"Azərbaycan-Çin münasibətləri əla səviyyədədir" - Prezident

"Bir daha təsdiq edə bilərəm ki, Çin-Azərbaycan münasibətləri əla səviyyədədir və bu təhlil, bu ifadə ikitərəfli əlaqələrin geniş gündəliyini, əməkdaşlığın çox aydın perspektivlərini əhatə edir"

Metbuat.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev iyunun 20-də Çinin “China Media Group” media korporasiyasına müsahibəsində deyib.

"Mənim Prezident Si Cinpinlə həm Çində, həm də beynəlxalq tədbirlər çərçivəsində dəfələrlə görüşmək imkanım olub. Ona dərin ehtiramım var. Onun uzaqgörənliyi, zəkası, səmimiliyi və ikitərəfli münasibətlərimiz barəsində geniş məlumatlı olması məndə hər zaman dərin təəssürat yaradıb. Çünki qlobal bir güc olaraq Çinin çox geniş xarici siyasət gündəliyi var və həmin gündəlik təbii olaraq Azərbaycanın gündəliyindən daha genişdir", - Prezident bildirib.

"Buna baxmayaraq, bizim əməkdaşlığımızın mahiyyəti və perspektivləri barədə dərindən məlumatlı olması göstərir ki, cənab Si Cinpin olduqca məsuliyyətli şəxsdir və çox uğurlu xarici siyasət bunun nəticəsidir. Bilirsiniz ki, dünyada Çinin dostlarının sayı ildən-ilə artır və bu, məhz həmin müdrik siyasətin nəticəsidir. Biz onun ölkəsinin inkişafını və yardıma ehtiyacı olanlara dəstək istiqamətindəki fəaliyyətini yalnız alqışlaya bilərik. Hesab edirəm ki, bu, dünyada nadir hallardan biridir. Bu, xüsusilə indi aktual məsələdir. Vaxtında və digər mənbələrdən yardım ala bilməyən ölkələrə kömək edilir. Sizə Azərbaycanla bağlı nümunə deyə bilərəm. COVID-19 başlayanda biz peyvəndlərin olmaması səbəbindən böyük çətinliklərlə üzləşdik və bu məsələdə bizə yardım edən yeganə ölkə Çin oldu. Mən Prezident Si Cinpinə yardım ilə bağlı məktub yazdım, məsələyə dərhal cavab verildi və peyvəndlərin ilk həcmi – bir milyon doza təqdim edildi. Biz vaksinasiyaya yanvar ayının ortalarında, dünyada ilk sıralarda başladıq. Bu isə onun yardım göstərmək siyasətindən qaynaqlanırdı. Biz bunu necə unuda bilərik?!

Bununla yanaşı, deyə bilərəm ki, yəqin sizin də məlumatınız var, bəzi Qərb dövlətləri lazım olduğundan 5 dəfə artıq həcmdə peyvənd tədarük edirdilər və bununla da peyvənd istehsal etməyən, buna çıxışı olmayan ölkələri vaksinasiyadan məhrum etdilər. Onlar peyvənd millətçiliyi nümayiş etdirdilər. Onu da qeyd edim ki, Azərbaycan Qoşulmama Hərəkatının sədri olaraq peyvənd millətçiliyinə qarşı ictimai şəkildə mübarizə aparan ölkələrdən biri idi. Demək istədiyim odur ki, bu nümunə Çinin Azərbaycanla bağlı siyasətini nümayiş etdirir. Əminəm ki, bu siyasət yardıma ehtiyac olan zaman hər bir ölkəyə şamil edilir.

Beləliklə, dediyim kimi, mənim Prezident Si Cinpinlə çoxsaylı görüşlərim olub. İnsan olaraq o, çox mehriban, hörmətcil və səmimi adamdır və şəxsən mən onunla təmasdan çox razıyam", - dövlət başçısı bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı