Lənkəranda ABŞ-nin Monterey şəhəri ilə qardaşlaşma çərçivəsində “Dostluq Parkı” açılıb - FOTO

Lənkəranda ABŞ-ın Monterey şəhəri ilə qardaşlaşma çərçivəsində salınan “Dostluq Parkı” açılıb.

Metbuat.az xəbər verir ki, Lənkəran rayonunun İstisu qəsəbəsində Lənkəranla ABŞ-ın Monterey şəhəri arasında qardaşlaşmış şəhərlər çərçivəsində salınmış “Dostluq Parkı”nın açılışı olub.

Açılışda Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, Lənkəran-Monterey Dostluq Assosiasiyasının həmsədri Nensi Selfric və Azərbaycanın Los-Anceles şəhərindəki baş konsulu Ramin Qurbanov iştirak ediblər.

Bildirilib ki, 2011-ci ildən qardaşlaşan Lənkəran-Monterey şəhərləri ötən müddət ərzində daim qarşılıqlı əlaqədə olub, münasibətlərin daha da yaxınlaşması üçün mütəmadi ünsiyyət saxlanılıb. Yeni salınan parkda gələcəkdə Monterey günlərinin keçirilməsi təklif olunub.

Ölkəmizin Los-Ancelesdəki baş konsulu Ramin Qurbanov qardaşlaşan Lənkəranla Monterey şəhərlərinin əlaqələrin davamlılığı və inkişafı baxımından nümunə təşkil etdiyini vurğulayıb.

Ramin Qurbanov Vətən müharibəsindən sonra erməni diasporunun Montereydə daha fəallaşdığını ifadə edib və bu baxımdan Lənkəranla Monterey şəhərləri arasındakı münasibətlərin inkişafının daha da genişlənməsinin vacibliyini qeyd edib.

Onun sözlərinə görə, şəhərlər arasındakı qarşılıqlı əlaqələrin hərtərəfli dinamik inkişafı və toplumlar arasındakı yaxınlaşma Azərbaycan diasporunun fəaliyyətinə müsbət təsir göstərir.

Lənkəran-Monterey Dostluq Asossiasiyasının həmsədri Nensi Selfric tədbirdə iştirakdan və Lənkəranda olmaqdan məmnunluğunu dilə gətirib. Dostluq parkının salınmasından danışan həmsədr qeyd edib ki, son bir ildə ərazidə böyük quruculuq işləri həyata keçirilib və yaradılan şəraitdən məmnunluğunu bildirib.

Qeyd edək ki, İstisu qəsəbəsində salınan, 5 ha ərazidə salınan Dostluq Parkı iki hissədən, göl və bağdan ibarətdir. Tikintisinə 2022-ci ildən başlanılan parkın birinci hissəsi yekunlaşıb.

Sonda yeni salınan gölə tədbir iştirakçıları tərəfindən balıq buraxılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR