​“Unibank”ın manat istiqrazlarını alanlar 2,7 milyon manat faiz gəliri qazanıblar

“Unibank” KB ASC tərəfindən 27.01.2022-ci il tarixində emissiya edilən 20 milyon manatlıq manat istiqrazları üzrə əsas məbləğin və sonuncu kupon məbləğinin ödənişi həyata keçirilib. Sonuncu kupon məbləği 450 000 manat təşkil edib. Ümumilikdə 18 ay ərzində kupon ödənişlərinin miqdarı 2 milyon 700 min manat həcmində hesablanıb və müştərilərin hesablarına köçürülüb. İstiqrazların alıcılarına tədavül müddətinin sonunda ümumilikdə 20 milyon 450 min manat ödənilib.

Qeyd edək ki, sayı 20 min ədəd olan istiqrazların hər birinin nominal dəyəri 1000 manat, illik faiz dərəcəsi 9%, faizlərin ödəniş müddəti üç aydan bir, tədavül müddəti isə 18 ay idi. Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçirilən yerləşdirmədə emissiyanın bütün həcmi 9 iştirakçı tərəfindən alınmışdı. Yüksək likvidliyə malik manat istiqrazları hərrac prosesində yüksək maraqla qarşılanmışdı.

Emissiyanın təşkilatçısı və marketmeykeri “Unicapital İnvestisiya Şirkəti” ASC olub.

“Unibank” KB ASC-nin bütün istiqrazları BFB-nin ali listinq dərəcəsi olan premium bazar seqmentinə keçirilib. Premium bazar seqmentində Dövlət qiymətli kağızları, Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatların, o cümlədən, qabaqcıl təşkilati, maliyyə, məlumatların açıqlanması və idarəetmə standartlarının tətbiq edildiyi yüksək əməliyyat və maliyyə göstəriciləri nümayiş etdirən emitentlərin qiymətli kağızları ticarət olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı