona yapışqan vurub və stulu ayaqqabının üzərinə qoyub. Çəkiliş də həmin vaxt olduğundan görüntülərdə ayaqyalın düşüb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı